Məhkəmə qərarları › İş №e-2(5-155)-359/2026

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(5-155)-359/2026

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(5-155)-359/2026 12.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: borcun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehlərə qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 867.24 manat, faiz borcuna görə 0.00 manat, cərimə borcuna görə 0.00 manat, cəmi 867.24 manat məbləğində borcun və 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nin xeyrinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0280 saylı kredit müqaviləsinə əsasən borcluya, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 34.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 293 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0280 – ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Qeyd etmək istəyirlər ki, mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün tərəflərindən cavabdehlərə pretenziya məktubu göndərilmişdir.

b) iddiaya etiraz

3. Cavabdeh X2 xx.xx.2026-ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, o, Sumqayıt Şəhər Məhkəməsinin 24 yanvar 2026-cı il tarixli məhkəmə bildirişi ilə tanış olmuşdur. İddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində ona aid borc məbləği 1199.24 AZN kimi göstərilmişdir. Bildirmək istəyir ki, göstərilən bu məbləğ həqiqəti əks etdirmir. Faktiki olaraq onun bank qarşısında olan real borcu 867.24 mamnat təşkil edir. İddiada göstərilən əlavə məbləğin hansı əsasla hesablandığı barədə ona rəsmi izahat və ya hesablanma cədvəli təqdim edilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən göstərilən borc məbləği ilə razı deyil və hesab edir ki, borc səhv və əsassız şəkildə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1, 284-5.3 və 284-1-ci maddələrinə əsasən məhkəmədən iş üzrə təqdim edilmiş sənədlər obyektiv araşdırılmasını, iddiaçı tərəfindən göstərilən 1199.24 AZN borc məbləğinin düzgünlüyünün yoxlanılmasını, onun faktiki borcu olan 867.24 AZN məbləğinin əsas götürülməsi, artıq və əsassız hesablanmış məbləğin borcdan çıxarılması, bu etiraz ərizəsinin iş materiallarına əlavə edilməsi və işə baxılarkən nəzərə alınmasını xahiş etmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinet vasitəsilə yerləşdirilməsinə və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

6. İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0280 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə bank tərəfindən illik 34 % faiz dərəcəsi olmaqla 34 ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir.

7. İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2023-cü tariхli, **********0280 – ******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kreditor qarşısında borclunun kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür.

8. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MM QBKT ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh2 xx.xx.2025-ci il tarixə 1199.24 manat borcu vardır.

9. xx.xx.2025-ci il tarixli, 2025/999 nömrəli və xx.xx.2025-ci il tarixli, 2025/999 nömrəli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı MM QBKT tərəfindən Cavabdeh2 və Cavabdeh1 kredit bоrcunun ödənilməsi barədə bildiriş ünvanlanmışdır.

b) mülki iş üzrə tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; (əvvəlki redaksiyada) Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (əvvəlki redaksiyada)

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

c) məhkəmənin mövqeyi

12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

13. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

14. Borcun əsası olan İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0280 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə bank tərəfindən illik 34 % faiz dərəcəsi olmaqla 34 ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. Həmçinin, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında xx.xx.2023-cü tariхli, **********0280 – ******* saylı zaminlik müqaviləsi zaminlik müqaviləsi bağlanmış, həmin müqavilədə əsas borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur.

15. Cavabdehlər aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliklərini pozmuş, iddiaçı isə qalıq 867.24 manat borcu tələb etmişdir.

16. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində tam təmin edilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən cavabdehdən İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının xeyrinə 867.24 manat əsas borc tutulmalıdır.

17. İddia eyni zamanda zamin qismində Cavabdeh1 yönəldiyindən, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından, zaminin məsuliyyəti aradan qaldıran hər hansı hal aşkar edilmədiyindən məhkəmə hesab edir ki, iddia zaminə münasibətdə də təmin edilməlidir.

18. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 32 manat məbləğdə dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, artıq ödənilmiş hissəsi dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.

Nəticə hissəsi:

20. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 867.24 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 897.24 manat məbləğində pul İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. 2 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatına geri qaytarılsın. Dövlət rüsumunun geri qaytarılması hissəsində qətnamənin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar