Məhkəmə qərarları › İş №e-2(5-155)-179/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-155)-179/2026

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(5-155)-179/2026 05.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüsal Rəfi oğlunun sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, işin məhkəmədə baxılmağa hazırlanması üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı “X1” ASC-nin xeyrinə 1754,26 manat əsas, 8,26 manat faiz, 13,65 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1776,17 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 38,20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24% ödəmək şərtilə 8500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 17 dekabr 2025-ci il tarixinə "xxxx" ASC-yə 1754,26 manat əsas, 8,26 manat faiz, 13,65 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1776,17 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və baxışa təyin edilməsini xahiş etmişdir. Bundan başqa cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, mübahisə kommersiya məhkəməsinə aid olduğundan iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı “X1” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 915micSUM/22-EM saylı əsas kredit müqaviləsindən görünür ki, bank 300000 manat məbləğində illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək Azərbaycan manatı ilə bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə və bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri ilə kreditlər sahibkarlıq fəaliyyəti ilə bağlı verilir və hər bir kreditin məbləği, müddəti, illik faizi, faktiki illik faiz dərəcəsi, aylıq ödənişin müddəti və aylıq ödənişin məbləği, kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, kreditin qaytarılma şərtləri və digər şərtlər bu müqavilə çərçivəsində bağlanan əlavə kredit müqavilələri ilə müəyyən olunur. - İddiaçı “X1” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 915micSUM/22 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank 36 ay müddətinə, xx.xx.2025-ci il tarixinədək illik 24 faiz ödəmək şərti ilə, 0 ay güzəşt müddəti ilə 8500 manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.4-cü bəndində kreditin məqsədli təyinatının dövriyyə vəsaitinin alınması və sair xərclər olduğu göstərilmişdir. -İddiaçı “X1” ASC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 915micSUM/22 saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər kreditor qarşısında borclunun xx.xx.2022-ci il tarixli, 915micSUM/22-EM saylı əsas kredit və bank hesabı müqaviləsi və onun çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə borclu ilə birgə tam və məsuliyyət daşımağı öhdələrinə götürmüşdürlər. - 915micSUM/22 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, tərəflər 915micSUM/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 334 manat, xx.xx.2025-ci il tarixdə isə 314,30 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı razılığa gəlmişdirlər. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı “X1” ASC tərəfindən cavabdehə müqavilə üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv olunması təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - İddiaçı “X1” ASC tərəfindən tərtib edilmiş 17 dekabr 2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh2 915micSUM/22 saylı kredit müqaviləsi üzrə 1754,26 manat əsas borc, 8,26 manat faiz borcu, 13,65 manat cərimə olmaqla, cəmi 1776,17 manat borcu vardır. - Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş şəxsin vergi məlumatları barədə çıxarışdan görünür ki, Cavabdeh2 vergi ödəyicisidir və ********** saylı VÖEN ona məxsusdur. O, taksi fəaliyyəti ilə məşğuldur. Fəaliyyəti isə müvəqqəti dayandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 №-li Qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 19-cu bəndində eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. Qeyd edilən qərarın 28-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda mövcud olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, Cavabdeh2 fərdi sahibkar statusuna (VÖEN **********) malik olduğundan və bankdan krediti sahibkarlıq fəaliyyəti ilə əlaqədar götürdüyündən iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 32, 44.2.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə e-2(5-155)-179/2026 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Vüsal Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar