Məhkəmə qərarları › İş №e-2(5-123)-89/2026

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-123)-89/2026

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(5-123)-89/2026 11.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi : "xxxx" ASC sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 1599,51 manat əsas borc, 298,32 manat cərimə borcu olmaqla, cəmi 1897,83 manat kredit borcunun, habelə 38,97 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə X2 arasında xx.xx.2022-ci il tarixli, 3178-KQ nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcalana 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 3000 manat məbləğində nağd kredit verilmişdir. Notariat orqanının xx.xx.2025-ci il tarixli, 750 nömrəli məktubuna əsasən, mərhum X1 adına V-125/2025 nömrəli vərəsəlik işi açılmış və qanun üzrə vərəsələrinə - Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il tarixli, 2V-244 nömrəli şəhadətnamə verilmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həlli üçün iddiaçı tərəfindən tədbirlər görülsə də, cavabdehlər mərhum X1 mirasını qəbul etmələrinə baxmayaraq, hər birinə çatan miras payı həddində miras qoyanın "xxxx" ASC qarşısındakı öhdəliyini icra etməmişlər. İddia tələbinə dair əsaslandırılmış etirazın, həmin etirazı təsdiq edən sübut və sənədlərin təqdim edilməsi barədə cavabdehlərə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehlər tərəfindən məhkəməyə hər hansı etiraz və ya sübut təqdim edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları Azərbaycan Respublikası MPM-in sübutların qiymətləndirilməsinə dair müddəalarına uyğun olaraq qiymətləndirərək iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 3178-KQ nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, "xxxx" ASC ilə X2 arasında 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhumun mirasını qəbul etmiş vərəsələr – Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 – barəsində xx.xx.2025-ci il tarixli, V-125/2025 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən, mərhumun iddiaçı "xxxx" ASC qarşısında 1599,51 manat əsas borc və 298,32 manat cərimə borcu olmaqla, cəmi 1897,83 manat kredit borcu qalmışdır. Məhkəmə təqdim edilmiş sübutları hərtərəfli, tam və obyektiv qiymətləndirərək belə qənaətə gəlir ki, mərhum X2 ilə iddiaçı arasında kredit müqaviləsi münasibətləri mövcud olmuş və həmin müqavilə üzrə öhdəliklər tam icra edilməmişdir. Mirası qəbul etmiş cavabdehlər miras qoyanın borclarına görə miras əmlakının dəyəri həddində məsuliyyət daşıdıqlarından, borcun ödənilməməsi nəticəsində iddiaçı qarşısında yaranmış öhdəlik onların üzərinə keçmişdir. Cavabdehlər tərəfindən borcun ödənilməsinə dair hər hansı sübut təqdim edilmədiyindən, iddiaçının tələbi iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin müvafiq müddəalarına əsasən kredit müqaviləsi üzrə öhdəliklər mərhum tərəfindən tam icra edilməmişdir. Mirası qəbul etmiş cavabdehlər miras qoyanın borclarına görə miras əmlakının dəyəri həddində məsuliyyət daşıdıqlarından, həmin borcun ödənilməsi onların üzərinə düşür. Bu səbəbdən kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən 298,32 manat məbləğində cərimə (dəbbə pulu) əsas borcun məbləği və pozuntunun xarakteri ilə müqayisədə açıq şəkildə tənasübsüzdür. Mülki qanunvericiliyin dəbbə pulunun azaldılmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə cərimə məbləğinin azaldılmasını zəruri hesab edir və onun 60 manat məbləğində müəyyən edilməsini ədalətli və qanuna uyğun sayır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərkən 38,97 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Bu səbəbdən ödənilmiş dövlət rüsumu və xidmət haqqı təmin edilmiş hissəyə uyğun olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 41-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işlərə baxılarkən iddia ərizəsi bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən miras payları həddində 1599,51 manat əsas borc və 60 manat cərimə olmaqla, cəmi 1659,51 manat kredit borcu, habelə 36.59 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən miras payları həddində 1599,51 manat əsas borc və 60 manat cərimə olmaqla, cəmi 1659,51 manat kredit borcu, habelə 36.59 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Camalzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar