Məhkəmə qərarları › İş №e-2(5-92)-44/2026

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-92)-44/2026

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(5-92)-44/2026 19.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMCnin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq Müəyyən etdi: Tələb

1. İddiaçı BOKT MMC Şərur Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 500 manat əsas, 55 manat 50 qəpik faiz, 105 manat 50 qəpik komissiya və 303 manat cərimə olmaqla, cəmi 964 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025 tarixli **********004 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinizə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 500 manat, faiz borcu üzrə 55 manat 50 qəpik, xidmət haqqına (komissiyaya) görə isə 105 manat 50 qəpik borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də o, borcunu ödəməmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

4. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 (iş) günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır.

5. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır.

İş materialları:

6. xx.xx.2025-ci il tarixli **********004 saylı mikrokredit müqaviləsinə əsasən ona 30 gün müddətinə illik 60,85 faiz ödəmək şərti ilə 500 manat məbləğində istehlak krediti verilmişdir.

7. xx.xx.2025-ci il tarixli **********004 saylı mikrokredit müqaviləsinin məzmunundan görünür ki, kreditin verilməsi "Manato.az" internet səhifəsi vasitəsilə "online" qaydada həyata keçirilir. Borcalan saytda qeydiyyatdan keçdikdən sonra yaradılan "Borcalanın Profili" (şəxsi səhifə) vasitəsilə müraciət edir.

8. Kredit müqaviləsi elektron qaydada, müştərinin nömrəsinə göndərilən OTP (birdəfəlik şifrə) kodunu daxil etməklə bağlanır. Müqavilə "Ümumi şərtlər" və "Xüsusi şərtlər"dən ibarət olur.

9. xx.xx.2025-ci il tarixli **********004 saylı mikrokredit müqaviləsinin: -1.2-ci maddəsinə əsasən Kreditin məbləği Borcalanın ərizəsinə əsasən, Borcalana hissə-hissə verilə bilər. -3.1-ci maddəsinə əsasən verilmiş mikrokreditin məbləği №-li Borcalanın ödəniş kartına köçürülmə yolu ilə təqdim edilir. 1.14-cü maddəsinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT Borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,6% həcmində faiz tələb etmək hüququna malikdir.

10. xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən həmin tarixlərdə FİN nömrəsi xxxxxxx olan cavabdehin bank hesabına ümumilikdə 500 manat kredit köçürülmüşdür.

11. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli **********004 saylı kart vasitəsilə kreditin verilməsi müqaviləsi üzrə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə 500 manat əsas, 55 manat 50 qəpik faiz, 105 manat 50 qəpik komissiya və 303 manat cərimə olmaqla, cəmi 964 manat borcu mövcuddur.

12. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2026-cı il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

13. xx.xx.2025-ci il tarixli, **********06 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

14. Məhkəmə tərəfindən araşdırılmış yazılı sübutlarla müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC (İddiaçı) ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə "Manato.az" internet səhifəsi vasitəsilə "online" qaydada **********004 saylı mikrokredit müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdehə 30 gün müddətinə, illik 60,85% dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir.

15. Müqavilənin şərtlərinə əsasən iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək kredit məbləğini cavabdehin hesabına köçürmə yolu ilə təqdim etmiş, bununla da müqavilə üzrə öhdəliyini icra etmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, kredit üzrə ödənişləri həyata keçirməmişdir.

16. İş materiallarında olan xx.xx.2026-cı il tarixli maliyyə arayışından müəyyən olunur ki, müqavilə üzrə cavabdehin 500 manat əsas borcu, 55 manat 50 qəpik faiz borcu və 105 manat 50 qəpik xidmət haqqı borcu yaranmışdır. Müqavilə şərtlərinə əsasən öhdəliyin vaxtında yerinə yetirilməməsinə görə cavabdehə 303 manat məbləğində cərimə hesablanmışdır.

17. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. Nəticədə müqavilə üzrə cavabdehin ümumi borcu 964 manat təşkil etmişdir.

18. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və nəticədə iddiaçı qarşısında göstərilən məbləğdə borcu yaranmışdır.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 408.1 və 408.2-ci maddələrinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarı: Konstitusiya Məhkəməsi Plenumu sözügedən Qərarında qeyd etmişdir ki: “...mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılması mümkündür".

Məhkəmənin mövqeyi:

21. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

22. Belə ki, iş materiallarından belə müəyyən olunur ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə mülki qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquqi nəticələr doğuran etibarlı kredit müqaviləsi bağlanmışdır. Müqavilə elektron qaydada, müştərinin mobil nömrəsinə göndərilən OTP kodun daxil edilməsi ilə təsdiqlənmişdir ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə (müqavilənin oferta və aksept vasitəsilə bağlanması) tam uyğundur.

23. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək 500 manat məbləğində pul vəsaitini cavabdehin bank hesabına köçürmüşdür. Lakin cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442 və 742.1-ci maddələrinin tələblərini pozaraq, aldığı borcu və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş müddətdə geri qaytarmamışdır.

24. İş materiallarında olan xx.xx.2026-cı il tarixli maliyyə arayışından müəyyən olunur ki, cavabdehin iddiaçı qarşısında 500 manat əsas, 55 manat 50 qəpik faiz, 105 manat 50 qəpik komissiya borcu mövcuddur. Cavabdeh tərəfindən həmin borcun ödənilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 500 manat əsas, 55 manat 50 qəpik faiz, 105 manat 50 qəpik komissiya məbləğinin tutulması barədə tələbi əsaslıdır və təmin edilməlidir.

25. İddiaçının Dəbbə pulu (cərimə) tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün 0,6% məbləğində cərimə nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli qərarına əsasən, məhkəmə tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azaltmaq hüququna malikdir.

26. Nəzərə alsaq ki, hesablanmış 303 manat məbləğində cərimə əsas borcun (500 manat) təxminən 60%-ni təşkil edir, bu məbləğ öhdəliyin pozulması nəticəsində iddiaçıya dəyən real zərərlə müqayisədə aşkar surətdə yüksəkdir və tərəflərin mənafelərinin tarazlığını pozur. Məhkəmə ədalət və ağlabatanlıq prinsiplərini rəhbər tutaraq, cavabdehin maddi vəziyyətini və borcun miqdarını nəzərə alaraq, dəbbə pulunun məbləğinin azaldılaraq, 25 (iyirmi beş) manat həcmində müəyyən edilməsini, cərimənin qalan 278 (iki yüz yetmiş səkkiz) manat hissəsində isə iddia tələbinin rədd edilməsini məqsədəmüvafiq hesab edir.

27. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməmişdir. Bu səbəbdən iddia əsas borc, faiz və komissiya hissəsində tam, cərimə hissəsində isə qismən təmin edilməlidir.

Məhkəmə baxışının hədləri:

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə“mütənasib“olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

Məhkəmə xərcləri:

29. İddia tələbi qismən əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 21,35 manat hissəsi Cavabdeh tutularaq iş üzrə İddiaçı BOKT MMC-yə ödənilməlidir.

Nəticə:

30. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - xx.xx.2025-ci il tarixli **********004 saylı kredit müqaviləsi üzrə 500 manat əsas borc, 55,50 manat faiz borcu, 105,50 manat komissiya və 25 manat cərimə borcu olmaqla, cəmi 686 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilməli; - İddia tələbi cərimənin qalan 278 manat hissəsində rədd edilməli; -Tələb qismən əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 21,35 manat hissəsi Cavabdeh tutularaq iş üzrə İddiaçı BOKT MMC-yə ödənilməlidir.

31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli **********004 saylı kredit müqaviləsi üzrə 500 (beş yüz) manat əsas borc, 55,50 manat (əlli beş manat əlli qəpik) faiz borcu, 105,50 manat (bir yüz beş manat əlli qəpik) komissiya və 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, cəmi 686 (altı yüz səksən altı) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. İddia tələbi cərimənin qalan 278 (iki yüz yetmiş səkkiz) manat hissəsində rədd edilsin. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 21,35 manat (iyirmi bir manat otuz beş qəpik) miqdarında dövlət rüsumu tutularaq iş üzrə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar