Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-96)-86/2026 14.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızı İddiaçı X1 Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı X2 Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı T.Mustafayeva ixtisasca fizioterapevtdir və Bakı şəhərində ixtisası üzrə çalışırdı. Cavabdeh onun doğma bacısıdır. Həm iddiaçı, həm də cavabdeh Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olsalar da, faktiki olaraq Sumqayıt şəhərində yaşayırlar. Cavabdeh iddiaçıya təklif etmişdir ki, hər gün əziyyətlə Bakıya gedib-gəlməkdənsə, Sumqayıt şəhərində kiçik yer götürüb sağlamlıq mərkəzi açsınlar. İddiaçı cavabdehin təklifi ilə razılaşıb və yer axtarmağa başlayıbdır. Bir qədər axtarışdan sonra ünvan 1 ünvanda yerləşən Şərifzadə adlı şəxsə məxsus olan 75 kv.m. ölçüdə yeri bəyəniblər və aylığı 700 manata icarəyə götürməyə razılaşıblar. İddiaçı həmin yeri təmir etdirməyə başlayıb və bu məqsədlə “Bank of Baku”da depozitə qoyduğu 11000 (on bir min) manat məbləğində pul vəsaitini bankdan çıxarıbdır. Həmin pul vəsaitini o, faktiki olaraq özünə məxsus olan, lakin bacısı Ülkərin adına aldığı torpaq sahəsini xx.xx.2024-cü ildə satmaqla əldə etmiş və banka depozitə qoymuşdur. İddiaçı həmin yeri iş standartlarına uyğun təmir etdirib, zal şəklində olan yeri otaqlara böldürüb, müvafiq avadanlıqlarla, o cümlədən isitmə və soyutma sistemləri və kamera ilə təchiz edib. Bu zaman cavabdehin əri X3 ona təklif edib ki, Sumqayıt şəhərində hüquq-mühafizə orqanlarında dostları çox olduğu üçün,“dəyib-dolaşan” olmasın deyə müqaviləni Ülkərlə bağlasınlar və Ülkərin adına VÖEN açılsın. Bu zaman daha rahat işləyə bilərlər və o da, dostlarına deyər ki, obyekt həyat yoldaşına məxsusdur, kimsə dəyib-dolaşmaz. İddiaçı bu təkliflə də razılaşıbdır. Obyektin icarə haqları, kommunnal xidmət haqları, reklam edilməsi üçün xərclər də iddiaçı tərəfindən ödənilibdir. İddiaçı bu məqsədlə ümumilikdə 15000 (on beş min) manat məbləğində pul xərcləyib, təxminən 1 il bir yerdə işlədikdən sonra, cavabdeh onun qarşısında əlavə şərtlər qoyub, kameranın kodunu dəyişdirib və ona verməyib, bu səbəbdən aralarında narazılıq yaranıb və yekunda bacısı onu obyekdən qovubdur.
3. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-9598/2025 nömrəli, xx.xx.2025-ci il qərardadı (hakim Günay Həşimova) ilə iddiaçı X1 Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir.
4. Qərardad belə əsaslandırılmışdır ki, hər iki tərəfin ayrı-ayrılıqda fərdi sahibkar statusunun olmasına baxmayaraq hazırda tərəflər arasında yaranmış münasibətlərin məhz tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi iş materiallarında öz təsdiqini tapmır. Bundan əlavə hər iki tərəf məhkəmə iclasında bildirmişlər ki, tərəflər arasında sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər yaranmamışdır.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.2, 25.1 və 26.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 11, 12-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
6. Maddə 1. Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.
7. Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.
8. Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
9. Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi
10. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.
11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bənd 11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bənd 12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
Məhkəmənin mövqeyi:
12. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən göndərilmiş hazırkı işin icraata qəbul edilməsindən imtina edilməli və işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün həmin iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir.
13. Belə ki, iddiaçı öz iddia ərizəsində qeyd edir ki, cavabdehin təklifi ilə sağlamlıq mərkəzi açılması üçün 700 manat aylıq icarə haqqı ilə yer götürmüş və oranın təmiri, reklam edilməsi, kommunal xidmət haqları üçün 15000 manat xərc çəkmiş, bacısının ərinin təklifi ilə müqaviləni bacısının adına rəsmiləşdirmiş, bir il bir yerdə işlədikdən sonra cavabdeh onun qarşısında əlavə şərtlər qoymuş, kameranın kodunu dəyişmiş və onu verməmiş, bu səbəbdən aralarında narazılıq yaranmış, yekunda bacısı onu obyektdən qovmuşdur. Hazırda həmin obyektin təmirinə, ilkin dövrdə icarəsinə, reklamına və digər nəzərə alınmayan xərclərə görə 15000 manat məbləğində pul vəsaitini cavabdehdən tələb edir.
14. MPM-in 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
15. Plenum Qərarının 10-cu bəndində də qeyd edildiyi kimi MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
16. Hazırkı işin subyekt tərkibi ilə bağlı bildirilir ki, həm iş materiallarından, həm də “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışlardan müəyyən edilmişdir ki, hazırkı iş üzrə həm iddiaçı T.Mustafayeva (VÖEN: **********) (status aktiv olmaqla), həm də Cavabdeh (VÖEN: **********) (status aktiv olmaqla) fərdi sahibkar kimi uçota alınmışlar.
17. Mübahisənin predmeti və hüquq münasibətinin xarakterinə gəldikdə isə qeyd edilir ki, iddiaçı cavabdehdən tələb etdiyi məbləği məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə yer götürüb, oranın təmir və təchizatına xərclədiyini bildirir. İddiaçının bildirməsinə görə cavabdeh onun qarşısında əlavə şərtlər qoymuş, kameranın kodunu dəyişdirib ona verməmiş, bu səbəbdən aralarında narazılıq yaranmış və yekunda bacısı onu obyektdən qovmuşdur, ona görə də həmin obyektin təmirinə çəkdiyi xərci cavabdehdən tələb edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclas protokolundan məlum olur ki, Cavabdeh bildirir ki, həmin obyekti açan zaman onlar bacısı ilə razılaşmışlar ki, o, obyektin müdiri olacaq, bacısı isə orada işçi olacaq, o, əmək müqaviləsi bağlamağı iddiaçıya təklif etmiş, lakin iddiaçı buna razı olmamışdır, onlar xx.xx.2024-cü ildən fəaliyyətə başlamışlar, bacısının iddia etdiyi xərcləri qəbul etmir, o, bacısına torpaq sahəsi alıb hədiyyə etmiş, bacısı da onun obyektinə qeyd etdiyi malları almışdır (i/v 48-50).
18. Göründüyü kimi, cavabdeh də “sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları obyektin” mövcudluğunu mübahisələndirmir, cavabdehin mübahisələndirdiyi iddiaçının ondan tələb etdiyi xərcin çəkilib-çəkilməməsi məsələsidir. Bu isə həmin işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən araşdırma zamanı maddi və prosessual hüquq normalarının tələblərinə uyğun həll edilməli məsələdir.
19. Hazırkı mərhələdə mübahisənin kommersiya, yoxsa ümumi məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı həm mübahisənin predmeti (iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olub gəlir əldə etmək üçün çəkdiyi və cavabdehin əsassız hərəkətləri nəticəsində məhrum olduğunu iddia etdiyi etdiyi xərcin cavabdehdən tələb edilməsi ilə bağlı subyektiv hüququ-yəni mübahisənin predmeti), eləcə də tərəflər arasında yaranmış hüquq münasibətinin xarakteri də (hər iki tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün açılmış və işləyən obyektin olduğunu qeyd edir və tərəflər arasında mübahisə də həmin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmışdır) mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsinə əsas verir.
20. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırkı mübahisə üzrə subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri ödəndiyindən, hazırkı işin kommersiya məhkəməsinə aidiyyəti müəyyən edilir.
21. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsi məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi barədədir. Həmin normaya görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
22. MPM-in 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir.
23. Azərbaycan Respublikası məhkəmələrində işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işləri, inzibati xətalara dair və digər işlərə, inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati mübahisələrə dair işlərə, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır (“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu). Mübahisənin bu və ya digər məhkəməyə aidiyyətinin müəyyən edilməsi üçün prosessual qanunvericilikdə müfəssəl qaydalar müəyyən edilmişdir. Bu qaydaların təhlili onu göstərir ki, mülki mübahisənin rayon (şəhər) məhkəməsində baxılması, həmin mübahisənin ixtisaslaşmış məhkəmələrdə baxılmalı olmadığı hallarda mümkündür.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
Nəticə:
25. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə belə hesab edir ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən hazırkı işin baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi düzgün olmadığından, iddiaçı X1 Cavabdeh qarşı “pul tələbi” barədə işin icraata qəbul edilməsindən imtina edilərək, MPM-in 32.7-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmələr arasında fikir ayrılığının həll edilməsi üçün hazırkı iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir.
26. Belə ki, şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı X1 Cavabdeh qarşı “pul tələbi” barədə işin icraata qəbul edilməsindən imtina edilsin. Həmin iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin.
Hakim Nigar Məmmədova