Məhkəmə qərarları › İş №e-2(5-93)-814/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-93)-814/2026

17.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-93)-814/2026 17.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli Toğrul Salman oğlu İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏNETDİ: İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “X2 Azərbaycan” QSC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 166,14 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X2” Azərbaycan QSC arasında kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və məhkəmənin qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Nəticədə iddiaçı “X2 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. Azcollect” MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən cəmi 1107,62 manat məbləğində ödənilən borc məbləği "xxxx" MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 166,14 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli “hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMCyə cavabdeh tərəfindən "xxxx" QSC-yə ödənilmiş məbləğin 15%-i həcmində, yəni ümumilikdə 166,14 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC və “X2 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “hüquqi xidmət haqqında” müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, kredit kartları və/və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. “X2 Azərbaycan” QSC tərəfindən verilmiş bildiriş (pretenziyadan) görünür ki, “X2 Azərbaycan” QSC tərəfindən Cavabdeh Bank tərəfindən "xxxx" MMC-yə köçürülmüş 166,14 manat məbləğində xidmət haqqının Banka ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. xx.xx.2026-cı il tarixli, **********56 №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 30,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2361/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, “X2 Azərbaycan” X1 Səhmdar Cəmiyyətinin iddiası təmin edilmiş, Cavabdeh əsas borc 669,21 manat, faiz borcu 164,56 manat, cərimə borcu 243,85 manat olmaqla ümumilikdə 1077,62 manat məbləğində pul vəsaiti tutularaq “X2 Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, hazırda iddiaçı Bank tərəfindən cavabdehdən tələb edilən pul tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh tərəfindən vaxtında icra edilməmiş öhdəliyə görə yaranmış borc məbləği deyil. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, Cavabdeh iddiaçı “X2 Azərbaycan” QSC aralarında bağlanmış kredit müqaviləsinə əsasən borcu olsa da 1107,62 manat məbləğində olan bu borc artıq ödənilmişdir. Hətta iddia ərizəsində qeyd edilmişdir ki, bu borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və bu barədə qətnamə də qəbul edilmişdir. Hazırda iddiaçı Bank tərəfindən cavabdehdən tələb edilən 166,14 manat məbləğində pul isə iddiaçı “X2 Azərbaycan” QSC-nin "xxxx" MMC-yə ödədiyini iddia etdiyi xidmət haqqıdır. İddiaçı Bank bu tələbini belə əsaslandırmışdır ki, “X2 Azərbaycan” QSC və "xxxx" MMC arasında hüquqi xidmət haqqında müqavilə bağlanmışdır və bu müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun ödənilməsinin təmin edilməsi "xxxx" MMC-yə sifariş edilmişdir. Bundan başqa iddiaçı “X2 Azərbaycan” QSC Cavabdeh ilə aralarında bağlanmış müqavilə məhkəməyə təqdim edilmədiyindən həmin müqavilədə borcun ödənilməsinin üçüncü şəxslər vasitəsilə təmin edildiyi halda yaranan xərclər barədə borcalanın öhdəliyi nəzərdə tutulması barədə razılıq olması müəyyən edilmir. Məhkəmə isə iddia tələbi ilə razılaşmır. Ona görə ki, Cavabdeh məhkəmə qətnaməsi üzrə borcun tutulması məqsədilə “X2 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 166,14 manat məbləğində xidmət haqqının ödənildiyi təsdiq edən sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Nəzərə alınsa ki, iddiaçı Bank məhz həmin qətnamənin icrası məqsədilə, məhz "xxxx" MMC-yə, məhz 166,14 manat məbləğində xidmət haqqı ödədiyi iddia edir və ödədiyi xidmət haqqını cavabdehdən tələb edir, bütün bu sənədlərin iddia ərizəsinə əlavə edilməsi zəruri idi. Azərbaycan Respublikası qanunvericiliyində məhkəmə qərarlarının məcburi icrası müəyyən edilmişdir ki, bunu da icra məmurları həyata keçirir. Belə ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (“İcra haqqında” Azərbaycan Respublikasının qanunu, mad.2.1). Yəni, Cavabdeh iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə müəyyən məbləğdə pul tutulmasına dair qanuni qüvvəsini məhkəmə qətnaməsinin icra edilməsi üçün aidiyyəti icra qurumuna yönəldilməsi və icra məmuru tərəfindən qətnamənin məcburi qaydada icra edilməsi üçün müəyyən tədbirlər görülməsi qanunla müəyyən edilmişdir. Bunun üçün tələbkar tərəfindən hər hansı xidmət haqqı ödənilməsi tələb edilmir. Bununla belə, nəzərə alınmalıdır ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 390.1). Bu baxımdan iddiaçı “X2 Azərbaycan” QSC-nin "xxxx" MMC ilə bağladığı müqavilə qanuna zidd deyil. Yəni, “X2 Azərbaycan” QSC məhkəmə qətnaməsinin icra edilməsi üçün başqa bir hüquqi şəxslə xidməti müqavilə bağlamağı və bunun üçün müəyyən xidmət haqqı ödəməyi öz mənafeyinə uyğun hesab edirsə, bu cür müqavilə bağlamaqda sərbəstdir. Lakin bu müqavilə üçüncü şəxslərin (eləcə də hazırkı iş üzrə cavabdehin) mənafeyini pozmamalıdır. Nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş istənilən məhkəmə qətnaməsi icraya yönəldilir, icra məmuru tərəfindən qətnamənin məcburi icrası üçün icra hərəkətləri həyata keçirilir. Bu zaman icra sənədi üzrə borcludan müəyyən icra xərci tutulması istisna edilməsə də hər hansı hüquqi şəxsin xeyrinə xidmət haqqı tutulmur. Bu mənada əgər iddiaçı Bank heç bir xidmət haqqı ödəmədən icra məmuru tərəfindən məcburi icrasına nail ola biləcəyi qətnamənin hər hansı hüquqi şəxsə xidmət haqqı ödəməklə icrasına nail olubsa, bu iddiaçı Bankın daxili məsələsidir. İddiaçı Bank heç bir zərurət olmadan, tamamilə könüllü şəkildə bağladığı müqavilə üzrə ödədiyi xidmət haqqını çəkilmiş zəruri icra xərci kimi cavabdehdən tələb edə bilməz. Belə ki, iddiaçı Bankın kredit müqaviləsi üzrə ödənilməmiş borcun cavabdehdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək, qəbul edilmiş məhkəmə qətnaməsinin icrasını tələbkar kimi tələb etmək hüququ olduğu kimi icra sənədi üzrə borclunun da müəyyən hüquqları (məsələn, icra sənədini könüllü icra müddəti ərzində icra edərək icra xərclərindən azad olmaq) var. Bu baxımdan iddiaçı Bankın bağladığı hüquqi xidmət müqaviləsi üzrə çəkdiyi xərclər cavabdehin bu hüquqdan məhrum edilməsi ilə nəticələnməməlidir. Ümumiyyətlə, iddiaçı nəzərə almalıdır ki, qanunla məhkəmə xərclərinin ödənilmiş tələbin məbləğinə mütənasib olaraq tərəflərdən tutulmasının müəyyən edilməsinin məqsədi cavabdeh tərəfindən hüquqlarının pozulması nəticəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və müəyyən xərc çəkmiş iddiaçının ən azından tələbinin təmin edilmiş hissəsinə mütənasib xərclərinin kompensasiya edilməsidir. Yəni, cavabdeh iddiaçının hüquqlarını pozmasaydı, iddiaçı məhkəməyə müraciət etməyə, bu zaman müəyyən xərc çəkməyə məcbur olmazdı. Göründüyü kimi, burada iddiaçı tərəfindən çəkilmiş xərc müəyyən zərurətdən, qanunla müəyyən edilmiş məcburiyyətdən irəli gəlir. Yalnız bu halda qanunvericilik həmin xərclərin digər tərəfin hesabına kompensasiyasına təminat verir. Hazırkı işdə isə bu “məcburilik” müəyyən edilmir. Əksinə, iddiaçı Bank qeyd edir ki, cavabdehdən Bankın xeyrinə pul tutulmasına dair məhkəmə qətnaməsi qəbul edilmişdir. Məlumdur ki, qanuni qüvvəsini almış istənilən qətnamə icraya göndərilir və məcburi icrası üçün icra məmuru tərəfindən icra hərəkətləri həyata keçirilir. Buna baxmayaraq, əgər iddiaçı Bank bununla kifayətlənməyib, qətnamənin icrasına xidməti müqavilə əsasında nail olmuşdursa və bunun üçün müəyyən xidmət haqqı ödəmişdirsə, bu halda hər hansı məcburiyyətdən söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin "xxxx" MMC-yə ödədiyini iddia etdiyi 166,14 manat məbləğində pul nə zəruri məhkəmə (icra) xərci, nə də iddiaçı Banka dəymiş ziyandır. Bu baxımdan iddiaçı Bankın həmin pulu cavabdehdən tələb etməsi əsassızdır. Tərəflər arasında bağlanmış müqavilədə “məhkəmə/icra xərclərinin borcludan tutulması”nın müəyyən edilməsi isə əhəmiyyətsizdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-2. Kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu (qəbz nömrəsi: **********56) iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Toğrul İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar