Məhkəmə qərarları › İş №e-2(5-143)-22/2026

Lerik Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-143)-22/2026

21.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № e-2(5-143)-22/2026 21.01.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2713 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən bağ evinin bərpa təmiri üçün 96403 (doxsan altı min dörd yüz üç) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 380 (üç yüz səksən) manat məbləğində pul vəsaitlərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə aidiyyət qaydalarına uyğun olmayan formada verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 02 iyun 2021-ci il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağılabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin və ədalət mühakiməsinin səmərəliliyinin təmin edir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız MPM-in 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə” 24 dekabr 2019-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. (MPM 45.1) Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbi onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2713 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən bağ evinin tikintisi və təmiri zamanı cavabdehlər tərəfindən görülən işlər nəticəsində ona vurulmuş zərərin aradan qaldırılması ilə bağlıdır. Hazırki iş üzrə mübahisə predmeti olan bağ evi (Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2713 (yeni qaydalarla: ünvan 1) isə Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisində yerləşir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə Lerik Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etməlidir. Mülki Prosessual Qanunvericilikdə nəzərdə tutulmuş müstəsna aidiyyət qaydalarına riayət edilməsi qanunvericiliyin tələbinə riayət etməklə bərabər işin düzgün, hərtərəfli və operativ araşdırılmasını təmin edir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və ona qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 380 (üç yüz səksən) manat məbləğində dövlət rüsumu (xx.xx.2026-cı il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə, MPM-nə 2 saylı əlavəyə uyğun) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar