Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(5-150)-103/2026 02.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı X2-Bank Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X2-Bank Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4682 manat əsas borc, 1365 manat faiz borcu, 325,68 manat cərimə, cəmi 6372,68 manat borcun və 83,73 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X2-Bank Kredit Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2024-cü il tarixli **********2330 saylı kredit müqaviləsinə əsasən cavabdehə ailə-kəndli təsərrüfatının yaradılması, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən cavabdehlə 23 ay 276 manat, 1 ay 254 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği cavabdehə nağdsız qaydada, yəni üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. Lakin Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün İddiaçı X2-Bank Kredit Təşkilatına 27 oktyabr 2025-ci il tarixə 4682 manat əsas borc, 1365 manat faiz borcu yaranmışdır. İddiaçı tərəfindən edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədiyinə görə cavabdehə 325,68 manat cərimə hesablanmışdır. Ona görə də İddiaçı X2-Bank Kredit Təşkilatı Cavabdeh 4682 manat əsas borc, 1365 manat faiz borcu, 325,68 manat cərimə, cəmi 6372,68 manat borcun və 83,73 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq İddiaçı X2-Bank Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 16 noyabr 2024-cü il tarixli **********2330 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında İddiaçı X2-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 24 ay müddətinə illik 28% dərəcəsi ilə 5000 manat məbləğində kreditin verilməsi ilə bağlanmışdır. Həmin kredit müqaviləsinin 8-ci bəndində qeyd edilmiş kreditin ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 ay müddətində, illik 28% dərəcəsi ilə 5000 manat məbləğində əsas kredit və 1602 manat məbləğində faiz (23 ay 276 manat, 1 ay 254 manat) olmaqla cəmi 6602 manat ödəniş etməlidir. İşdə olan 16 noyabr 2024-cü il tarixli kredit kartının mədaxil (qəbul aktından) görünür ki, 16 noyabr 2024-cü il tarixli **********2330 saylı kredit müqaviləsi üzrə verilmiş kredit məbləği üzərində “Fincard” adı qeyd edilmiş **********787727 saylı kredit kartında İddiaçı X2-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh təqdim edilmişdir. İşdə olan maliyyə arayışdan görünür ki, 27 oktyabr 2025-ci il tarixli **********2330 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı X2-Bank Kredit Təşkilatına 27 oktyabr 2025-ci il tarixə 4682 manat əsas borcu, 1365 manat faiz borcu, 325,68 manat cərimə, cəmi 6372,68 manat borcu vardır. Cavabdeh kredit müqaviləsi üzrə əsas borcdan 318 manat, faiz borcdan 237 manat, cəmi 555 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 27 oktyabr 2025-ci il tarixli bildirişdən və onun göndərilməsi barədə reyestrdən görünür ki, İddiaçı X2-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh 16 noyabr 2024-cü il tarixli **********2330 saylı kredit müqaviləsi üzrə iddiaçıya 4682 manat əsas borcun, 1365 manat faiz borcun, 325,68 manat cərimənin, cəmi 6372,68 manat borcun qısa müddət ərzində ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 noyabr 2024-cü il tarixli **********2330 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ailə-kəndli təsərrüfatının yaradılması, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən cavabdehlə 23 ay 276 manat, 1 ay 254 manat ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği cavabdehə nağdsız qaydada, yəni üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. Lakin Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı tərəfindən edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışlar. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədiyinə görə cavabdehə 325,68 manat cərimə hesablanmışdır. Ona görə də İddiaçı X2-Bank Kredit Təşkilatı Cavabdeh 4682 manat əsas borc, 1365 manat faiz borcu, 325,68 manat cərimə, cəmi 6372,68 manat borcun və 83,73 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsini tələb edir. İşin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, tərəflər arasında bağlanmış 16 noyabr 2024-cü il tarixli **********2330 saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı cavabdehə 27 oktyabr 2025-ci il tarixində bildiriş göndərməklə cavadehdən kredit müqaviləsi üzrə 4682 manat əsas borcun, 1365 manat faiz borcun, 325,68 manat cərimə, cəmi 6372,68 manat borcun qaytarılmasını tələb etmişdir. Buradan görünür ki, İddiaçı X2-Bank Kredit Təşkilatı Cavabdeh qarşı faiz borcunu ödəniş cədvəli üzrə 16 dekabr 2024-cü il tarixdən tərəflər arasındakı müqaviləyə xitam verildiyi 27 oktyabr 2025-ci il tarixədək (ödənilmiş 237 manat faiz borcu istisna olmaqla) ödənilməmiş faiz borcunu 841 manat (117+117+113+98+105+97+96+89+87+83+76-237=841) məbləğində hesablamalı olduğu halda, iddiaçı həmin faiz borcunu ödəniş cədvəlində göstərilən son ödəmə tarixinə, yəni 16 noyabr 2026-cı il tarixədək hesablamışdır. Məhkəmə bununla bağlı hesab edir ki, iddiaçı müqaviləyə xitam verildiyi vaxtdan sonra hesablanmış faiz borcunu cavabdehdən tutulmasını tələb edə bilməz. Digər tərəfdən iddiaçı cavabdehə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini də tələb etməmişdir. Qeyd olunanlardan görünür ki, İddiaçı X2-Bank Kredit Təşkilatı 16 noyabr 2024-cü il tarixli **********2330 saylı kredit müqaviləsi üzrə 4682 manat əsas borcun, 841 manat faiz borcunun, 325,68 manat cərimənin Cavabdeh tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 16 noyabr 2024-cü il tarixli **********2330 saylı kredit müqaviləsi üzrə 325,68 manat məbləğində hesablanan dəbbə pullarının (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 230 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 4682 manat əsas borc, 841 manat faiz borcu, 230 manat cərimə, cəmi 5753 manat alınıb İddiaçı X2-Bank Kredit Təşkilatına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 19 noyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı X2-Bank Kredit Təşkilatı tərəfindən 83,73 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 83,73 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 4682 manat əsas borc, 841 manat faiz borcu, 230 manat cərimə, cəmi 5753 (beş min yeddi yüz əlli üç) manat alınıb İddiaçı X2-Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 83 (səksən üç) manat 73 (yetmiş üç) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(5-150)-103/2026
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-150)-103/2026
02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver