Məhkəmə qərarları › İş №e-2(5-164)-79/2026

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-164)-79/2026

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(5-164)-79/2026 12.02.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı istehlak krediti müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı istehlak kredit müqaviləsi üzrə borcun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 919,04 manat əsas, 179,82 manat faiz borcu olmaqla, cəmi 1098,86 manat məbləğində kredit borcunun, ödənilmiş 30,99 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış CL- EE004932983 nömrəli, 30 noyabr 2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 20,9 faiz ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Borclu-cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Cavabdehə CL-EE004932983 nömrəli, 30 noyabr 2024-cü il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında tərəflərindən 17 noyabr 2025-ci il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Beləliklə, cavabdehə kreditin vaxtında qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi cavabdehin kredit müqaviləsi üzrə banka borcu-919,04 manat əsas, 179,82 manat faiz borcu olmaqla, cəmi 1098,86 manat təşkil edir. Bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti 1098,86 manat olduğundan, tərəflərindən 30,99 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi 21 yanvar 2026-cı il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdehə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi və ya göndərə bilməsi cavabdehə izah olunmuşdur. Cavabdehə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 28 yanvar 2026-cı ildə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq cavabdeh iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərildiyini, prosessual hüquq və vəzifələrinin izah olunduğunu cavabdehin iddiaya qarşı etirazının olmamasını nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan tərəflər arasında bağlanmış 30 noyabr 2024-cü il tarixli, CL- EE004932983 nömrəli istehlak krediti müqaviləsində kreditin məbləği 1000 manat, kreditin müddəti 36 ay, kredit üzrə faktiki illik faiz dərəcəsi 20,9 faiz müəyyən olunmuşdur. İşdə olan 12 yanvar 2026-cı il tarixli maliyyə arayışından görünür ki, 07 yanvar 2026-cı il tarixədək cavabdehin iddiaçıya olan ödənilməmiş əsas borcu 919,04 manat, cəmi ödənilməmiş faizlər 179,82 manat, borc üzrə cəmi tələb edilən məbləğ 1098,66 manat təşkil edir. İşdə olan 13 noyabr 2025-ci il tarixli, 6-2-22/2-47702/2025 nömrəli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən kredit müqaviləsi üzrə yaranmış öhdəliyini 3 (üç) gün müddətində tam şəkildə yerinə yetirilməsi xahiş edilmiş, əks halda tərəflərindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı göstərilmişdir. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə istehlak krediti müqaviləsi bağlanmış və cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh öz riski ilə müqavilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, bu nəticəyə gəlir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, buna görə də kreditorun-iddiaçının borcludancavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,99 manat dövlət rüsumu və 0,40 manat bankın xidmət haqqı məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli cavabdehdən əsas borca görə 919,04 manat, faiz borcuna görə 179,82 manat, ödənilmiş dövlət rüsumuna görə 30,99 manat və bankın xidməti haqqına görə 0,40 manat, cəmi 1130,25 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 919 (doqquz yüz on doqquz) manat 4 (dörd) qəpik, faiz borcuna görə 179 (bir yüz yetmiş doqquz) manat 82 (səksən iki) qəpik, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat 99 (doxsan doqquz) qəpik və bankın xidməti haqqına görə 40 (qırx) qəpik, cəmi 1130 (bir min yüz otuz) manat 25 (iyirmi beş) qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar