Məhkəmə qərarları › İş №e-2(5-138)-10/2026

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-138)-10/2026

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(5-138)-10/2026 19.02.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 288,94 manat məbləğində əsas borc, 9,02 manat məbləğində faiz borcu, 0,52 manat məbləğində cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 41,28 manat faiz borcu olmaqla, cəmi 339,76 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh oğlundan tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 899 saylı, 05 noyabr 2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti 36 ay müddətinə açılmışdır. Daha sonra LPO İddiaçı ASC ilə Cavabdeh oğlu arasında LM012000888 nömrəli, 31 yanvar 2020-ci il tarixli restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış LM012000888 nömrəli, 31 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 288,94 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 36 ay müddətinə, aylıq 8,15 manat ödəmək şərtilə bağlanılmışdır. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə, bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh oğlunun 28 noyabr 2025-ci il tarixə kredit üzrə cəmi borcu 339,76 manat təşkil edir. Bundan 288,94 manat əsas, 9,02 manat faiz, 0,52 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən hesablanmış 41,28 manat faiz borcu təşkil edir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 09 yanvar 2026-cı il tarixdə məhkəməyə daxil olmuş və cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh oğlu arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli, 899 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, bu müqavilənin predmeti bank tərəfindən buraxılmış “Dəmir Taksit” kredit kartının müştəriyə verilməsi, kart vasitəsilə kredit xəttinin açılması, müştəri tərəfindən isə kart vasitəsilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə əməliyyatların həyata keçirilməsi barədə öhdəlikdir. Bank müştəri üçün 24 ay müddətinə kart buraxır. Bank tərəfindən buraxılmış kart bankın xüsusi mülkiyyətidir. Bank müştəriyə 300 manat məbləğində kredit xətti açır. Həmin xətt üzrə müştərinin birinci ayda nağdlaşdıra biləcəyi maksimum məbləğ ümumi limitin 70 faizi təşkil edir. Birinci ayda nağdlaşdırmadan sonra kartda qalan növbəti aylarda nağdlaşdırıla bilər. Kredit xətti 36 ay müddətə açılır. İşdə surəti olan LPO İddiaçı ASC ilə borclu Cavabdeh oğlu arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli, LM012000888 nömrəli restrukturizasiya müqaviləsindən görünür ki, ləğv prosesində olan bank tərəflər arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli, 899 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 288,94 manat məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. Restrukturizasiya müqaviləsinin bağlanması ilə borclunun restrukturizasiya olunmuş kredit borcları üzrə ilkin kredit müqaviləsinə xitam verilir. Restrukturizasiya müqaviləsi 36 ay müddətinə bağlanılır. Borcun ödənilməli olduğu son tarix 31 yanvar 2023-cü ildir. Faizlər restrukturizasiya olunan tarixdən güzəştli kredit banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1 faiz olmaqla hesablanır. Borclu borcun ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müəyyən faizi miqdarında dəbbə pulu ödəyir və kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi hər il üçün 0,02 faiz olmaqla, restrukturizasiya müddətinə 0,1 faizdən çox olmamalıdır. İşdəki 02 dekabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli, LM012000888 saylı kredit müqaviləsi üzrə 28 noyabr 2025-ci il tarixinə yaranmış tələb aşağıdakı kimidir: müqavilə üzrə əsas borc 288,94 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 9,02 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 0,52 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 41,28 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 339,76 manat. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 02 dekabr 2025-ci il tarixli bildiriş məktubu göndərilmişdir. İşdə surəti olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarından görünür ki, həmin qərarla İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İşdə surəti olan 09 yanvar 2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş materiallarından görünür ki, iddiaçı bankla cavabdeh arasında 05 noyabr 2014-cü il tarixində kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə bağlanmış, cavabdeh üçün kredit kartı verilməklə 300 manat məbləğində kredit xətti açılmış, həmin kart borcalan tərəfindən qəbul edilmişdir. Sonradan həmin müqavilə restrukturizasiya olunmuş, 31 yanvar 2020-ci il tarixində restrukturizasiya müqaviləsi bağlanmışdır. Restrukturizasiya müqaviləsi ilə borcun ödənilməli olduğu son tarix kimi 31 yanvar 2023cü il, restrukturizasiya edilmiş kreditin məbləği isə borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 288,94 manat olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə qeyd edilən normaların tələblərini hazırkı işə tətbiq edərək bildirir ki, iddiaçının cavabdehə 300 manat məbləğində kredit xətti ayırması, sonuncunun həmin kredit xəttindən istifadə etməsi, onun ödənişləri lazımınca icra edə bilməməsi, həmin kredit öhdəliyinin restrukturizasiya edilməsi, 31 yanvar 2020-ci il tarixli restrukturizasiya müqaviləsi ilə restrukturizasiya edilmiş kredit məbləğinin 288,94 manat müəyyən edilərək, öhdəliyin son icrası tarixinin 31 yanvar 2023-cü il olaraq göstərilməsi, kredit müqaviləsinin müddəti bitdikdən sonra da cavabdeh tərəfindən iddiaçıya kredit borcunun tam ödənilməməsi, cavabdehin iddiaçıya ödənilməmiş 288,94 manat əsas, 9,02 manat müqavilə müddəti üçün hesablanmış faiz və 41,28 manat müqavilə müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı öhdəliyin icrasının gecikdirilməsi halında cərimə tələb etmək hüququ olduğundan, tələb olunan 0,52 manat məbləğində cərimə əsas borcun məbləğinə münasibətdə tənasübsüz dərəcədə yüksək olmadığından, iddia təmin edilməli, cavabdehdən 31 yanvar 2020-ci il tarixli, LM012000888 nömrəli restrukturizasiya müqaviləsi üzrə 288,94 manat məbləğində əsas borc, 9,02 manat məbləğində müqavilə müddəti üçün hesablanmış faiz borcu, 0,52 manat məbləğində cərimə borcu, 41,28 manat məbləğində müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, cəmi 339,76 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 31 yanvar 2020-ci il tarixli, LM012000888 nömrəli restrukturizasiya müqaviləsi üzrə 288,94 manat məbləğində əsas borc, 9,02 manat məbləğində müqavilə müddəti üçün hesablanmış faiz borcu, 0,52 manat məbləğində cərimə borcu, 41,28 manat məbləğində müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, cəmi 339,76 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh oğlundan tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar