Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(5-163)-71/2026 09.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi İsaqlı Pərvanə Zakir qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə) Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən cəmiyyətin xeyrinə kredit müqaviləsi üzrə 380 manat əsas borc, 313 manat cərimə borcu olmaqla cəmi 693 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********86 saylı kredit müqaviləsinə əsasən cavabdehə 20 gün müddətinə illik 432 faiz olmaqla 380 manat məbləğində kredit verilmişdir. Məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Borcalan tərəfindən kredit müqaviləsi üzrə ödəmələrdə pozuntulara yol verilmişdir. Bununla bağlı cavabdehə müraciət edilərək borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh yenə də öhdəliyin icra etməmişdir. Hazırda cavabdehin borcu kredit müqaviləsi üzrə 380 manat əsas borc, ona hesablanmış 30 manat faiz borcu, 87 manat komissiya, 313 manat cərimə borcu olmaqla cəmi 693 manat təşkil edir. BOKT "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış tələb hüquqlarının güzəşti müqaviləsinə əsasən BOKT "xxxx" MMC il Cavabdeh arasında bağlanmış olan müqavilədən irəli gələn tələb hüquqlar İddiaçı MMC-yə keçmişdir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan bəhs edən 284-1-ci maddəsində göstərilmişdir ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. (Mülki Prosessual Məcəllənin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələri). İddia tələbi üzrə mübahisənin hüquqi həllinə keçməmişdən qabaq məhkəmə qeyd edir ki, iddia ərizəsi cavabdehlərin qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada iddia ərizəsinə qarşı etiraz məhkəməyə göndərilməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normalarına istinadən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan: Kreditor İddiaçı MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********86 saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalan 20 gün müddətinə illik 432 faiz olmaqla 380 manat məbləğində kredit verilməsi barədə razılığa gəlinmişdir. Kreditor İddiaçı MMC tərəfindən təqdim edilmiş borc haqqında arayışdan görünür ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə kreditora kredit müqaviləsi üzrə 380 manat əsas borc, 313 manat cərimə borcu olmaqla cəmi 693 manat borcu vardır. BOKT "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış tələb hüquqlarının güzəşti müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC il Cavabdeh arasında bağlanmış olan müqavilədən irəli gələn tələb hüquqlar İddiaçı MMC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun kreditora borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən maliyyə arayışı təqdim edilmiş və müəyyən edilmişdir ki, borcalanın kredit müqaviləsi üzrə kreditora 380 manat əsas borc, 313 manat cərimə borcu olmaqla cəmi 693 manat borcu vardır. Həmin arayış məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində deyilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu baxımdan işin hallarını təhlil edərək məhkəmə hesab edir ki, hesablanmış cərimə məbləği tərəflərin əmlak vəziyyətinə və mənafelərinə uyğun deyildir. Cərimənin məbləğinin 15 manat həddə müəyyən edilməsi qanuni və əsaslı olar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh və X1 müştərək qaydada kredit müqaviləsi üzrə 380 manat əsas borc, 15 manat cərimə borcu olmaqla cəmi 395 manat pul məbləği alınaraq İddiaçı MMC-yə verilməlidir. Mülki Prosessual Məcəllənin 284-6.1 və 284-6.2-ci maddələrində göstərilmişdir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun ödənilməli olan 30 manat hissəsinin əvəzi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehlərdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 6.1, 284-6.2 və 357 maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 380 manat əsas borc, ona hesablanmış 30 manat faiz borcu, 15 manat cərimə borcu olmaqla cəmi 395 (üç yüz doxsan beş) manat pul məbləği alınaraq İddiaçı MMC-yə verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat pulun hazırkı iddia tələbi üzrə ödənilməli olan 30 manat hissəsinin əvəzi Cavabdeh alınaraq İddiaçı MMC -yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №e-2(5-163)-71/2026
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-163)-71/2026
09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver