Məhkəmə qərarları › İş №e-2(5-99)-146/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-99)-146/2026

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-99)-146/2026 22.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ödənilmiş vəsaitin əsas borcdan və hesablanmış dəbbənin silinməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh ASC-yə qarşı “ödənilmiş vəsaitin əsas borcdan və hesablanmış dəbbənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun tərəfindən Bİrbank vasitəsilə ödənilmiş 03 dekabr 2025-cı il tarixdə 700 manat 00 qəpik (yeddi yüz manat sıfır qəpik) qəbz **********2 və 26 dekabr 2025-ci il tarixdə 330 manat 00 qəpik (üç yüz otuz manat sıfır qəpik) qəbz **********2, ümumilikdə 1030 manat sıfır qəpik (bir min otuz manat sıfır qəpik) vəsaitin borc məbləğindən çıxılmasının təmin edilməsi, dəbbə pulunun hesablanmasının dayandırılmasını və məhkəmənin qərarının qanuni qüvvəyə minən günədək hesablanan dəbbə pulunun tam silinməsini, iddia ərizəsi ilə bağlı ödənilmiş 36 (otuz altı) manat sıfır qəpik rüsumun cavabdehdən tutularaq onun banka borclu olduğu əsas borcdan çıxarılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

3. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə. Məhkəmənin mövqeyi :

4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

5. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, ərazi aidiyyətina dair mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla məhkəməyə müraciət edilmişdir. Hansı ki mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

6. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.

7. “Azemis” Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, Cavabdeh ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanı üzrə, yəni Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə verilməli olduğu halda, iddiaçı tərəfindən ərazi aidiyyətinə dair mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla hazırkı iddia ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilmişdir.

Nəticə :

9. Beləliklə, məhkəmə qeyd edir ki, ərazi aidiyyətinə dair mülki prosessual qanunvericiliyin tələbinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh ASC-yə qarşı “ödənilmiş vəsaitin əsas borcdan və hesablanmış dəbbənin silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

10. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 36 manat məbləğində dövlət rüsumu (Ödəyici: İddiaçı; FİN: xxxxxxx; qəbzin nömrəsi: **********; tarix:xx.xx.2026, saat:10:04:52) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

11. İddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı Cavabdeh ASC-yə qarşı “ödənilmiş vəsaitin əsas borcdan və hesablanmış dəbbəni silinməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 36 manat məbləğində dövlət rüsumu (Ödəyici: İddiaçı; FİN: xxxxxxx; qəbzin nömrəsi: **********; tarix:xx.xx.2026, saat:10:04:52) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar