Məhkəmə qərarları › İş №e-2(5-144)-271/2026

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-144)-271/2026

02.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(5-144)-271/2026 02.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, müəyyən etdim: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti subroqasiya qaydasında “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1556.41 manat və ödənilmiş dövlət rüsumuna görə 35.57 manat olmaqla ümumilikdə isə 1591.98 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx"ASC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə, “Tufan S50” markalı moped Bakı şəhəri, A.M Şərifzadə küçəsi ərazisində idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən kasko sığorta növü üzrə sığortalanmış “GAC” markalı, ** YT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən“GAC” markalı, ** YT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1556.41 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Yasamal rayon DYPŞ-nin X4 Haqqında qərarına əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin AR İXM-nin 338.4.3 maddəsi ilə təqsirli bilinmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2025ci il tarixli, G-01-D-6130-2025 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 5 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehin qeydiyyat yeri olan Lənkəran rayon, İstisu qəsəbəsi ünvanına bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin cavabdeh həmin ünvanda olmadığından bildiriş və əlavə edilmiş sənədlər məhkəməyə geri qaytarılmış və məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci maddəsinə əsasən bildiriş və əlavə edilmiş sənədləri cavabdehin sonuncu yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərmiş və İstisu qəsəbəsi inzibati ərazi dairəsi üzrə İcra nümayəndəliyinin bildirişi məhkəməyə daxil olmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, A.M.Şərifzadə küçəsi ərazisində Cavabdeh tərəfindən “Tufan S50” markalı moped idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində iddiaçı "xxxx" ASC tərəfindən kasko sığorta növü üzrə sığortalanmış “GAC” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Yasamal rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli X4 Haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Bu qərar hadisənin baş verməsində cavabdehin təqsirli olduğunu və hüquqi məsuliyyətini birbaşa təsdiq edir. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş sənədlərindən məlum olur ki, "xxxx" ASC tərəfindən “GAC” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə cəmi 1556.41 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin subroqasiya (reqres) normalarına əsasən, sığorta ödənişini verən sığortaçı zərər vuran şəxsdən həmin məbləği tələb etmək hüququ qazanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, G-01-D-6130-2025 nömrəli məktubdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar rəsmi tələb irəli sürülmüş və məbləğin 5 iş günü ərzində ödənilməsi bildirilmişdir. Lakin cavabdeh tərəfindən bu günədək qeyd olunan məbləğ ödənilməmişdir. İş materiallarında olan MAPS arayışından görünür ki, Cavabdeh oğlunun qeydiyyat ünvanı Lənkəran rayonu, İstisu qəsəbəsində yaşayır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 35.57 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsində təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari Sığortalar haqqında” Qanununun 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyindən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 1556.41 manat sığorta ödənişinin məbləği subroqasiya qaydasında cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismn təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35.57 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, qət etdim: İddia təmin edilsin. Subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə Cavabdeh 1556.41 manat və ödənilmiş dövlət rüsumuna görə 35.57 manat olmaqla ümumilikdə isə 1591.98 manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar