Məhkəmə qərarları › İş №e-2(5-99)-280/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-99)-280/2026

05.03.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-99)-280/2026 05.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı "qaraj sahəsinə girişdə quraşdırılmış şlaqbaumun qanunsuz hesab edilməsi və sökülməsi, qaraj sahəsinə girişin məhdudlaşdırılmasının qadağan edilməsi və mənəvi zərərin tutulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK tərəfindən qaraj sahəsinə girişdə quraşdırılmış şlaqbaumun qanunsuz hesab edilməsi və sökülməsi, cavabdehə bundan sonra qaraj sahəsinə girişin hər hansı formada (şlaqbaum, elektron, mexaniki və ya texniki vasitələrlə) məhdudlaşdırılmasının qadağan edilməsi barədə öhdəlik qoyulması, cavabdehin hərəkətlərində inzibati xəta əlamətlərinin mövcudluğunun müəyyən edilərək, qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqi üçün müvafiq orqanlara xüsusi qərardad göndərilməsini, ona vurulmuş 5000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması, məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair iddiaçının fikrini öyrənmişdir. İddiaçı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir; 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq qeyd edilməlidir ki, baxmayaraq ki, cavabdeh Bakı şəhəri, Nizami rayonu ərazisində qeydiyyatda olması məhkəməyə məlumdur, lakin nəzərə alınmalıdır ki, hazırki ərizə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 14, 16, 18, 20, 20A, 2-ci zirzəmi mərtəbəsi, qaraj 1, 2-ci zirzəmi mərtəbəsi, qaraj 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə girişi təmin edən şlaqbaumun qanunsuz hesab edilməsi, sökülməsi, cavabdehə bundan sonra qaraj sahəsinə girişin hər hansı formada (şlaqbaum, elektron, mexaniki və ya texniki vasitələrlə) məhdudlaşdırılmasının qadağan edilməsi və s. ilə bağlıdır. Bu səbəbdən tələb mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında tələbdir. Beləliklə, məhkəmə hesab edir ki, mülki işin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunduğu üçün, hazırkı halda aidiyyət məsələsi həll edilməli, mülki iş baxılması üçün əmlakın olduğu yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35.1, 44.2.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı "qaraj sahəsinə girişdə quraşdırılmış şlaqbaumun qanunsuz hesab edilməsi və sökülməsi, qaraj sahəsinə girişin məhdudlaşdırılmasının qadağan edilməsi və mənəvi zərərin tutulması" tələbinə tələbinə dair e-2(5-99)-280/2026 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar