Məhkəmə qərarları › İş №e-2(5-147)-17/2026

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(5-147)-17/2026

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № e-2(5-147)-17/2026 24.02.2026 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13121.07 manat əsas borc, 1273.84 manat faiz borcu olmaqla, cəmi 14394.91 manat borcun və ödənilmiş 133.85 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 18 noyabr 2024-cü il tarixli, 600804-564360/5 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 23% dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit vеrilmişdir. Borcalan əsas öhdəliyini lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 19 yanvar 2026-cı il tarixə cavabdehin kredit müqaviləsi üzrə 13121.07 manat məbləğində əsas borcu və 1273.84 manat faiz borcu olmaqla, cəmi 14394.91 (on dörd min üç yüz doxsan dörd manat doxsan bir qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqqlarının Banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında, tam icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Beləliklə borcalan kreditini vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş borc yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, həqiqətən də, bankdan qeyd edilən məbləğdə krediti götürmüşdür. Buna səbəb onun torpaq sahəsi almaq niyyətinin olması olmuşdur. N saylı hərbi hissədə işləyir. Krediti götürən zaman əmək haqqı 1500 manat məbləğində olmuşdur. Lakin hazırda əmək haqqı azaldılaraq 800 manat həcmində saxlanılmışdır. Digər bank qarşısında olan öhdəliyinin bitməsinə bir neçə ay qalmışdır. Odur ki, həmin kredit bitdikdən sonra hazırki iş üzrə yaranmış borclarını ödəyəcəkdir. Qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2024-cü il tarixli, 600804-564360/5 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, ona 48 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmiş, borcalan verilmiş krediti qəbul edib müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən təqdim edilmiş 19 yanvar 2026-cı il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış istehlak krediti müqaviləsi üzrə cavabdehin banka olan borcu 13121.07 manat əsas, 1273.84 manat faiz borcu olmaqla, cəmi 14394.91 manat məbləğindədir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda (pretenziya) cavabdehin kredit müqaviləsi üzrə 13121.07 manat əsas, 815.02 manat faiz borcu olmaqla, cəmi 13936.09 manat borcunun olduğu bildirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə iddia qismən təmin edilməli, Cavabdeh 13121.07 manat əsas, 815.02 manat faiz borcu olmaqla, cəmi 13936.09 manat məbləğində pul vəsaiti (pretenziyada qeyd edilən faiz borcu məbləğinə əsasən) və 133.85 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13121.07 manat əsas, 815.02 manat faiz borcu olmaqla, cəmi 13936.09 manat borc və 133.85 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar