Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(5-164)-72/2026 12.03.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 07 oktyabr 2022-ci il tarixli, BPM**********70 saylı tam kart müqaviləsinə əsasən 296,31 manat əsas borc, 54,54 manat faiz borcu olmaqla, cəmi 350,85 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının Göyçay filialı ilə cavabdeh arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli, BPM**********70 saylı tam kart müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart kredit limiti verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İstehlak krediti müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə cavabdehə 6-2-22/2-53741/2025 nömrəli, 15 dekabr 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Hazırda cavabdehin 07 oktyabr 2022-ci il tarixli, BPM**********70 saylı tamkart müqaviləsinə əsasən iddiaçıya 11 dekabr 2025-ci il tarixinə 296,31 manat əsas borc və 54,54 manat faiz borcu olmaqla, cəmi 350,85 manat məbləğində borcu mövcuddur. Eyni zamanda, tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərib ərizədə mülki işin baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin müraciətini nəzərə alaraq və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan 07 oktyabr 2022-ci il tarixli, BPM**********70 saylı tam kart müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan maliyyə arayışından görünür ki, 11 dekabr 2025-ci il tarixədək cavabdehin iddiaçıya olan ödənilməmiş əsas borcu 296,31 manat, ödənilməmiş faizlər 54,54 manat, cəmi kredit üzrə borcu 350,85 manat təşkil edir. İşdə olan 15 dekabr 2025-ci il tarixli, 6-2-22/2-53741/2025 nömrəli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən kredit müqaviləsi üzrə yaranmış öhdəliyini 5 (beş) gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, əks halda tərəflərindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı göstərilmişdir. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar şəhəri, Dədə Qorqud küçəsi, ev 1-B-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə tam kart müqaviləsi bağlanmış və cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmənin hazırlıq iclasında cavabdeh iddianı qəbul etmiş, banka borcunun olduğunu və ödənilməsini təmin edəcəyini bildirmişdir. Məhkəmə, bu nəticəyə gəlir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, buna görə də kreditorun-iddiaçının borcludancavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bankın xidmət haqqı məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunidir, buna görə də iddia təmin edilməklə cavabdehdən əsas borca görə 296,31 manat, faiz borcuna görə 54,54 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat və bankın xidməti haqqına görə 0,40 manat, cəmi 381,25 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 296 (iki yüz doxsan altı) manat 31 (otuz bir) qəpik, faiz borcuna görə 54 (əlli dörd) manat 54 (əlli dörd) qəpik, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və bankın xidməti haqqına görə 40 (qırx) qəpik, cəmi 381 (üç yüz səksən bir) manat 25 (iyirmi beş) qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(5-164)-72/2026
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-164)-72/2026
12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver