Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-98)-493/2026 13.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair (açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Giriş hissə: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi İsmayılova Səbinə Vüqar qızı, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: a) iddia tələbi.
1. İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti (bundan sonra İddiaçı BOKT MMC) Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçının xeyrinə 300 manat əsas borc, 24.36 manat faiz borcu, 61.05 manat xidmət haqqı və 183.6 manat cərimə olmaqla, cəmi 569.01 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kreditin verilməsi “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) verilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, **********003 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 45 gün müddətinə illik 108 % ödəmək şərtilə 300 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən, cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas borc üzrə 300.00 manat, faiz borcu üzrə 24.36 manat, xidmət haqqı üzrə 61.05 manat və cərimə borcuna görə isə 183.60 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Müqavilənin 1.14-cü bəndinə görə, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə kreditor borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,6%-i həcmində faiz tələb etmək hüququna malikdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona 183.60 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, cavabdehin müqavilə üzrə maliyyə arayışı tərtib edilən tarixə olan ümumi borcu 569.01 manat təşkil edir.
b) iddiaya etiraz.
3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı hər hansı etiraz məhkəməyə daxil olmamışdır.
Əsaslandırıcı hissə:
a) iş materialları.
4. İddiaçı BOKT MMC (BOKT) ilə Cavabdeh (Borcalan) arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, **********003 nömrəli kredit müqaviləsindən görünür ki, BOKT 300 manat məbləğində krediti illik 108% dərəcəsi, 61.05 manat xidmət haqqı və xx.xx.2025-ci il tarixədək ödənilmək şərtilə Borcalana verməyi, Borcalan isə verilmiş krediti müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq BOKT-a qaytarmağı öhdəsinə götürmüşdür.
5. xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, “Epoint payment. Client xxxxxxx” təyinatı ilə ümumilikdə 300 manat məbləğində pul ödənilmişdir. xxxxxxx iş üzrə Cavabdeh məxsus şəxsiyyət vəsiqəsinin X1.
6. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı BOKT MMC Cavabdeh aralarında bağlanmış kredit müqaviləsi üzrə borcunu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
7. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, İddiaçı BOKT MMC ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh 300 manat əsas, 24.36 manat faiz, 61.05 manat xidmət haqqı və 183.6 manat cərimə olmaqla, cəmi 569.01 manat borcu mövcuddur.
b) tətbiq edilən hüquq.
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 740. Borc müqaviləsi üzrə faizlər. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 742. Borcun qaytarılması. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır... 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) Maddə 743. Kredit müqaviləsinin anlayışı. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 746. İstehlak krediti müqaviləsinin anlayışı. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5. Ərizəyə baxılması qaydası. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 284-6. Ərizə üzrə məhkəmə qətnaməsi. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.
c) məhkəmənin mövqeyi.
10. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
11. Belə ki, nəzərə almaq lazımdır ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericiliyin yuxarıda istinad edilmiş maddələri ilə müəyyən edilmişdir. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə qismən razılaşır.
12. Belə ki, borcun əsası olan kredit müqaviləsi, ödəniş qəbzləri və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən iddiaçı 300 manat məbləğində krediti illik 108% dərəcəsi, 61.05 manat xidmət haqqı və xx.xx.2025-ci il tarixədək ödənilmək şərtilə borcalana (cavabdehə) vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü kreditin ödənilməsi ilə bağlı öhdəliyini pozmuş, nəticədə 300 manat əsas, 24.36 manat faiz borcu və 61.05 manat xidmət haqqı üzrə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, bu məbləğlər cavabdehdən tutulmalıdır.
13. Lakin iddia tələbindən görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə 183.6 manat cərimə hesablanmışdır. Məhkəmə bu məbləğə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
14. Hazırkı işin halları baxımından əsas borc və tələb edilən dəbbə pulunun nisbətini nəzərə alan məhkəmə dəbbə pulunu əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək hesab edir və müqavilə üzrə hesablanmış dəbbə pulunun məbləğinin azaldılaraq 15 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlir.
ç) məhkəmə xərcləri.
15. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə hissə:
16. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ödənilməmiş əsas və faiz borc məbləği, eləcə də xidmət haqqı və cərimə məbləği, həmçinin müvafiq dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
17. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli, **********003 nömrəli müqavilə üzrə 300 (üç yüz) manat əsas borc, 24.36 manat (iyirmi dörd manat otuz altı qəpik) faiz borcu, 61.05 manat (altmış bir manat beş qəpik) xidmət haqqı və 15 (on beş) manat cərimə olmaqla, cəmi 400.41 manat (dörd yüz manat qırx bir qəpik) məbləğində pul Cavabdehdan tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehdan tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Səbinə İsmayılova