Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-99)-325/2026 16.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Məmmədova Zöhrə Haxverdi qızının vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit üzrə 2770.67 manat əsas borc və 0.01 manat faiz borcu olmaqla, cəmi 2770.68 manat borcun və ödənilmiş 47.71 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə Məmmədova Zöhrə Haxverdi qızı arasında bağlanmış BPM**********37 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Məmmədova Zöhrə Haxverdi qızına illik 21 faizlə 30 ay müddətinə 3520 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 346672 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Məmmədova Zöhrə Haxverdi qızı xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 3857 saylı, xx.xx.2025-ci il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Məmmədova Zöhrə Haxverdi qızının vərəsələri kimi tanınmışlar və onlar miras əmlakdan tam hissədə pay almışlar. Miras əmlakı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi, 68.43 kv/m, yaşayış sahəsi 47.33 kv/m, yardımçı sahəsi 21.1 kv/m olan 3 otaqlı mənzildən ibarətdir. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışına əsasən, Məmmədova Zöhrə Haxverdi qızının xx.xx.2026-cı ilədək Banka ödənilməmiş kredit üzrə 2770.67 manat əsas, 0.01 manat faiz borcu olmaqla, cəmi 2770.68 manat borcu qalmışdır. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 47.71 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər mərhum Məmmədova Zöhrə Haxverdi qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2026-cı il tarixində 6-2-22/2-381/2026 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İş materialları :
3. İddiaçı "xxxx" ASC ilə Məmmədova Zöhrə Haxverdi qızı arasında bağlanılmış BPM**********37 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən borc verən borc alana şəxsi istehlak məqsədi ilə 30 ay müddətinə, illik faiz dərəcəsi 21% olmaqla 3520 manat məbləğdə kredit verməyi, borcalan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “kreditin ödəniş cədvəli”nə uyğun olaraq borcverənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.
4. İddiaçı "xxxx" ASC ilə Məmmədova Zöhrə Haxverdi qızı arasında bağlanılmış BPM**********37 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Məmmədova Zöhrə Haxverdi qızı illik 21% dərəcəsi ilə, 3520 manat məbləğində krediti xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 01-dən gec olmayaraq, xx.xx.2025-ci il tarixədək hər ay 151.82 manat (sonuncu ay 151.56) manat olmaqla, 3520 manat əsas borc, 1034.42 manat faiz borcu olmaqla, cəmi 4554.34 manat ödəməyi öhdəsinə götürmüşdür.
5. AZ-İİ seriyalı, 346672 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Məmmədova Zöhrə Haxverdi qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
6. xx.xx.2025-ci il tarixli, V-163/2025 reyestr nömrəli “qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş Məmmədova Zöhrə Haxverdi qızının vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3dur və onların hər biri miras əmlak olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi, 68.43 kv/m, yaşayış sahəsi 47.33 kv/m, yardımçı sahəsi 21.1 kv/m olan 3 otaqlı mənzildən hər biri 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Sumqayıt Ərazi idarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə Məmmədova Zöhrə Haxverdi qızına verilmiş **********52-05101-093043 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.43 kv/m, yardımçı sahəsi 21.1 kv\m, 3 otaqlı olan mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025 tarixli qeydiyyat nömrəsi **********FW73902 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
7. İddiaçı "xxxx" ASC KB tərəfindən əlavə edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Məmmədova Zöhrə Haxverdi qızının xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilmiş əsas borc 749.33 manat, ödənilmiş faizlər 403.54 manatdır. Ödənilməmiş əsas borc 2770.67 manat, ödənilməmiş faiz 0.01 manat olmaqla, cəmi 2770.68 manat borcu vardır.
8. İddiaçı “X2” ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-xx.xx.2026-cı il tarixli dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, hesab üzrə sonuncu mədaxil əməliyyatı xx.xx.2024-cü il tarixdə həyata keçirilmişdir.
9. İddiaçı "xxxx" ASC tərəfindən Məmmədova Zöhrə Haxverdi qızının vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvanlanmış xx.xx.2026-cı il tarixli bildirişdən görünür ki, BPM**********37 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Məmmədova Zöhrə Haxverdi qızının vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 2770.67 manat əsas kredit borcu və bu borca müvafiq olaraq hesablanmış faiz məbləğini 3 gün ərzində təmin etməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət olunacağına dair xəbərdarlıq edilmişdir.
10. xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 47.71 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları :
11. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
12. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.
13. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 anası Məmmədova Zöhrə Haxverdi qızı arasında BPM**********37 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır.
14. Məmmədova Zöhrə Haxverdi qızı xx.xx.2023-cü il tarixdə ölmüşdür.
15. Məmmədova Zöhrə Haxverdi qızının vərəsələri - övladları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3dur.
16. Miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Sumqayıt Ərazi idarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə Məmmədova Zöhrə Haxverdi qızına verilmiş **********52-05101-093043 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.43 kv/m, yardımçı sahəsi 21.1 kv\m, 3 otaqlı olan mənzildən ibarətdir.
Tətbiq edilən hüquq :
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi :
20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur.
22. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 anası Məmmədova Zöhrə Haxverdi qızı arasında BPM**********37 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır.
23. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2m) (kredit müqaviləsinin 2023-cü ilin oktyabr ayının 1-dək bağlanılması nəzərə alınmaqla).
24. Mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
25. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta vəs. dair şərtlərdir.
26. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 anası Məmmədova Zöhrə Haxverdi qızı arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş etibarlı kredit müqaviləsi bağlanmışdır.
27. Belə ki, tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Məmmədova Zöhrə Haxverdi qızına BPM**********37 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 30 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə 3520 manat məbləğində kredit verilmişdir.
28. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Məmmədova Zöhrə Haxverdi qızının BPM**********37 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2770.67 manat əsas, 0.01 manat faiz borcu vardır.
29. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
30. Belə olan halda iddiaçı "xxxx" ASC tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 anası Məmmədova Zöhrə Haxverdi qızına kredit verilməsi və həmin kredit müqaviləsi üzrə öhdəliyin tam şəkildə yerinə yetirilməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən, iddiaçının məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ mövcuddur.
31. Hazırkı halda isə işin məhkəmə tərəfindən araşdırılaraq qiymət verilməli olan halı iddiaçı "xxxx" ASC-nin həmin pul vəsaitinin ödənilməsini cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələb etmək hüququ olub-olmamasının müəyyən edilməsidir.
32. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı olan iddia tələbini onun Məmmədova Zöhrə Haxverdi qızının vərəsəsi olması ilə əsaslandırmışdır.
33. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı olan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsi təşkil edir.
34. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
35. Ona görə də, hazırkı iddia tələbi məhz qeyd edilən dispozisiya şərti baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
36. Qeyd olunmalıdır ki, miras qoyan şəxsə müqabil tərəf vərəsə hesab olunur. Vərəsə dedikdə elə bir şəxs başa düşülür ki, miras qoyanın əmlak hüquq və vəzifələri vərəsəlik qaydasında məhz ona keçir.
37. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
38. Bu zaman vərəsə iki cür – qanun üzrə və vəsiyyət üzrə olur.
39. Qanun üzrə vərəsələr qanunda miras qoyanın hüquqi varisləri kimi göstərilən şəxslər başa düşülür. Yəni müəyyən şəxslər qanunda ifadə edilən göstərişə əsasən vərəsə ola bilərlərsə, həmin şəxslərə qanun üzrə vərəsələr deyilir. Bu kateqoriya vərəsələrin olması məhz qanunun birbaşa göstərişi ilə bağlıdır. Ona görə də onlara «qanun üzrə vərəsələr» deyilir.
40. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum Məmmədova Zöhrə Haxverdi qızının övladlarıdır. Bu halın mövcudluğunu Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən cavabdehlərin mərhum Məmmədova Zöhrə Haxverdi qızının birinci növbə vərəsəsi olması statusunu təsdiq edir.
41. İddiaçı cavabdehə qarşı iddia tələbini ona Sumqayıt şəhəri, 1 saylı Notoriat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi əsası ilə irəli sürmüşür.
42. İşin faktiki hallarından görünür ki, cavabdehlərə xx.xx.2025-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş Məmmədova Zöhrə Haxverdi qızının vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dur və onların hər biri miras əmlak olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi, 68.43 kv/m, yaşayış sahəsi 47.33 kv/m, yardımçı sahəsi 21.1 kv/m olan 3 otaqlı mənzildən hər biri 1/3 hissədə pay almalıdır.
43. Məlum olduğu kimi miras tərkibcə kifayət qədər geniş və əhatəli anlayışdır. Mirasın kütləsinə əmlak hüquqları, əmlak vəzifələri, habelə müəyyən şəxsi qeyri-əmlak hüquqları daxildir. Burada əmlak hüquqlarının məcmusu miras aktivi, əmlak vəzifələrinin məcmusu isə miras passivi adlanır. Yəni miras aktiv və passivlərin məcmusundan ibarətdir.
44. Miras aktivi anlayışı daha geniş olub miras qoyanın öldüyü məqama kimi malik olduğu əmlak hüquqlarını özündə birləşdirir. Bura əşya hüquqları, öhdəlik hüquqları müstəsna hallarda əqli mülkiyyət hüquqları və korporativ hüquqlar daxil edilir. Vərəsəlik hüququ haqqında şəhadətnamələr də məhz həmin miras aktivlərinə şamil edilən əmlak hüquqlarına dair verilir.
45. Miras əmlak anlayışı vəfat hadisəsi baş verdiyi anadək mövcud olan və ölən şəxsə mənsub olan əmlakı ifadə edir. Məhz bu adi məntiq və həqiqətə görə də Mülki Məcəllənin 1151.1-ci maddəsində göstərilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Vərəsə isə, miras qalan bu əmlakı varislik qaydasında əldə etməyə haqqı olan şəxsi ifadə edir (Mülki Məcəllənin 1133.1-ci maddəsi).
46. Konstitusiya Məhkəməsi Plenumunun vərəsələrin məsuliyyəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
47. İşin hallarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum Məmmədova Zöhrə Haxverdi qızının vərəsəsidir, ona məxsus olan mirası qəbul etmişdir və miras qoyanın hazırki iş üzrə mövcud olan borcuna görə də məsuliyyət daşıyır.
48. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
49. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
50. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Məmmədova Zöhrə Haxverdi qızı arasında bağlanmış BPM**********37 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 2770.67 manat və faiz borcu isə 0.01 manat təşkil edir.
51. Məhkəmə yuxarıdakılara əsasən qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə 2770.67 əsas borc və 0.01 manat faiz borcu tutulmalıdır.
Məhkəmə xərcləri :
52. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47.71 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
53. Məhkəmə iddiaçı "xxxx" ASC-nin ödənilmiş 0.40 manat xidmət haqqının cavabdehlərdən tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərcin əvəzini cavabdehlərdən tələb etmək hüququna malik olduğundan, tələb əsaslıdır, 0.40 manat xidmət haqqı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
54. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəCavabdeh3 2770.67 əsas borc, 0.01 manat faiz borcu olmaqla, ümumilikdə 2770.68 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47.71 manat pul vəsaiti və 0.40 manat xidmət haqqının əvəzi tutulmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2770.67 manat əsas borc və 0.01 manat faiz borcu olmaqla, cəmi 2770.68 manat pul vəsaiti və ödənilmiş 47.71 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva