Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-96)-1/2026 06.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı «məhkəmə qərarının (və ya notariusun icra qeydinin) hissə-hissə icra edilməsi və işə yenidən baxılması» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirib Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı «məhkəmə qərarının (və ya notariusun icra qeydinin) hissə-hissə icra edilməsi və işə yenidən baxılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8İ-1364 nömrəli icra qeydi üzrə borc məbləğinin faktiki ödənişlər nəzərə alınmadan hesablanması səbəbi ilə icra sənədinin qismən dəyişdirilməsi məsələsinə baxılması; onun ümumilikdə etdiyi 8.600 manat ödənişin iş materiallarında nəzərə alınması; 1.700 manatlıq əlavə investisiya öhdəliyinin hüquqi əsası və qarşılıqlı hesablamaya daxil edilməsi imkanının araşdırılması; icra hərəkətləri başlanarkən borcun 10.000 manat deyil, əvvəlki ödənişlər çıxılmaqla 6.950 manat kimi müəyyən edilməsi (çünki hesab edir ki, həmin vaxta qədər o, artıq 3.050 manat ödəmişdir, bu səbəbdən icra rüsumu və digər ödənişlər yalnız borcun faktiki qalıq məbləği 6.950 manat əsasında hesablanmalı və icra hərəkətləri başlanarkən qüvvədə olan qanunvericiliyə əsasən hesablanaraq hüquqi qiymət verilməlidir); ailə və maddi vəziyyətinin nəzərə alınaraq borcun aylıq 500 manat olmaqla hissə-hissə ödənilməsi üçün məhkəmə tərəfindən ödəniş cədvəlinin müəyyən edilməsi; zəruri hesab olunarsa məhkəmə baxışı müddətində icra hərəkətlərinin müvəqqəti dayandırılmasının təmin edilməsi; borc münasibətləri boyunca tərəflərə maddi zərərin dəyməsi ehtimalının araşdırılması və belə zərər müəyyən olunarsa, qanuna uyğun balanslaşdırılmış və ədalətli hesablama mexanizminin müəyyən edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası MPM-nin 150-ci maddəsinə əsasən: 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 150.1.7. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 150.3. İddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Belə ki, İddiaçı iddia ərizəsində fərqli-fərqli müstəvilərdə həll edilməli olan tələb və xahişləri birləşdirmişdir. İddia ərizəsinin məzmunundan görünür ki: 1) İddiaçı notarius tərəfindən verilmiş icra qeydinin faktiki mövcud olan borc üzrə verilmədiyini iddia edir və həmin sənədin qismən dəyişdirilməsini xahiş edir; 2) İddiaçı notariusun icra qeydi üzrə tutulmalı olan pul vəsaitlərinin hissə-hissə icra olunmasını xahiş edir. İddia ərizəsində digər tələblər də yer almışdır. Qeyd edilməlidir ki, İddiaçı notariusun verdiyi icra sənədinin faktiki borca istinad edilərək verilmədiyini bildirməsi nəzərə alındıqda, o, notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər, məhkəmədə mülki iş daxil olduqdan (icraata götürüldükdən sonra) borc məbləğinin hesablanması üçün müvafiq ekspertizanın təyin edilməsi və s. bağlı vəsatətlər verə bilər. İddia ərizəsində yer alan digər tələblərin bir qismi məhz borc məbləğinin düzgün hesablanması ilə əlaqədardır. İcra qeydi mübahisələndirildiyi üçün həmin icra qeydində göstərilən pul vəsaitinin hissə-hissə icra edilməsi məsələsinə baxılması, həmçinin iddia icraatı qaydasında baxılması mümkün deyil. Çünki, məhkəmələr icra sənədi üzrə tutulmalı pul vəsaitlərinin hissə-hissə icra edilməsi barədə ərizələrə yalnız o halda baxır ki, tutulması qeyd edilən borc (yaxud icra sənədi) mübahisələndirilməyən borc (yaxud icra sənədi) olsun. Bu qəbildən olan ərizələrə Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinin tələblərinə uyğun (icra sənədi məhkəmə aktına əsasən verildikdə), yaxud eyni qaydalar tətbiq edilməklə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən (digər orqanların icra sənədinə münasibətdə) baxılır. Göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-in 149 və 150-ci maddələrinin tələblərinə riayət olunmamışdır. Azərbaycan Respublikası MPM-in 152.1, 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, o, icra qeydini mübahisələndirmək istəyirsə, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər; icra qeydini mübahisələndirmirsə, həmin icra qeydində tutulması göstərilən məbləğin hissə-hissə icra edilməsinə nail olmaq istəyirsə, müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 267- 268-ci maddələri rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı «məhkəmə qərarının (və ya notariusun icra qeydinin) hissə-hissə icra edilməsi və işə yenidən baxılması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(5-96)-1/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-96)-1/2026
06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver