Məhkəmə qərarları › İş №e-2(5-123)-91/2026

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-123)-91/2026

27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(5-123)-91/2026 27.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1635.77 manat kredit borcunun, 36.35 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" ASC tələbi belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cəfərov Kərim Məsim oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cəfərov Kərim Məsim oğluna 39 ay müddətinə illik 22 faiz olmaqla 4100 manat məbləğində kredit verilmişdir. X1 Məsim oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 886 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Cəfərov Kərim Məsim oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Göyçay” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Cəfərov Kərim Məsim oğlunun kredit müqaviləsinə əsasən 1,863.34 manat əsas borcu qalmışdır. Cavabdehlər, mərhum Cəfərov Kərim Məsim oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraqona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cəfərov Kərim Məsim oğlu arasında 39 ay müddətinə illik 24% ödəmək şərti ilə 4100 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfərov Kərim Məsim oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 886 saylı məktubundan görünür ki, mərhum Cəfərov Kərim Məsim oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehlərin 1635.77 manat əsas borcu vardır. Təqdim edilmiş sübutlardan görünür ki, "xxxx" ASC ilə Cəfərov Kərim Məsim oğlu arasında illik 22% olmaqla 39 ay müddətinə 4100 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Cəfərov Kərim Məsim oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisində mərhum Cəfərov Kərim Məsim oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cımaddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbuletmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 36.35 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPMnın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 36.35 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin iddiası təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada miras əmlakı qəbul etdikləri həddə 1635.77 manat borc, 36.35 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq "xxxx" ASC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada miras əmlakı qəbul etdikləri həddə 1635.77 manat borc, 36.35 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar