Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-96)-188/2026 02.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Məmmədova Nigar Kərəm qızı, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 04 avqust 2023-cü il tarixli BAKU 1-55925-23171 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% olmaqla 36 ay ərzində qaytarılması şərtilə 6500 manat məbləğində kredit verilmişdir.
3. Yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 birgə məsuliyyətini müəyyən edən xx.xx.2023-cü il tarixdə Zaminlik müqaviləsi bağlanmışdır.
4. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 243 manat ödəniş etməli idi.
5. Lakin borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur.
6. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh2 16 may 2025-ci il tarixədək əsas borc üzrə 3697.35 manat, faiz borcu üzrə 62.46 manat, dəbbə borcu üzrə 41.07 manat olmaqla ümumilikdə 3800.88 manat borcu vardır və həmin borcun 23 may 2025ci ilədək ödənilməsi tələb edilmişdir.
7. Həmçinin tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər.
8. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 3351.85 manat əsas borc, 104.10 manat faiz borcu və 537.63 manat dəbbə borcu olmaqla ümumilikdə 3993.58 manat borcu mövcuddur.
9. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
10. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 3351.85 AZN əsas, 104.10 AZN faiz borcu və 537.63 AZN dəbbə borcu olmaqla, cəmi 3993.58 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 59.94 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan sübutlar: Mülki iş materiallarında olan:
11. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 04 avqust 2023-cü il tarixli BAKU 1- 55925-23171 saylı kredit müqaviləsinə əsasən kredit verən bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana şəxsi istifadə məqsədləri üçün illik faiz dərəcəsi 20% olmaqla 36 ay ərzində qaytarılması şərtilə 6500 manat məbləğində kredit verilmişdir.
12. "xxxx" MMC ilə “zamin” Cavabdeh1 və “borclu” Cavabdeh2 arasında bağlanmış 04 avqust 2023-cü il tarixli BAKU 1-55925-23171+Baku1-75532 saylı zaminlik müqaviləsinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin yaranma əsası "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 04 avqust 2023-cü il tarixli BAKU 1-55925-23171 saylı kredit müqaviləsidir. Zamin və borclu həmin kredit müqaviləsi üzrə kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər (müqavilənin 2.1-ci bəndi). Müqavilənin 3.1-ci bəndinə görə zaminlik müqaviləsinin müddəti kredit müqaviləsinin qüvvədə olduğu vaxt müəyyən edilmişdir.
13. "xxxx" MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, 04 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2025-ci il tarixə 3697,35 manat əsas, 62.46 manat faiz, 41,07 manat cərimə faizləri olmaqla, cəmi 3800.88 manat məbləğində borcu vardır. Həmin borcun xx.xx.2025-ci il tarixədək ödənilməsi, əks halda qeyd olunan borcun birgə qaydada Cavabdeh1 və Cavabdeh2 tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Həmin xəbərdarlıqda kredit müqaviləsinin 3.1.4-cü bəndinə, yəni kredit müqaviləsinə “kredit verənin” vaxtından əvvəl xitam verə bilməsinə istinad olunmuşdur.
14. xx.xx.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh2 həmin tarixə "xxxx" MMC-yə 3351,85 manat əsas, 104.10 manat faiz, 537,63 manat cərimə faizləri olmaqla, cəmi 3993.58 manat məbləğində borcu vardır.
15. 14.01.2026-cı il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 60 manat rüsum ödənilmiş, 0,40 manat bank xidmət haqqı tutulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər;
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
18. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
19. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
20. 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.
21. 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.
22. 408.7. Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır.
23. 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır.
24. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
26. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
27. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
28. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır;
29. 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, eləcə də icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;
30. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;
32. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər;
33. 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
34. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
35. 739.1-739.2. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır;
36. 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 37.742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 38.742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla);
39. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarı:
41. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir.
42. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir.
43. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.
44. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
45. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir
48. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir:
51. 134.1.1. iddia ərizəsini;
52. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
53. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
54. Maddə 147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.
55. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
58. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
59. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmənin mövqeyi:
60. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
61. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada göndərilmişdir. (Poçt izləməsi barədə məlumatdan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2026-cı il tarixdə iddia ərizəsi və bildirişi qəbul etmişdir (göndərişin nömrəsi: SX086938463AZ), lakin o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
62. Digər Cavabdeh2 iddia ərizəsi və bildiriş göndərilmiş, lakin “ünvan tam” deyil qeydi ilə geri qayıtmışdır.
63. Məhkəmə tərəfindən bildiriş xx.xx.2026-cı il tarixdə “AZDOC” vasitəsi ilə Cavabdeh2 rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilmişdir.
64. Qaradağ Rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2026-cı il tarixli məlumatda qeyd edilir ki, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Hərbi Hissə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır. Bu səbəbdən də yuxarıda qeyd olunanları nəzərə alaraq məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməyiniz məqsədəmüvafiqdir. Məlumat üçün qeyd edilir ki, Cavabdeh2 harada yaşaması barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Puta qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məlumat yoxdur.
65. Göründüyü kimi, Cavabdeh2 Məhkəmə tərəfindən məhkəmə icraatı barədə prosessual qanunun tələblərinə uyğun iddia ərizəsi və bildirişin çatdırılması üçün həm rəsmi ünvana göndərilmə, həm MPM-in 147-ci maddəsinə əsasən, rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilmə qaydasına riayət edilmişdir.
66. Hazırkı iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edilmişdir.
67. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 04 avqust 2023-cü il tarixli BAKU 1-55925-23171 saylı kredit müqaviləsinə əsasən kredit verən bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana şəxsi istifadə məqsədləri üçün illik faiz dərəcəsi 20% olmaqla 36 ay ərzində qaytarılması şərtilə 6500 manat məbləğində kredit verilmişdir. "xxxx" MMC ilə “zamin” Cavabdeh1 və “borclu” Cavabdeh2 arasında bağlanmış 04 avqust 2023-cü il tarixli BAKU 1-55925-23171+Baku1-75532 saylı zaminlik müqaviləsinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin yaranma əsası "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 04 avqust 2023-cü il tarixli BAKU 1-55925-23171 saylı kredit müqaviləsidir. Zamin və borclu həmin kredit müqaviləsi üzrə kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər (müqavilənin 2.1-ci bəndi). Müqavilənin 3.1-ci bəndinə görə zaminlik müqaviləsinin müddəti kredit müqaviləsinin qüvvədə olduğu vaxt müəyyən edilmişdir.
68. Cavabdeh2 ona verilmiş kredit üzrə ödənişləri gecikdirdiyindən, iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehlər yenə də borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
69. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, Cavabdeh2 isə öz öhdəliyini tam icra etməmişdir. Digər Cavabdeh1 isə Cavabdeh2 iddiaçı qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən və kreditor qarşısında onunla birgə məsuliyyət daşıdığından, kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər müştərək qaydada iddiaçıya ödəməlidirlər.
70. Borcun məbləği ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir.
71. İddiaçı öz tələbində maliyyə arayışının verildiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışdakı göstəricilərə uyğun Cavabdeh2 həmin tarixə "xxxx" MMC-yə olan 3351,85 manat əsas, 104.10 manat faiz, 537,63 manat cərimə faizləri olmaqla, cəmi 3993.58 manat məbləğində borcunu tələb etsə də, iddiaçı tərəfindən cavabdehlərə pretenziya verilən – xx.xx.2025-ci il tarixə 3697,35 manat əsas, 62.46 manat faiz, 41,07 manat cərimə faizləri olmaqla, cəmi 3800.88 manat məbləğində borcun xx.xx.2025-ci il tarixədək ödənilməsi, əks halda qeyd olunan borcun birgə qaydada Cavabdeh1 və Cavabdeh2 tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Həmin xəbərdarlıqda kredit müqaviləsinin 3.1.4cü bəndinə, yəni kredit müqaviləsinə “kredit verənin” vaxtından əvvəl xitam verə bilməsinə istinad olunmuşdur.
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə pretenziya (xəbərdarlıq) göndərərək müqavilə üzrə yaranmış bütün borcun ödənilməsini tələb etməsi, lakin cavabdehlərin hərəkətsiz qalması ilə onlar arasında olan müqavilə münasibətlərinə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış borcları tələb etməyə hüququ olmuşdur.
73. İddiaçı hazırkı tələbində 3351,85 manat əsas borc tələb etdiyindən, xx.xx.2025-ci il tarixli pretenziyada göstərilən əsas borc məbləği isə 3697,35 manat olsa da məhkəmə əsas borca münasibətdə iddia tələbində kənara çıxa bilmədiyindən (MPM 218.3) hesab edir ki, cavabdehlərdən tutulmalı əsas borc manat məbləği 3351,85 manat müəyyən edilməlidir. Faiz borcu isə xx.xx.2025-ci il tarixli pretenziyada qeyd olunan 62.46 manat müəyyən edilməlidir.
74. İddiaçı iddiasında 537,63 manat cərimə borcu tələb etmişdir.
75. Məhkəmə hesab edir ki, 3351,85 manat əsas borca münasibətdə 537,63 manat cərimə tənasübsüz surətdə yüksək kimi qiymətləndirilir.
76. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
77. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulunun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
78. Məhkəmə işin hallarını nəzərə alaraq 04 avqust 2023-cü il tarixli müqavilə üzrə dəbbə pulu təyin edilərkən tənasüblük qorunmamışdır odur ki, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, həmin müqavilələr üzrə yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cəmi 54 manat dəbbə pulunun tutulması ədalətlidir.
79. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 3351,85 manat əsas, 62.46 manat faiz, 54 manat cərimə borcu olmaqla, cəmi 3468,31 manat alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə:
80. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 3351,85 manat əsas, 62.46 manat faiz, 54 manat cərimə borcu olmaqla, cəmi 3468,31 (üç min dörd yüz altmış səkkiz manat otuz bir qəpik) manat alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərci:
81. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 54.69 hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" MMC-yə verilməlidir.
82. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3351,85 manat əsas, 62.46 manat faiz, 54 manat cərimə borcu olmaqla, cəmi 3468,31 (üç min dörd yüz altmış səkkiz manat otuz bir qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 54.69 (əlli dörd manat altmış doqquz qəpik) hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nigar Məmmədova