Məhkəmə qərarları › İş №e-2(5-132)-18/2026

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-132)-18/2026

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(5-132)-18/2026 12.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 793,04 manat əsas, 82,51 manat faiz, 39,96 manat cərimə olmaqla, cəmi 915,51 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 mart 2025-ci il tarixli əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 500000 manat məbləğində 120 ay müddətinə, 18 mart 2035-ci il tarixinədək müddət ərzində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış 18 mart 2025-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 12 ay müddətinə illik 27 % ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda əsas və əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Əsas kredit müqaviləsinin 1.7-ci bəndinə əsasən “zamin” “borcalan”ın bu Müqavilə və onun çərçivəsində bağlanmış bütün əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “borcverən” qarşısında “borcalan” ilə birgə məsuliyyət daşıyır. Lakin cavabdehlər kredit və zaminlik müqavilələri üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin 05 yanvar 2026cı il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 793,04 manat əsas, 82,51 manat faiz və 39,96 manat cərimə olmaqla, cəmi 915,51 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 793,04 manat əsas, 82,51 manat faiz, 39,96 manat cərimə olmaqla, cəmi 915,51 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş 07 yanvar 2026-cı il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 18 mart 2025-ci il tarixli 103micİSML/25-EM nömrəli kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 500000 manat məbləğində illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, 18 mart 2035-ci il tarixədək müddət ərzində, bu müqavilə çəçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi və ona bank hesabı (cart, ssuda) açmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. - 18 mart 2025-ci il tarixli 103micİSML/25-EM nömrəli əlavə kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 12 ay müddətinə 18 mart 2026-cı il tarixədək illik 27 faiz ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. - 103micİSML/25-EM nömrəli kredit müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, Cavabdeh1 müqavilə ilə müəyyən olunmuş 12 ay müddət ərzində 1000 manat əsas və 152,4 manat faiz – cəmi 1152,4 manat ödəməyi öhdəsinə götürmüşdür. - 103micİSML/25-EM nömrəli 18 mart 2025-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 18 mart 2025-ci tarixli 103micİSML/25-EM nömrəli əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz öhdəsinə götürmüşdür. - 21 oktyabr 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1 18 mart 2025-ci il tarixli 103micİSML/25-EM nömrəli əlavə kredit müqaviləsi üzrə 20 oktyabr 2025ci il tarixə yaranmış 793,04 manat əsas, 37,81 manat faiz, 5,4 manat cərimə olmaqla 836,25 manat borc məbləğinin üç iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 21 noyabr 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh2 18 mart 2025ci il tarixli 103micİSML/25-EM nömrəli əlavə kredit müqaviləsi üzrə 21 noyabr 2025-ci il tarixə yaranmış 793,04 manat əsas, 55,83 manat faiz, 17,1 manat cərimə olmaqla 865,97 manat borc məbləğinin üç iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 05 yanvar 2026-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, 103micİSML/25 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 05 yanvar 2026-cı il tarixinə 793,04 manat əsas, 82,51 manat faiz və 39,96 manat cərimə məbləği olmaqla, cəmi 915,51 manat məbləğində borcu qalmışdır. - 05 yanvar 2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, həmin tarixdə "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 mart 2025-ci il tarixli 103micİSML/25-EM nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 500000 manat məbləğində illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, 18 mart 2035-ci il tarixədək müddət ərzində, bu müqavilə çəçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi və ona bank hesabı (cart, ssuda) açmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında tərəflər arasında bağlanılmış 18 mart 2025-ci il tarixli 103micİSML/25-EM nömrəli əlavə kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 12 ay müddətinə 18 mart 2026-cı il tarixədək illik 27 faiz ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən olunmuş 12 ay müddət ərzində 1000 manat əsas və 152,4 manat faiz – cəmi 1152,4 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanılmış 103micİSML/25-EM nömrəli 18 mart 2025-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 18 mart 2025-ci tarixli 103micİSML/25-EM nömrəli əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz öhdəsinə götürmüşdür. Cavabdehlər kredit və zaminlik müqavilələri ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Xəbərdarlıqlar olunmasına baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 793,04 manat əsas, 82,51 manat faiz, 39,96 manat cərimə olmaqla cəmi 915,51 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Göründüyü kimi, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Faiz borcunun məbləğinə gəlincə qeyd olunmalıdır ki, cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 24 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi faiz borcuna görə 82,51 manat tutulması hissəsində qismən təmin edilməli, cavabdehə göndərilmiş bildirişdə göstərilmiş məbləğdə, yəni 37,81 manat faiz olan hissədə təmin edilərək borcludan tutulmalı, qalan hissədə isə təmin edilməməlidir. Bundan başqa iddia tələbi cərimə borcuna görə 39,96 manat tutulması hissəsində də qismən təmin edilməli, cavabdehə göndərilmiş bildirişdə göstərilmiş məbləğdə, yəni 5,4 manat cərimə olan hissədə təmin edilərək borcludan tutulmalı, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 793,04 manat əsas, 37,81 manat faiz, 5,4 manat cərimə və 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 866,65 manat məbləği alınaraq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 793,04 manat əsas, 37,81 manat faiz, 5,4 manat cərimə və 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 866 manat (səkkiz yüz altmış altı) manat 65 (altmış beş) qəpik məbləği alınaraq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar