Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-93)-115/2026 17.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq; m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əmlaka dəyən zərərə görə ödənilmiş 2000 manat və ödənilmiş 40 manat dövlət rüsumunun Cavabdeh tutularaq cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus olan “Kia Cadenza” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli M0332/21 “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən cəmiyyətdə sığortalanmışdır. Cavabdeh “Hyundaı Azera” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 9-cu mikrorayon ərazisində “Kia Cadenza” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş “inzibati xəta haqqında” İXP ******* nömrəli protokola və “inzibati tənbeh vermə haqqında” TP ******* nömrəli qərara əsasən “Hyundaı Azera” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh AR İXM-nin 327.1-ci maddəsinin törədilməsində təqsirli bilnərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. “Kia Cadenza” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər xx.xx.2022ci il tarixli, MCL-114/22 nömrəli sığorta ödənişi Aktına əsasən 7500 manat məbləğində müəyyən edilmişdir. Sığorta ödənişinə 500 manat məbləğində azadolma tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli, 30032022-9300-415 saylı ödəniş tapşırığna əsasən qalıq məbləğ, yəni 7000 manat sığortalı "xxxx" MMC-yə ödənilmişdir. Dəyən zərər məbləğindən 5000 manat təqsirli şəxsin sığortaçısı olan "xxxx" ASC tərəfindən Cəmiyyətə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş onun elektron kabinetinə yerləşdirilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: MCL-114/22 nömrəli sığorta ödənişi aktından görünür ki, “Kia Cadenza” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Cadenza” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilə 7500 manat məbləğində zərər dəymişdir. 7000 manat məbləğində sığorta ödənişini alan şəxs "xxxx" MMC-dir. xx.xx.2022-ci il tarixli yekun aktından görünür ki, “Kia Cadenza” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 7500 manat məbləğində ziyan dəymişdir. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 9-cu mikrorayon ərazisində “Hyundaı Azera” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 9-cu mikrorayon ərazisində idarə etdiyi “Hyundaı Azera” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yol-nəqliyyat hadisəsi törətmiş, “Kia Cadenza” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş və zərər iddiaçı tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğdə sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 2000 manat məbləğində sığorta ödənişi Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 40 manat məbləğində dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində sığorta ödənişi və 40 (qırx) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(5-93)-115/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-93)-115/2026
17.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver