Məhkəmə qərarları › İş №e-2(5-167)-75/2026

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-167)-75/2026

13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(5-167)-75/2026 13.03.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 oğlunun vərəsəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilə üzrə yaranmış borcunun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim: İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********65 saylı kredit müqaviləsinə əsasən cəmi 1631.76 (bir min altı yüz otuz bir manat yetmiş altı qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 36.32 (otuz altı manat otuz iki qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Zaqatala filialı ilə X3 oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********65 saylı kredit müqaviləsinə əsasən X3 oğluna 34 ay müddətinə illik 20 faiz olmaqla 2500 manat məbləğində kredit verilmişdir. X2 Yaqub oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Zaqatala rayon 2 saylı Notariat Ofisinin məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 oğlunun adına vərəsəlik işi qanun üzrə vərəsələri olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizələri əsasında açılmışdır. Bankın Zaqatala filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 oğlunun xx.xx.2023-cü il tarixli, BPM**********65 saylı kredit müqaviləsinə əsasən 1631.76 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum X3 oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İşin halları Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 30 aynvar 2026cı il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X3 oğlu arasında bağlanmış BPM**********65 nömrəli 07 iyul 2023-cü il tarixli kredit müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, iddiaçı cavabdehə istehlak məqsədi ilə 34 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. 07 iyul 2023-cü il tarixli məxaric orderindən görünür ki, 2500 manat pul vəsait cavabdeh X3 oğluna təhvil verilmişdir. Azərbaycan Respublikası Zaqatala rayon Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 aprel 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 427078 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabına xx.xx.2024-cü il tarixdə 279 nömrə ilə müvafiq qeyd edilmişdir. İşdə olan Zaqatala Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş reyest nömrəsi 2V- 621 olan xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmiş, arvadı- Cavabdeh2, oğlu- Cavabdeh3 və oğlu- Cavabdeh1 vərəsələri kimi müəyyən edilmişdir. Onların hər bir miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X3 oğluna verilmiş **********52 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu, Yuxarı Tala kənində yerləşən ümumi sahəsi 0.7704 ha olan torpaq sahəsinin ¼ hissəsindən ibarətdir. İşdə olan cavabdeh X3 oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin 3 (üç) gün müddətində tam yerinə yetirilməsi tələb edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağına dair xəbərdar edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, BPM**********65 nömrəli 07 iyul 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, X3 oğlunun xx.xx.2025-ci il tarixədək 1631.76 manat əsas kredit borcu, həmçinin bank tərəfindən ödənilmiş 36.32 manat dövlət rüsumu, bank tərəfindən ödənilmiş 0,40 manat xidmət haqqı üzrə borcu vardır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala rayon Məhkəməsinin hesabına 36.32 (otuz altı manat otuz iki qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsinə əlavə edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı ilə X3 oğlu arasında bağlanmış BPM**********65 nömrəli 07 iyul 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC tərəfindən X3 oğluna illik 20 faiz olmaqla 34 ay müddətinə 2500 manat məbləğində kredit verilmiş, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul edib, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmişdir. X3 oğlu kredit müqaviləsinə əsasən kredit borcunu bir müddət ödəmiş, xx.xx.2024-cü il tarixdə vəfat etmiş və arvadı- Cavabdeh2, oğlu- Cavabdeh3 və oğlu- Qocayev X1 Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş reyestr nömrəsi 2V-621 olan xx.xx.2025-ci tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri kimi müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mərhum X3 oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdirlər. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, BPM**********65 nömrəli 07 iyul 2023cü il tarixli kredit müqaviləsinə əsasən 355.15 manat əsas borc məbləği X3 oğlunun vərəsəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3dan və Cavabdeh1dan müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X3 oğlunun vərəsəsi Cavabdeh2, Cavabdeh3dan və Cavabdeh1dan müştərək qaydada 1631.76 manat məbləğində əsas məbləğ üzrə borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 36.32 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. X3 oğlunun vərəsəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3dan və Cavabdeh1dan müştərək qaydada BPM**********65 nömrəli, 07 iyul 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 1631.76 (bir min altı yüz otuz bir manat yetmiş altı qəpik) manat məbləğində əsas borc alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. X3 oğlunun vərəsəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3dan və Cavabdeh1dan müştərək qaydada 36.32 (otuz altı manat otuz iki qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar