Məhkəmə qərarları › İş №e-2(5-160)-147/2026

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(5-160)-147/2026

06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(5-160)-147/2026 06.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasova Nərmin Bəxtiyar qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1717.71 manat əsas məbləğ üzrə, 98.67 manat faiz üzrə, 32.93 manat cərimə, 0 manat komisyon haqqı, cəmi 1849.31 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 38.90 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 236nkSLY/23 saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı xx.xx.2026-cı il tarixinədək, illik 25% ödəmək şərtilə 4380 AZN məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür (ödəniş cədvəli tərtib olunub). Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı digər bir kredit müqaviləsinin bağlanmasıdır. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit Borcalanın xx.xx.2022-ci il tarixli, 3043sSLYb/22 saylı kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli, 6492nkSLYb/22 saylı kredit müqaviləsi üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən akseptsiz qaydada silinmişdir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən Borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə, həmin gündən başlayaraq Bank Borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 %-i miqdarında cərimə tətbiq edir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir.

3. MPM-nin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

4. xx.xx.2023-cü il tarixli, 236nkSLY/23 saylı kredit müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, cavabdehə xx.xx.2026-cı il tarixinədək, illik 25% ödəmək şərti ilə 4380 manat məbləğdə kredit verilmişdir.

5. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 1717.71 manat əsas, 98.67 manat faiz, 32.93 manat cərimə, cəmi 1849.31 manat məbləğində borcu vardır.

6. "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdə, sonuncunun xx.xx.2023-cü il tarixli, 236nkSLY/23 saylı kredit müqaviləsi üzrə banka 04 dekabr 2025-ci il tarixə 1717.71 manat əsas, 42.27 manat faiz, 5.13 manat cərimə borcunun olduğu, banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv edilməsi qeyd edilmişdir.

7. xx.xx.2026-cı il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 38.50 manat dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, bankla borclu arasında kredit məqsədi ilə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə xx.xx.2023-cü il tarixdə xx.xx.2026-cı il tarixədək illik 25% ödəmək şərtilə 4380 manat məbləğində kredit verilmişdir. Bank onun tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq öz üzərinə düşən öhdəliyi icra etmiş, lakin borclu tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq müəyyən edilmiş müddət və cədvəl üzrə ödənişlərin həyata keçirilməsi öhdəliyi pozulmuşdur. Hazırda bank borclu tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış olan borcun ödənilməsi ilə bağlı məhkəmə müraciət etmişdir.

c) Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia tələbinin Cavabdeh 1717.71 manat əsas borcun tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir.

10. İddia tələbinin cavabdehdən kredit müqaviləsi üzrə əsas borca hesablanmış 98.67 manat faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, işdən göründüyü kimi, iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərdiyindən müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda, iddiaçının xx.xx.2025-ci il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2023-cü il tarixli, 236nkSLY/23 saylı kredit müqaviləsi üzrə faiz borcu məhz sonuncuya ünvanlanmış olan xx.xx.2025-ci il tarixli bildiriş əsas götürülməli və cavabdehdən 42.27 manat məbləğində faiz borcu tutulmalıdır.

11. İddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, müqavilə üzrə tələb edilən cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirildiyindən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 236nkSLY/23 nömrəli müqavilə üzrə tələb edilən 32.93 manat cərimənin məbləği 3 manat məbləğinədək azaldılmalıdır.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddə. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 421-ci maddə. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 467-ci maddə. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

13. Mülki Prosessual Məcəllə: 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddə. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddə. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

14. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1717.71 manat əsas borc, 42.27 manat faiz borcu, 3 manat cərimə borcu olmaqla, cəmi 1762.98 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

15. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 36 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticə:

16. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 1717.71 (min yeddi yüz on yeddi manat, yetmiş bir qəpik) manat əsas borc, 42.27 (qırx iki manat, iyirmi yeddi qəpik) manat faiz borcu, 3 (üç) manat cərimə borcu olmaqla, cəmi 1762.98 (min yeddi yüz altmış iki manat, doxsan səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 36 (otuz altı) manat hissəsi tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nərmin Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar