Məhkəmə qərarları › İş №e-2(5-94)-3/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-94)-3/2026

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-94)-3/2026 03.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 6955,2 manat əsas, 702,7 manat faiz borcu, 90,6 manat cərimə borcu, 0 manat komisyon borcu olmaqla, cəmi 7748,50 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 97,49 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli kredit müqaviləsindən görünür ki, “X1” ASC Cavabdeh 36 ay müddətinə illik 22 faiz olmaqla 7800 manat məbləğində kredit vermiş və vəsaiti onun kart hesabına köçürmüşdür. “X1” ASC tərəfindən cavabdehə göndərilmiş bildirişdən görünür ki, onun xx.xx.2025-ci il tarixinə 6955,2 manat əsas, 413,02 manat faiz və 31,18 manat cərimə daxil olmaqla, cəmi 7399,40 manat borcu yaranmışdır. Cavabdeh banka olan borc məbləğini ödəmək təklif olunmuş, əks təqdirdə faiz və cərimələr də daxil olmaqla borcun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh “X1” ASC-yə kredit müqaviləsi üzrə əsas borc məbləği 6955,2 manat, faiz borc məbləği 702,7 manat, cərimə məbləği 90,6 manat, komisyon haqqı 0 manat olmaqla, cəmi 7748,50 manat borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-cimaddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-cimaddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iş materialları ilə borcalanın müqavilə üzrə vaxtı çatmış borcu 90 gündən çox müddətə gecikdirməsi təsdiq olunduğundan və pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi barədə olduğundan, kreditor 6955,2 manat əsas borc və yalnız borcun vaxtından əvvəl tələb edildiyi, yəni müqavilənin ləğv edildiyi tarixə hesablanmış 413,02 manat faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən cavabdehə hesablanmış 90,6 manat cərimə ağlabatan və ədalətlidir, odur ki, həmin hissədə də iddia tələbi əsaslıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 6955,2 manat əsas borc, 413,02 manat faiz borcu, 90,6 manat cərimə borcu olmaqla, cəmi 7458,82 manat və 94,58 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “X1” ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar