Məhkəmə qərarları › İş №e-2(5-151)-178/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-151)-178/2026

26.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(5-151)-178/2026 26.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin indeksasiya tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 2(056)-2122/2017 saylı, 23 iyun 2017-ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh birgə nikahımızdan anadan olmuş 21 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla minimum əmək haqqı (400 manat) məbləğinin 0.75 mislində, 300 manat məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. İddianın əsaslarına görə, Azərbaycan Respublikasının Qanununa əsasən, 2025ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğdə müəyyən edilmişdir. Tətbiq edilən hüquq

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir.

4. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarı: 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Məhkəmənin mövqeyi

5. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir.

6. Belə ki, işdən görünür ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması tələbi ilə çıxış etmiş, bu zaman əsas olaraq, ölkə üzrə yaşayış minimumunun artımına əsaslanmışdır.

7. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarına əsasən əgər alimentin miqdarının artırılması barədə iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə iş üzrə icraata xitam verilməlidir.

8. Göründüyü kimi, hazırkı işdə də iddia minimum əmək haqqının artımına əsaslanır və belə olan halda işə məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir.

9. Odur ki, hazırkı işə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, iddiaçıya icra icraatı qaydasında müraciət etmək hüququ izah olunmalıdır.

10. Göstərilənləri və MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin indeksasiya tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. İddiaçı aidiyyəti üzrə icra icraatı qaydasında müraciət hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar