Məhkəmə qərarları › İş №e-2(5-96)-387/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-96)-387/2026

13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-96)-387/2026 13.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Sarıyev Xəyal Əjdər oğlunun sədrliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, yazılı icraatda baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 1.Təsviri hissə: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli L-BK-0067987-F saylı kredit müqaviləsi və BK-00029096saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 555,20 manat (beş yüz əlli beş manat 20 qəpik), faiz borcu üzrə 101,19 manat (bir yüz bir manat 19 qəpik) və cərimə borcu (gecikdirilmə faizi) üzrə 3,61 manat (on yeddi manat 97 qəpik) olmaqla, cəmi 660 (altı yüz altmış) manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında xx.xx.2024-cü il tarixli L-BK-0067987-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 2.1-ci bəndlərinə əsasən, borcluya 12 ay müddətinə, illik 27 % olmaqla 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə BK-00029096saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 1444,80 manat (bir min dörd yüz qırx dörd manat 80 qəpik), müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 324,78 manat (üç yüz iyirmi dörd manat 78 qəpik) və müqavilənin 3.1.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 3,42 manat (üç manat 42 qəpik) olmaqla, cəmi 1773 (bir min yeddi yüz yetmiş üç) manat məbləğində pul ödənilmişdir. Hal-hazırda borclunun təşkilata əsas məbləğ üzrə 555,20 manat (beş yüz əlli beş manat 20 qəpik), faiz borcu üzrə 101,19 manat (bir yüz bir manat 19 qəpik) və cərimə borcu (gecikdirilmə faizi) üzrə 3,61 (on yeddi manat 97 qəpik) manat məbləğində borcu var. Təşkilatla borclunun zamini arasında bağlanmış BK-00029096saylı zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.2-ci bəndinə müvafiq olaraq zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından kreditorun xeyrinə silinməsinə icazə vermişdir.

2. İşə yazılı icraat qaydasında baxılması: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2ci maddələrinə əsasən onlara göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. 3.Əsaslandırıcı hissə: a) İş materialları: xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 12 ay müddətinə illik 27% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. 06 may 2024-cü il tariхli, BK-00029096 saylı zaminlik müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında 06 may 2024-cü il tariхli, BK- 00029096 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 BOKT "xxxx" MMC-nə olan borcu ilə əlaqədar xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-xx.xx.2025-ci il tarixləri aralığında Cavabdeh1 555,2 manat əsas, 101,19 manat faiz, 0 manat cərimə (gecikdirilmə faizi) borcu vardır. BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladıqları xx.xx.2025-ci il tarixli yazılı xəbərdarlıqların surətindən görünür ki, xx.xx.2025-ci il tarixinədək yaranmış borcun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. b)Məhkəmə tərəfindən müəyyən olunan hallar: İddiaçı təşkilatla Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixdə kredit müqaviləsi, Cavabdeh2 arasında isə xx.xx.2024-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə şərtlərinə uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək, Cavabdeh1 kredit versə də, cavabdeh müqavilə şərtlərinin tələblərinə pozmuş, nəticədə ödənilməmiş borc yaranmışdır. Bu səbəbdən iddiaçı tərəf cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. c)Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1.Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Maddə 743.1.Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1.Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394- 1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-5.1.Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 284-5.3.Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. ç)Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Beləliklə, tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, əsas borclu Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Müqavilə şərtləri iddiaçı tərəfindən yerinə yetirilsə də, Cavabdeh1 müqavilə şərtlərini pozmuş, onun iddiaçıya ödənilməmiş borcu yaranmışdır. Buna görə də, iddiaçı müqavilə şərtlərindən çıxış edərək, həm əsas borclu, həm də zaminə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının irəli sürdüyü iddia tələbi üzrə işin faktiki halları, onun iddia tələbinin (kredit və zaminlik müqaviləsi) qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Buna görə də iddia tələbi 555,2 manat ödənilməmiş əsas borc və 101,19 manat faiz borcunun tutulması ilə bağlı hissədə əsaslı olduğundan təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının gecikdirilmiş faiz üzrə tələb etdiyi 3,61 manat məbləğində pulu əsassız olduğundan təmin etməməlidir. Belə ki, həmin tələbi (gecikdirilmə faizi) təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, gecikdirilmə faizinin məbləği 0 (sıfır) manatdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalı, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 29,7 manat ödənilmiş dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 555,2 manat (beş yüz əlli beş manat iyirmi qəpik) əsas borc, 101,19 manat (yüz bir manat on doqquz qəpik) faiz borcu olmaqla, cəmi 656,39 manat (altı yüz əlli altı manat otuz doqquz qəpik) pul vəsaiti və 29,7 manat (iyirmi doqquz manat yetmiş qəpik) dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar