Məhkəmə qərarları › İş №e-2(5-126)-198/2026

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-126)-198/2026

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(5-126)-198/2026 02.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızı, İddiaçı cavabdeh Musayeva (Xudiyeva) Günay Aydın qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Musayeva (Xudiyeva) Günay Aydın qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc müqavilə üzrə yaranmış “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) İddiaçı (Sunny Electronics) mağazası (bundan sonra - iddiaçı) cavabdeh X1 (bundan sonra - cavabdeh) arasında bağlanmış 25 sentyabr 2015-ci il tarixli 173 saylı alqı-satqı müqaviləsinə əsasən 813,70 manat dəyərində olan, ilkin 0 manat ödəniş etməklə Samsung S4 Zoom mobil telefon almış və qalıq 813,70 manat məbləğində pulun 12 ay müddətinə hissə-hissə ödəməyi üzərinə öhdəlik götürmüşdür. Cavabdeh X1 xx.xx.2020-ci il tarixdə 67,79 manat və xx.xx.2023-ci il tarixdə 67,79 manat ödəniş etmiş və nəticədə xx.xx.2025-ci il tarixə olan borcu 678,08 manat təşkil edir. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq cədvəl üzrə ödənişlərdən yayınmışdır. Bununla bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada, işin məhkəmədən kənar həll olunması üçün cavabdehə rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 (beş) gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq, cavabdeh ödəniş etməmişdir. İddiaçı cavabdeh Musayeva (Xudiyeva) Günay Aydın qızından 25 sentyabr 2015-ci il tarixli, 173 saylı аlqı-satqı müqaviləsi üzrə 678,08 manat məbləğində əsas borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 0,90 manat məbəğində pul, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı olmaqla cəmi 709,38 (yeddi yüz doqquz manat 38 qəpik) manat məbəğində pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş cavabdehə poçt vasitəsilə rəsmi qaydada rəsmi qaydada göndərilmiş lakin cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

Əsaslandırıcı hissə:

İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:

5. İddiaçı ilə cavabdeh arasında bağlanmış 25 sentyabr 2015-ci il tarixli, 173 saylı аlqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” 813.70 manat olan 1 ədəd Samsung S4 Zoom mobil telefonu satmağı, “Alıcı” isə müqavilə üzrə razılaşdırılmış məbləğdə pulu hissə-hissə “Satıcı”ya ödəməyi öhdəsinə götürür.

6. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 25 sentyabr 2015-ci il tarixli müqavilə üzrə 678.08 manat borcu vardır.

7. xx.xx.2025-ci il tarixli İddiaçı cavabdehə ünvanladığı pretenziya məktubundan görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir.

8. xx.xx.2026-cı il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir.

Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Musayeva (Xudiyeva) Günay Aydın qızı İddiaçı 25 sentyabr 2015-ci il müqavilə əsasında ümumi dəyəri 813.70 manat olan əşyanı əldə etmişdir. Cavabdeh müqavilə üzrə qismən ödəniş etmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı həmin əşyanı cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Cavabdehin həmin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 678.08 manat əsas borcu qalmışdır.

Məhkəmənin mövqeyi:

10. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir.

11. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Mülki işin materialları ilə müəyyən edildi ki, cavabdeh müqavilə əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, lakin həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

13. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; Maddə 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

14. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh Musayeva (Xudiyeva) Günay Aydın qızından alqı-satqı müqaviləsinə əsasən 678.08 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.

15. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olaraq 30 manat, həmçinin 0,40 manat xidmət haqqı və bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 0,90 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

Nəticə:

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Musayeva (Xudiyeva) Günay Aydın qızından xx.xx.2015-ci il tarixli müqavilə üzrə 678.08 (altı yüz yetmiş səkkiz manat səkkiz qəpik) manat borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 0,90 (doxsan qəpik) manat, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və 0.40 (qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilməsi üçün tutulan xidmət haqqı, cəmi 709,38 (yeddi yüz doqquz manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nərmin Ağazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar