Məhkəmə qərarları › İş №e-2(5-97)-282/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-97)-282/2026

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-97)-282/2026 02.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əzizova Şəbnur Rəfail qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə əsas borc üzrə 83985,63 manat və 345 manat dövlət rüsumu olmaqla, ümumilikdə 84330,63 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilmədən verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC (kreditor) ilə Cavabdeh (borclu) arasında “Mövcud borcun ötürülməsi, etirafı və ödəniş şərtləri barədə” xx.xx.2025-ci il tarixdə aşağıdakı məzmunda razılaşma bağlanmışdır: İ.Tərəflər bəyan və qəbul edirlər ki: - kreditor və borclu arasında müqavilə münasibətləri olmuşdur; - müqavilə münasibətləri kreditor ilə borclunun direktoru olduğu "xxxx" MMC arasında yaranmış və mövcud olmuşdur; - borclu direktoru olduğu "xxxx" MMC-nin kreditora bir neçə müqavilə üzrə borcu yaranmış, həmin borcun bir hissəsi ödənilmiş, 83985,63 manat qalıq borc qalmışdır; - borclu həmin borcu tam məbləğdə üzərinə götürür, öhdəliklərin ona ötürülməsini qəbul edir və borcun tam ödəniləcəyinə zəmanət verir; - bu razılaşma bağlandığı gün borclunun kreditora 83985,63 manat qalıq borcu vardır; - borclu qalıq borc məbləğini mübahisəsiz qəbul edir və borcun özü tərəfindən və şəxsi vəsaitləri/əmlakları/gəlirləri hesabına ödəniləcəyini bəyan edir; - borcun/öhdəliyin ötürülməsi ilə bağlı məsələləri, borclu, direktoru olduğu hüquqi şəxsə rəsmi qaydada bildirməyi öhdəsinə götürür. İİİ. Mübahisələrin həlli: - bu razılaşma üzrə öhdəliklərin pozulması halında hər bir tərəf hüquqlarının təmin edilməsi üçün məhkəməyə müraciət edə bilər; - mübahisəyə baxmağa səlahiyyəti olan məhkəmə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsidir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixli çıxarışı ilə müəyyən olunur ki, İddiaçı MMC (dövlət qeydiyyatına alınma tarixi – xx.xx.2017; VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsidir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışla müəyyən olunur ki, Cavabdeh (VÖEN: **********) xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (statusu: aktiv). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 24.2, 24.3-cü maddələrinə müvafiq olaraq, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. - 26-cı maddəsinə müvafiq olaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. - 40.1-40.3-cü maddələrinə müvafiq olaraq, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. - 152.1.3-cü maddəsinə müvafiq olaraq, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. - 152.2, 152.4-cü maddələrinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. - 114.1.3-cü maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının: - 11-ci bəndinə müvafiq olaraq, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır... - 12, 13-cü bəndlərinə müvafiq olaraq, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və xarakteri dəqiq müəyyənləşdirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri, eləcə də, bu meyarların hər üçünün qarşılıqlı bağlılığı rəhbər tutulmalıdır. İddia ərizəsinin ilkin araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflər – İddiaçı MMC (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsidir. Cavabdeh isə (VÖEN: **********) xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (statusu: aktiv). Bununla da müəyyən olunur ki hazırki mübahisənin tərəfləri sahibkarlıq subyektləridir. Tərəflər arasında olan mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə gəldikdə isə qeyd edilməlidir ki, iddia ərizəsində qeyd edilənlərdən (eləcə də əlavə edilmiş sənədlərdən) aydın olur ki, İddiaçı MMC ilə "xxxx" MMC öz sahibkarlıq fəaliyyətlərini həyata keçirərkən işgüzar əlaqələr yaratmışlar. Belə ki, "xxxx" MMC işgüzar münasibətlərdə olduğu İddiaçı MMC-nin istehsal etdiyi məhsulları alaraq satışını həyata keçirmiş, lakin vaxtında ödənişlərin edilməməsi səbəbilə kreditor qarşısında borcu yaranmış, borc məbləği ümumilikdə 83985,63 manat təşkil etmişdir. Həmin ərəfədə Cavabdeh "xxxx" MMC-nin direktoru olmuş, iki hüquqi şəxs arasında yaranmış işgüzar münasibətləri nəzərə alaraq, sahibkarlıq subyektlərinin bağlamış olduğu müqavilələrdən yaranmış öhdəliyi tam həcmdə ödəməyi öz öhdəsinə götürmüş, buna dair İddiaçı MMC ilə razılaşma imzalamışdır. Lakin öhdəlik yerinə yetirilmədyinə görə İddiaçı MMC borcun məhkəmə qaydasında ödənilməsini tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə borcun ötürülməsi barədə razılaşma imzalansa belə, mübahisənin iki hüquqi şəxs arasında qarşılıqlı həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən yarandığını, hazırki mübahisənin predmetini müqavilə münasibətlərindən yaranmış borcun ödənilməsi təşkil etdiyini, tərəflərdən hər birinin sahibkarlıq subyekti olmasını nəzərə alaraq hesab edir ki, hazırki mübahisə kommersiya münasibətlərindən irəli gələn mübahisə olduğu üçün mülki işə aidiyyət qaydalarına müvafiq olaraq məhz kommersiya məhkəməsində baxılmalıdır. Bundan başqa, tərəflər bağlamış olduqları müqavilənin 3-cü bəndi ilə aralarında yarana biləcək hər hansı mübahisəyə baxmağa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini səlahiyyətli məhkəmə qismində müəyyən etmiş olsalar belə, belə bir sazişlə tərəflər mübahisəli işin məhkəmə aidiyyətini dəyişməyə haqlı deyillər. Yuxarıda istinad olunmuş qanunvericilik normalarının hazırki ərizəyə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsinin verilməsi zamanı aidiyyət qaydalarına əməl edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla, iddiaçıya aidiyyəti kommersiya məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 345 manat məbləğində pul (Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) rüsum ödəyicisi "xxxx" MMC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Şəbnur Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar