Məhkəmə qərarları › İş №e-2(5-96)-332/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-96)-332/2026

16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(5-96)-332/2026 16.03.2026 BAKI ŞƏHƏRI QARADAĞ RAYON MƏHKƏMƏSI GİRİŞ HİSSƏ Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 300 manat əsas, 26,46 manat faiz, 60,89 manat xidmət haqqı, 205,20 manat cərimə, cəmi 592,55 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2025ci il tarixli ************* saylı “mikro kredit müqaviləsi”nə əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 108 % ödəmək şərtilə 300 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini də (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 300 manat, faiz borcu üzrə 26,46 manat, xidmət haqqına (komissiyaya) görə 60,89 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona 205,20 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, cavabdehin müqavilə üzrə maliyyə arayışı tərtib edilən tarixə olan ümumi borcu 592,55 manat təşkil edir.

3. Cavabdeh Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən rəsmi bildiriş göndərilmiş, tərəfindən ##.##.2026-cı il tarixdə bildiriş təhvil alınmış, lakin heç bir etiraz təqddim edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

4. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli ************* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 30 gün müddətinə illik 108 % ödəmək şərtilə 300 manat məbləğində kredit verilmişdir.

5. İş materiallarında olan cavabdehin borcu ilə əlaqədar ##.##.2026-cı il tarixli maliyyə arayışı və ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə Cavabdeh 300 manat məbləğində əsas, 26,46 manat faiz borcu, 60,89 manat komissiya və 205,20 manat məbləğində cərimə borcu vardır.

ƏSASLANDIRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli Qərarı Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il ## ###### tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.

8. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-6. Ərizə üzrə məhkəmə qətnaməsi 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmənin mövqeyi:

9. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh aldığı kredit üzrə əsas borcu, faiz borcunu və müqavilədə nəzərdə tutulmuş komissiya haqqını ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, həmin pul öhdəliyini yerinə yetirməmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmiş, habelə iddia ərizəsini rəsmi qaydada əldə etdikdən sonra ona hər hansı bir etiraz irəli sürməmişdir. Buna görə də əsas borc, faiz borcu və komissiya hissəsində iddia əsaslı hesab olunmalıdır (maliyyə arayışı ilə təsdiq olunur).

10. Lakin cərimə hissəsi ilə bağlı qeyd olunur ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, cərimə tələbinin azaldılmasını və 20 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə xərcləri:

11. Məhkəmə, həmçinin iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi qismən təmin edildiyindən və ümumi tutulmalı məbləğ 407,35 manat (************* saylı müqavilə üzrə 300 manat əsas borc, 26,46 manat faiz borcu, 60,89 manat komissiya və 20 manat cərimə olmaqla) olduğundan 30,40 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

12. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli mikro kredit müqaviləsi üzrə 300 manat məbləğində əsas borc, 26,46 manat məbləğində faiz borcu, 60,89 manat komissiya və 20 manat cərimə olmaqla, cəmi 407,35 (dörd yüz yeddi manat otuz beş qəpik) manat məbləğində borc və 30,40 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Bank Olmayan Kredit X1 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar