Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-96)-497/2026 19.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Sarıyev Xəyal Əjdər oğlunun sədrliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, yazılı icraatda baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 1.Təsviri hissə: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsinə sadələşdirilmiş icraat qaydada baxılmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11 dekabr 2020ci il tarixli, 1 №-li Restrukturizasiya müqaviləsi üzrə BOKT İddiaçı QSC-nə əsas borc 1200,72 manat, faiz borc 51,29 manat, cəmi 1252,01 manat (bir min iki yüz əlli iki manat, 01 qəpik) borc məbləğinin və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun tutularaq BOKT İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında ilə 11 dekabr 2020-ci il tarixli, 1 №-li “X1 Keçmiş Kredit Borcunun Restrukturizasiya müqaviləsi” (bundan sonra Restrukturizasiya Müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 əsas borcuna illik 1% hesablanmaqla, 5000 (beş min) manat kredit borcunu bu müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətində İddiaçı QSC-nə ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh1 ilə bağlanmış restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC ilə fizki şəxs Cavabdeh2 arasında 11 dekabr 2020-ci il tarixli 1 №-li zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu qrafikə uyğun ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da cavabdeh restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh1 11 dekabr 2020-ci il tarixli, 1 №-li Restrukturizasiya müqaviləsi üzrə İddiaçı QSC-nə əsas borc 1200,72 manat, faiz borc 51,29 manat, cəmi 1252,01 manat borc təşkil edir. Cavabdeh1 zamini Cavabdeh2 kredit təşkilatı ilə borcalan arasında bağlanmış müqavilələrdən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Borcun ödənilməsi barədə Cavabdeh1 və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş pretenziya məktubları nəticəsiz qalmışdır.
2. İşə yazılı icraat qaydasında baxılması: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284- 5.2-ci maddələrinə əsasən onlara göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. 3.Əsaslandırıcı hissə: a) İş materialları: 11 dekabr 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 5 il müddətinə illik 1% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. 11 dekabr 2020-ci il tariхli saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 11 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında 11 dekabr 2020-ci il tariхli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına olan borcu ilə əlaqədar xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il kredit müqaviləsi üzrə Cavabdeh1 1200,72 manat əsas, xx.xx.2025-ci il tarixədək 49,92 manat faiz borcu olmaqla, cəmi 1250,64 manat məbləğində borcu vardır. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2026-cı il tarixli yazılı xəbərdarlığın surətindən görünür ki, xx.xx.2026-cı il tarixinədək yaranmış 1200,72 manat əsas borcun, 51,29 manat faiz borcunun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. b)Məhkəmə tərəfindən müəyyən olunan hallar: İddiaçı təşkilatla Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi, Cavabdeh2 arasında isə xx.xx.2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə şərtlərinə uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək, Cavabdeh1 kredit versə də, cavabdeh müqavilə şərtlərinin tələblərinə pozmuş, nəticədə ödənilməmiş borc yaranmışdır. Bu səbəbdən iddiaçı tərəf cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. c)Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1.Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1.Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 284-5.1.Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 284-5.3.Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. ç)Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Beləliklə, tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, əsas borclu Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Müqavilə şərtləri iddiaçı tərəfindən yerinə yetirilsə də, Cavabdeh1 müqavilə şərtlərini pozmuş, onun iddiaçıya ödənilməmiş borcu yaranmışdır. Buna görə də, iddiaçı müqavilə şərtlərindən çıxış edərək, həm əsas borclu, həm də zaminə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının irəli sürdüyü iddia tələbi üzrə işin faktiki halları, onun iddia tələbinin (kredit və zaminlik müqaviləsi) qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Buna görə də iddia tələbi 1200,72 manat ödənilməmiş əsas borc ilə bağlı hissədə əsaslı olduğundan təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddiaçının faiz tələbi xx.xx.2026-cı il tarixli maliyyə arayışında (müqavilə müddətinin sonu olan xx.xx.2025-ci il tarixədək) göstərilən həddə əsaslı hesab olunmalıdır. Ona görə də iddia tələbi faiz tələbinə dair hissədə qismən əsaslı hesab olunaraq 49,92 manat hissədə təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalı, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 49,92 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1200,72 manat (min iki yüz manat yetmiş iki qəpik) əsas borc, 49,92 manat (qırx doqquz manat doxsan iki qəpik) faiz borcu olmaqla, cəmi 1250,64 manat (min iki yüz əlli manat altmış dörd qəpik) pul vəsaiti və 32,96 manat (otuz iki manat doxsan altı qəpik) dövlət rüsumu tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xəyal Sarıyev