Məhkəmə qərarları › İş №e-2(5-136)-195/2026

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-136)-195/2026

16.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(5-136)-195/2026 16.03.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2026-cı il tarixdə İddiaçı MMC Cavabdeh qarşı 1080 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2026-cı il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli Paşa Bankın əmək haqqı ödənişləri barədə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə 1412,05 manat məbləğində son haqq hesab ödənilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli Paşa Bankın əmək haqqı ödənişləri barədə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə 1080 manat məbləğində ezamiyyət pulu ödənilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh mühasibatlıq səhvi nəticəsində AZ45PAHA41010AZNFK********** nömrəli keçmiş əmək haqqı hesabına xx.xx.2025-ci il tarixində 1080 manat vəsait köçürülmüş pulu geri qaytarılması barədə xəbərdarlıq edilmişdir. Beləliklə, mülki işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh əvvəllər "xxxx" MMC-də“ekskavator operatoru” vəzifəsində fəaliyyət göstərmişdir. Cavabdehlə aralarında olan əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilərək əmək məcəlləsinin tələblərinə uyğun olaraq son haqq hesabı olunmuşdur. Bunu təqdim edilmiş əmək müqaviləsinə xitam bildirişi və xx.xx.2025-ci il tarixində son haqq-hesab ödənişinin olunmasını təsdiq edən bank hesabından çıxarış da təsdiq edir. Tərəflər aralarında olan əmək müqaviləsinə xitam verildikdən bir müddət sonra mühasibatlıq səhvi nəticəsində cavabdehin AZ45PAHA41010AZNFK********** nömrəli keçmiş əmək haqqı hesabına xx.xx.2025-ci il tarixində 1080 manat vəsait köçürülmüşdür. İddiaçı tərəfindən cavabdehə qeyd olunan məbləğin geri ödənilməsi ilə bağlı xəbərdarlıqlar olunsada, cavabdeh qeyd olunan məbləği geri ödəməmişdir. Nəticədə cəmiyyətə 1080 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd olunan məbləğdə pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, mühasibatlıq səhvi nəticəsində Cavabdeh hesabına köçürülən 1080 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 31 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin iddiası təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə ödənilmiş 1080 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 31 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar