Məhkəmə qərarları › İş №2(001)-1004/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1004/2024

25.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1004/2024 25.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi(oğlu) X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYP-nin üst hissəsi dalan 6 da yerləşən mənzilə(abonent kodu: **********10000) Cavabdeh tərəfindən hesablanmış 1555 manat borcun silinməsi, həmin müddətə qədər heç bir pulun tutulmaması və qaz verilişinin cavabdeh tərəfindən dayandırılmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYP-nin üst hissəsi dalan 6 da yerləşən mənzil faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda abonent kodu verilməklə cavabdeh Azəriqaz İB tərəfindən qazla təmin olunmaqdadır. 2023-cü ilin 29 aprel tarixində qazın olmaması barədə 104 qaynar xəttə müraciət etmiş və cavabdehin əməkdaşları tərəfindən qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Bu barədə ******* saylı AKT tərtib olunmuşdur. Qeyd etmək istəyir ki, sayğac dəyişdirilən zaman tərtib olunmuş asktda sayğaca müdaxilə və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. xx.xx.2023 tarixdə cavabdeh orqanın əməkdaşları tərəfindən əsassız olaraq ******* saylı akt tərtib edilmişdir. Lakin bu barədə ona və ailə üzvlərinə heç bir sənəd təqdim edilməmişdir. 28 sentyabr 2023-cü il tarixdə övladının aylıq ödənişi həyata keçirdiyi zaman onun hesabına əlavə məbləğin yazıldığının şahidi olmuşdur. Bu barədə BRQSD-yə müraciət olunsa da, borcun hansı səbəbdən yarandığı barədə məlumat verə bilməyəcəklərini qeyd etmişlər. Yaranmış borcla bağlı aidiyyəti üzrə rayon X4 müraciət etməyini tövsiyyə etmişlər. Rayon X4 müraciət etdikdən sonra borcun 1555 manat olduğu bildirilmişdir. Sayğac çıxarılan zaman X3 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişlər ki, 2023-cü ilin aprel ayında evə qazın verilməsində problem yaranmışdı. Belə ki, gah qaz artır, gah da azalırdı.Bu səbəbdən azəriqazın qaynar xəttinə müraciət etmişlər və əməkdaşlar gələrək sayğacı dəyişmiş və sayğacda heç bir problemin olmadığını bildirmişlər. Sentyabr ayında isə ödəniş edən zaman 1555 manat borc hesablandığını bilmişdir. Evə dair hüquq müəyyənedici sənəd olmasa da, qeydiyyatı əks etdirən ev kitabı vardır.Evdə kombi, dördgöz qaz piltəsi və kalonkadan istifadə edirlər. Azəriqaz tərəfindən dəyişdirilən və sonradan quraşdırılan sayğaclar mexaniki olmuşdur. Sayğac küçədə yerləşir və qazın əməkdaşları mütəmadi olaraq nəzaərt etmişlər. Onlar tərəfindən sayğaca hər hansı müdaxilə olunmamışdır.

4. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişlər. Bununla yanaşı iddiaya etiraz vermiş və etirazlarını belə əsaslandırmışlar ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********10000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********2 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə Akta əsasən “sayğacın hesablama mexanizminin plasmas qapağının üzərinə vurulan zavod qurğuşun pıombu kəsici alətlə kəsilərək yapışqan maddə ilə yapışdırılıb , qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023cü il tarixli, ******* saylı “Təbii X2nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış 1555,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin may ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildiririk ki, **********10000 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

5. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYP-nin üst hissəsi dalan 6 ünvanında yerləşən evə Azəriqaz tərəfindən **********10000 abonent kodu verilməklə təbii qazın alqı-satqısı barədə İddiaçı ilə müqavilə bağlanılmışdır. Sayğac fasilə ilə işlədiyi üçün abonent “Azəriqaz “ İB-nə müraciət etmiş və sonuncunun nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə abonentin sayğacına baxış keçirilmiş, bu barədə “qazın sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli AKT tərtib edilmişdir. Sayğac qazı sayğac qazı faislələrlə buraxdığına və ilişdiyinə görə Abonentin Zenner tipli, G-4 markalı, **********2 seriya nömrəli mexaniki sayğacı çıxarılmış və çıxarılan sayğac yenə mexaniki tipli **********8 seriya nömrəli qaz sayğacı ilə əvəzlənmişdir. Həmin akt istehlakçı İddiaçı tərəfindən imzalanmışdır. Çıxarılan sayğacın mexaniki göstəricisi 08032 kub.m olmuşdur.

6. Bundan sonra sayğac xx.xx.2023-cü il tarixdə BRQS Departamentinin dövlət yoxlamasına gətirilmiş və həmin tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və bu barədə MSK-14-2-2/3-5-4843/Q001 saylı AKT tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, baxış keçirilən **********2 seriya nömrəli, Zenner tipli, G-4 markalı, mexaniki göstəricisi 08032 kub.m olan sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ərtafında əzik-cızıq izlərinin olması və nəticədə sayğacın istismara yararsız olması müəyyən edilmiş, qaz itkisinə səbəb olan müdaxilənin araşdırılmalı olması nəticəsinə gəlinmişdir.

7. Bunun əsasında Cavabdeh İB-nin BRQSD-nın rəis müavini tərəfindən xx.xx.2023cü il tarixdə “Təbii X2nın pozulması haqqında” ******* saylı AKT tərtib edilmişdir. Həmin akt-da yanlış olaraq abonentə yeni quraşdırılmış **********8 seriya nömrəli sayğacın yoxlanıldığı qeyd edilmişdir ki, hansı ki, çıxarılan və yoxlamadan keçən sayğacın zavod seriya nömrəsi **********2 olmuşdur. Bununla belə baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ərtafında əzik-cızıq izləri vardır.

8. Həmin AKT-a əsaslanaraq BRQSD-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən 31 may 2023-cü il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Həmin tələbnaməyə əsasən qaz sayğacının maksimal qaz sərfi 6 kub.m orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcminin 12960 kub.m olduğu ehtimal edilmişdir.

9. Bundan sonra itirilmiş qazın həcminin dəyəri olaraq 1555.2 manat borc kimi abonentin koduna hesablanmışdır.

10. İddiaçı sayğacının mexaniki olduğuna görə hər ay Cavabdeh İB-nin nümayəndələri tərəfindən sayğaca əyani baxış keçirilməklə hesabat təqdim etdiyinə əsaslanaraq, onun tərəfindən sayğaca hər hansı müdaxilə faktının müəyyən edilmiş olmasını məntiqsiz hesab edir. Bununla yanaşı cavabdehin onun tərəfindən sayğaca müdaxilə etdiyi qənaəti ilə onun sayğacın işləmədiyi barədə Cavabdeh İB-nə məlumat verməsi və bunun əsasında sayğacın dəyişdirildiyi arasında ziddiyət vardır. Hansı ki, sayğac məhz qazı fasilə ilə buraxdığına görə o Cavabdeh İB-nə müraciət etmiş və bundan sonra sayğacın həqiqətən də işləmədiyi müəyyən edilərək yenisi ilə əvəzlənmişdir.

11. Cavabdeh tərəf isə iddianı ona görə əsassız və yazılan cəriməni ona görə əsaslı hesab edir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ərtafında əzik-cızıq izləri vardır və istehlakçı sayğaca müdaxilə etmişdir. Nəticədə istehlakçının hüquqa zidd və təqsirli hərəkətləri nəticəsində onlara ziyan vurulmuşdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

12. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:

13. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

14. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.

15. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

16. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

18. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

19. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

20. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

21. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

22. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

23. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

24. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

25. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

26. Həmin qaydaların 6.5-ci maddəsinə əsasən(xx.xx.2023-cü il tarixədək olan redaksiyada) Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

28. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. İşin halları ilə müəyyən edilir ki, iddiaçı ona hesablanmış borcun əsassız olduğunu və hər hansı hüquqa zidd əməl törtətmədiyinə görə cavabdehin hərəkətinin qanunsuz olduğunu və borcun silinməsini tələb edir.

33. Cavabdeh tərəf isə iddiaçının hüquqa zidd əməl törətmiş olmasını tərtib edilən AKTlarla sübut etməyə çalışır.

34. Məhkəmə göstərilən normaları və işin müəyyən edilmiş faktiki hallarını dəyərləndirərək o qənaətə gəlir ki, Cavabdeh tərəfindən vurulmuş zərərin həcmi qismində 1555 manat məbləğində abonentə borc hesablaması əsassız olmuşdur.

35. Belə ki, əvvəla sayğaca müdaxilə faktı öz təsdiqini tapmır. Çünki sayğac çıxarılan zaman sayğacın plombu yerində olmuş və sayğacın qazı fasilələrlə buraxdığı, yəni faktiki olaraq nasaz işlədiyi müəyyən edilmişdir. Hansı ki, sayğacın işləməsi müxtəlif səbəblərdən, xüsusilə də onun istismar müddətinin bitməsinə görə mümkündür. Sayğacın işləməməsi zamanı istehlakçının məsuliyyəti yalnız onun sayğaca hər hansı qanunsuz müdaxiləsinin sübut edildiyi halda yarana bilər. Halbuki Cavabdeh İB qaz itkisi baş verdiyi qənaətinə ona görə gəlmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ərtafında əzik-cızıq izləri vardır. Halbuki həmin izlər istənilən səbəbdən yarana bilər və sayğacı bu cür təsirlərdən qorumaq abonentin vəzifəsi deyildir. Bununla belə istehsalçının mövqeyi o zaman əsaslı və məntiqli ola bilərdi ki, hər hansı müdaxilənin nəticəsində, yəni hər hansı hüquqazidd əməlin nəticəsində abonent nəsə əldə etmiş olsun. Halbuki, qaz sayğacı abonentin müraciəti əsasında qazı buraxmamasına görə çıxarılmışdır. Bundan əlavə çıxarılan sayğac mexaniki olmuş və hər ay birliyin nümayəndələri tərəfindən sayğaca baxış keçirilərək sayğac göstəricisinə uyğun olaraq hesabat təqdim edilmişdir. Üstəlik sayğac çıxarılan zaman onun mexaniki göstəricisi qaz sərfiyyatının məqsədyönlü şəkildə az göstərildiyi qənaəti yaratmamışdır. Çünki sayğacın çıxarıldığı 2023-cü ilin yanvar ayında 105 manat, fevral ayında 60 manat, mart ayında 55 manat, aprel ayında 50 manat, sayğac çıxarıldıqdan sonra isə iyun ayında 50 manat, iyul ayında 30 manat, oktyabr ayında 20 manat dekabr ayında 70 manat ödəniş edilmişdir. Yəni sayğacın dəyişdirildiyi və ehtimal olunan müdaxilənin aradan qalxdığı 2023-cü ilin aprel ayından ilin sonuna qədər 220 manat ödəniş edildiyi halda, 2022-ci ilin həmin müddət aralığı üçün abonent tərəfindən 280 manat ödəniş edilmişdir. Bu müqayisə nəticəsində belə qənaət formalaşır ki, sayğaca ehtimal olunan müdaxilə dövrü ərzində abonent tərəfindən müdaxilənin aradan qalxdığı(sayğacın yeniləndiyi) dövrlə müqayisədə daha çox məbləğ ödənilmişdir.

36. Odur ki, abonentin sayğaca müdaxilə etməsi faktı təsdiq olunmadığından və tədqiq edilən abonentin saldosu istehlakçının qazdan istifadəsi nəticəsində əsassız varlanma və hər hansı hüquqdan sui istifadə qənaəti yaratmadığından məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və hesablanmış 1555 manat borc abonentin hesabından silinməlidir.

37. İddianın təmin edilməyən hissəsi isə ondan ibarətdir ki, iddiaçı müvəqqəti təminat tədbiri kimi edilməli olan hərəkətləri tələb kimi irəli sürmüşdür. Halbuki həmin məsələ mübahisəli hüquq münasibətinin predmetini təşkil etmir və mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Tətbiq edilən prosessual normalar

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

41. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir

42. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə

43. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

44. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır

45. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

46. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

47. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 1555 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu:**********10000) silinməli, iddia qalan hissədə təmin edilməməli və istehlakçının ödəməkdən azad olduğu 35.5 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 1555(min beş yüz əlli beş) manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu: **********10000) silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 35.5 (otuz beş manat əlli qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar