Məhkəmə qərarları › İş №e-2(5-140)-5/2026

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-140)-5/2026

02.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(5-140)-5/2026 02.03.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat pulun və 60 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının yaşadığı həyətdə dalandar işləmişdir. İddiaçı Kəmaləni Hacıyevanı bir ailə kimi tanımış, Kəmalə ona evinin olduğunu demiş və evi ipotekaya qoyub pul götürəcəyini bildirmişdir. Həmin vaxt ona müvəqqəti olaraq ona pul lazım olduğunu və iki aydan sonra pul götürüb ödəyəcəyini bildirmişdir. O, Kəmaləyə 4000 manat nağd pul vermişdir. Borc pulu 5-6 ay müddətinə Rozaya verdiyi "xxxx" ASC-yə məxsus kartlardan (2 ədəd) pulu çıxarılmasını vəd etmişdir. O, cavabdehə inanmış və kartları ondan almışdır. O, 4000 manat pulu başqasından borc alıb cavabdehə vermişdir. Ona yalnız iki ədəd "xxxx" ASC kartı vermiş, sonradan bilmişdir ki, Kəmalənin evi yoxdur və o, kirayədə qalır. Bu səbəbdən borc tələbinə görə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh tərəfindən edilmiş ödəniş məbləğləri çıxıldıqdan sonra qalan borc məbləğinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı çıxışında bildirmişdir ki, cavabdeh onun yaşadığı binanın həyətində dalandar işləyir. Kəmaləyə 2025-ci ilin mart ayında 2 dəfə 2000 manat olmaqla ümumilikdə 4000 manat borca pul vermişdir. Həmin borcdan cavabdeh ona qismən ödəniş etmişdir. Belə ki, cavabdehin ona verdiyi bank kartından iki dəfə 300 manat olmaqla pul məxaric etmiş, lakin 3-cü ay kartdan pul çıxartmaq istədikdə kartın bloklandığını müəyyən etmişdir. Əlavə olaraq cavabdeh ona 375 manat vermiş, oğlu Tağının kartına isə 200 manat pul göndərmişdir. Ümumi olaraq 4000 manat borcdan cavabdeh ona 1175 manat ödəmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək qətnamə qət edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddianı qismən qəbul edir. İddiaçı həqiqətən də ona borca 4000 manat pul vermişdir. Lakin onun qeyd etdiyi kimi 4000 manat borcdan ona 1175 manat pul yox, daha çox borc məbləği qaytarmışdır. 1175 manatdan əlavə xatırladığı qədərilə iddiaçı maaş kartından 2 ay 300 manat olmaqla ümumilikdə 600 manat pul məxaric etmişdir. Özü “DOST” Mərkəzində xadimə işləmişdir. İddiaçıya verdiyi kartlardan biri maaş kartı, digəri isə sosial müavinət aldığı kart olmuşdur. İddiaçıya ödədiyi 1175 manat borc məbləğindən əlavə sonuncunun kart hesabına 2 ay 300 manat olmaqla ümumilikdə 600 manat pul ödəməsinə dair hər hansı başqa sübutu yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, İddiaçı Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsi üçün 60 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: -14.2.7. Əsassız varlanma. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maadəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi qədər dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki mülki işdə iddiaçının tələbi cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatları ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı cavabdehə həqiqətən də 4000 manat borc vermişdir. Mülki işin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından iddaçının cavabdehə 4000 manat pulu borca verdiyi, sonuncunun həmin borcdan iddiaçıya 1175 manat pul ödədiyi müəyyən edilmişdir. Bu hal həm iddiaçı tərəfindən qəbul edilmiş, cavabdeh tərəfindən isə iddiaçıya hazırda 2825 manat borcunun olması etiraf edilmişdir. Lakin onun iddiaçıya əlavə olaraq 600 manat pul ödəməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh bu barədə fikirlərini şifahi qaydada bildirsə də, ödəniş etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə tədqim etməmiş, əlavə 600 manat pulun iddiaçıya ödənilməsini sonuncu qəbul etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2825 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməli, 60 manat dövlət rüsumunun 48,25 manatı cavabdehdən tutularaq iddiaçıya verilməli, 11,75 manatı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2825 (iki min səkkiz yüz iyirmi beş) manat pul və 48,25 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 11,75 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar