Məhkəmə qərarları › İş №e-2(5-85)-44/2026

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-85)-44/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(5-85)-44/2026 04.03.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Aynur Əvəz qızı, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 986,88 manat, faiz borcu üzrə 9,00 manat olmaqla, cəmi 995,88 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC BOKT Naxçıvan filialı ilə Cavabdeh2 arasında 11 may 2023-cü il tarixli 5263 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh2 maldarlıq məqsədləri üçün illik 10 faizlə 36 ay müddətinə 3000 (üç min) manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İddiaçı QSC-nin Naxçıvan filialı ilə Cavabdeh1 arasında 11 may 2023-cü il tarixli 34/23-OK-09 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Cavabdeh2 əsas və faiz borcunu kredit müqaviləsinə əlavə edilmiş qrafikə uyğun olaraq ödəməli olduğu halda o, müqavilənin şərtlərini pozmuşdur. Bağlanmış 11 may 2023-cü il tarixli 5263 saylı Kredit müqaviləsinə əsasən borcalan Cavabdeh2 İddiaçı QSC-yə olan əsas borc 986,88 manat, faiz borcu 9,0 manat, cəmi borcu 995,88 (doqquz yüz doxsan beş manat səksən səkkiz qəpik) manat təşkil etmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş pretenziya məktubları nəticəsiz qalmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş göndərilmiş, bildirişlər müvafiq olaraq xx.xx.2026-cı il və xx.xx.2026-cı il tarixlərdə qəbul olunmuş, lakin cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Beləliklə məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 11 may 2013-cü il tarixli, 5263 saylı kredit müaviləsindən görünür ki, İddiaçı QSC BOKT Naxçıvan filialı ilə Cavabdeh2 arasında heyvandarlıq məqsədi ilə 36 ay müddətinə, illik 10 faizlə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. 11 may 2013-cü il tarixli 34/23-OK-09 saylı zaminlik müqaviləsindən görünür ki, kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zamin cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Bank tərəfindən Cavabdeh2 və Cavabdeh1 göndərilmiş 29 dekabr 2025-ci il tarixli pretenziyadan görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması və 5 (beş) müddətində tam ödənilməsi barədə xəbərdar edilmişdir; xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 əsas borcu 986,88 manat, faiz borcu 9,00 manat olmaqla, cəmi borcu 995,88 manat təşkil edir. xx.xx.2026-cı il tarixli **********40 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı QSC BOKT ilə Cavabdeh2 arasında bağlanmış 211 may 2023-cü il tarixli 5263 saylı kredit müqaviləsinə əsasən cavabdehin əsas borcu 986,88 manat, faiz borcu 9,00 manat olmaqla, cəmi 995,88 manat borcu yaranmışdır. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh2 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini kreditora ödəməkdən yayınmış və nəticədə onun 11 may 2023-cü il tarixli 5263 saylı kredit müqaviləsinə əsasən kreditora 986,88 manat əsas borcu, 9,00 manat faiz borcu olmaqla, cəmi 995,88 manat borcu yaranmışdır. Digər Cavabdeh1 isə xx.xx.2023-cü il tarixində kredit təşkilatı ilə bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə cavabdeh – Cavabdeh2 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının digər cavabdeh – Cavabdeh1 (zaminə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidirlər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284.5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 986,88 manat əsas, 9,00 manat faiz borcu olmaqla, cəmi 995,88 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq İddiaçı QSC BOKT-a ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin Cavabdeh2 və Cavabdeh1 986,88 manat əsas, 9,00 manat faiz borcu olmaqla, cəmi 995,88 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar