Məhkəmə qərarları › İş №e-2(5-98)-370/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-98)-370/2026

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-98)-370/2026 17.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İlyas İnqilab oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5093.94 (beş min doxsan üç manat 94 qəpik) manat həcmində borc məbləğinin, iddiaçı tərəfindən ödənilmiş 70.94 (yetmiş manat 94 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı MMC və Cavabdeh arasında bağlanmış borc müqaviləsinin şərtlərinə görə müqavilənin bağlandığı gün cavabdeh iddiaçıdan 5093.94 (beş min doxsan üç manat 94 qəpik) manat məbləğində pul almışdır. Müqavilənin şərtlərinə görə borc məbləği xx.xx.2025-ci il tarixinədək tam həcmdə geri qaytarılmalı idi. Lakin, həmin müqavilə üzrə, müqavilə qüvvəyə mindiyi tarixdən etibarən cavabdeh tərəfindən bugünkü tarixədək heç bir ödəniş həyata keçirilmişdir. Cavabdehə dəfələrlə edilmiş şifahi xəbərdarlığa baxmayaraq, heç bir ödəniş olunmamışdır. xx.xx.2025-ci il tarixdə cavabdehə borc müqaviləsinə əsasən ona verilmiş pul vəsaitinin geri alınmasına dair xəbərdarlıq məktubu cavabdehin qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Məktubda müqavilə üzrə cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini icra etməyi üçün xx.xx.2026-cı il tarixədək müddət göstərilmişdir. Xəbərdarlıq məktubu onun qeydiyyatda olduğu ünvana göndərilmişdir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında Cavabdeh iddia tələbində qeyd olunan məbləğ ilə razılaşmadığını, iddiaçının ona telefon mağazasında satmaq üçün məhsul verdiyini, vergi ödəyicisi olduğunu və aralarındakı münasibətin sahibkarlıq fəaliyyəti bağlı olduğunu bildirmişdir. İşin Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etməyərək, məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. İddiaçı MMC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2025-ci il tarixli borc müqaviləsindən görünür ki, borc verən 5093,94 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür.

7. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC-yə olan 5093,94 manat borcun xx.xx.2026-cı il tarixinədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə borc vaxtında və tam şəkildə qaytarılmasa məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyində vergi ödəyicisi kimi ixtisaslaşdırılmış mağazalarda tütünün pərakəndə satışı fəaliyyəti üzrə qeydiyyata alınmışdır (VÖEN: **********, vergi qeydiyyatında olduğu rayon: Abşeron rayonu). O, məhkəmə iclasında İddiaçı MMC ilə şəxsi münasibətlərinin olmadığını, onlar arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə münasibətlərinin yarandığını, Abşeron rayonu Masazır qəsəbəsində telefon mağazası işlətdiyini, iddiaçının ona məhsul verdiyini və həmin məhsullara görə 2100 manat civarı borcun olduğunu bildirmişdir. İddiaçı isə məhkəmə iclaslarına (hazırlıq və baxış) iştirakları olmadan baxılmasını xahiş etmişdir.

c) Tətbiq edilən hüquq və gəlinən nəticə:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3-32.4, 32.7. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarı: 11-ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 20-ci bənd. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 28-ci bənd. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

ç) Məhkəmənin mövqeyi:

11. Göründüyü kimi, İddiaçı MMC kommersiya hüquqi şəxsidir. Kommersiya hüquqi şəxsinin də sahibkarlıq fəaliyyətindən kənar fəaliyyəti yoxdur. Cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (VÖEN: **********). Deməli, hazırkı mübahisənin subyektiv tərkibi olan iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti subyektləridir. İddiaçı ilə cavabdeh arasında olan mübahisənin predmeti sahibkarlıq fəaliyyəti nəticəsində yaranmışdır. Bu, cavabdehin izahatları, tərəflər arasında bağlanmış müqavilədən və digər iş materiallarından müəyyən edilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş borc müqaviləsindən görünür ki, cavabdehin qeydiyyat ünvanı ilə yanaşı onun fəaliyyət ünvanı (Masazır) da qeyd edilmişdir. Cavabdeh də qeyd edir ki, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə İddiaçı MMC ilə onun arasında münasibətlər yaranmış və 2100 manat civarında borc mövcud olmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun blankında da iddiaçının telefon, telefon aksesuarları və elektron cihazlar ticarəti ilə məşğul olmasını göstərən “superfon”, “euroacs” əmtəə nişanları öz əksini tapmışdır. Məhkəmə iclasında iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə iclaslarının (hazırlıq və baxış) nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

12. Məhkəmə mübahisənin subyektiv tərkibi olan iddiaçı və cavabdehin sahibkarlıq fəaliyyəti subyektləri olmasını və mübahisənin predmetinin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq hesab edir ki, hazırkı işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi məqsədəmüvafiqdir.

Nəticə:

13. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, hazırkı iş üzrə mübahisənin subyekt tərkibinin (tərəflər) sahibkarlıq fəaliyyəti subyektləri olduğu və mübahisənin predmetinin sahibkarlıq fəaliyyətindən irəli gəldiyi müəyyən edildiyindən İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31- 32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: İlyas Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar