Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-98)-321/2026 30.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü barədə (açar sözlər: iddia ərizəsinin geri qaytarılması, pretenziya) Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin hakimi İsmayılova Səbinə Vüqar qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehdən 7120 manat və ödənilmiş dövlət rüsumu olaraq 93 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq.
2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat. Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər. 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi.
3. İddia ərizəsinə əlavə edilmiş və tərəflər arasında bağlandığı görünən kredit müqaviləsinin 9-cu bəndində qeyd edilmişdir ki, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə mübahisənin məhkəməyə qədər nizama salınması qaydası müəyyən edilmişdir. Buna baxmayaraq, məhkəməyə təqdim edilmiş hazırkı ərizəyə bu qaydaya riayət edildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmiş, bununla da müvafiq iddia ərizəsi mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilmədən məhkəməyə təqdim edilmişdir.
4. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilmiş nöqsanlarla təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
5. Son olaraq, məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək üçün 93 manat məbləğində dövlət rüsumu ödənilmişir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılmalı olduğundan məhkəmə hesab edir ki, bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının ödədiyi 93 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.
6. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq,
Q Ə R A R A A L D I: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 93 (doxsan üç) manat məbləğində dövlət rüsumu (xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Səbinə İsmayılova