Məhkəmə qərarları › İş №e-2(5-123)-75/2026

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-123)-75/2026

06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(5-123)-75/2026 06.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14.047.68 manat əsas kredit borcu, 2188.56 manat cərimə borcu olmaqla, cəmi 16.236.24 manat kredit borcunun və 138.71 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, TuranBank ASC ilə X7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MK-503569/24 saylı kredit müqaviləsi üzrə X5 illik faiz dərəcəsi 20% olmaqla, 36 ay müddətinə 19,000 manat məbləğində kredit verilmişdir. TuranBank ASC ilə X7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MK-503569/24 saylı kredit müqaviləsinin təminatı olaraq TuranBank ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli, MK-503569/24 saylı zaminlik müqaviləsi bağlanmışdır. X7 xx.xx.2025-ci ildə vəfat etmişdir. AR Ədliyyə Nazirliyi Göyçay rayon Notariat ofisi tərəfindən daxil olmuş rəsmi məlumata əsasən X4 adına xx.xx.2025-ci ildə vərəsəlik işi açılmışdır. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə İddiaçı ASC-nin nümayəndəsi X6 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişlər ki, İddiaçı ASC ilə X7 arasında xx.xx.2024-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı kimi onlarla zaminlik müqavilələri bağlanmışdır. X7 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra banka kredit borcundan ödənişlər etmişlər. Bundan başqa iddiaçı iddia ərizə ilə məhkəməyə müraciət etdikdən sonra 200 manat kredit borcundan ödəniş etmişlər. Eləcə də tələbin cərimə borcunun tutulmasına dair hissəsini qismən qəbul edirlər, cərimə borcunu yüksək hesab edirlər. İş üzrə tərəfləri, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə X7 arasında illik 20 faiz olmaqla 36 ay müddətinə 19.500 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır Məhkəməyə təqdim edilmiş X1 surətindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-yə 14.047.68 manat əsas kredit borcu, 2188.56 manat cərimə borcu olmaqla, cəmi 16.236.24 manat kredit borcu vardır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünü ki, Kredit müqaviləsi üzrə 200 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı ASC ilə X7 oğlu arasında xx.xx.2024-cü il tarixdə illik 20 faiz olmaqla 36 ay müddətinə 19.500 manat kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi Cavabdeh2 və Cavabdeh1 bankla zaminlik müqaviləsi bağlamış, X7 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. X7 vəfat etdikdən sonra İddiaçı ASC-yə kredit müqaviləsi üzrə borcu qalmışdır. Hazırda iddiaçı kredit müqaviləsi üzrə borcun tutulmasını zaminlik müqaviləsi bağlanmış zaminlərdən tələb etməkdə haqlıdır. Məhkəmə baxışı zamanı cavabdehlər məhkəməyə ödəniş qəbzi təqdim edərək əsas kredit borcundan 200 manat ödəniş etdiklərini bildirmişlər. Qeyd edilən xüsusat iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş məbləğ əsas kredit borcundan çıxılmalıdır. Eləcə də, İddiaçı ASC-nin cavabdehlərdən kredit müqaviləsi üzrə 2188.56 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 188.56 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitdiyindən, iddia kredit müqaviləsinin ləğv edilməsinə dair hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 138.71 manat dövlət rüsumunun 132.11 manatı cavabdehlərdən alınaraq iddiaçı TuranBank» ASC-yə ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada mərhum X3 miras qalmış əmlakı qəbul etdikləri həcmdə 13.847.68 manat əsas kredit borcu, 188.56 manat cərimə borcu olmaqla, cəmi 14036.24 manat kredit borc və 132.11 manat dövlət rüsumu tutularaq İddiaçı ASC -nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada mərhum X3 miras qalmış əmlakı qəbul etdikləri həcmdə 13.847.68 manat əsas kredit borcu, 188.56 manat cərimə borcu olmaqla, cəmi 14036.24 manat kredit borc və 132.11 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar