Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-997/2026 22.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin ## ###### 2025-ci il tarixli cərimə aktının ləğv edilməsini və əsassız yazılmış 784,50 manat məbləğdə cərimənin silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Avşar kəndində yaşayır. Yaşadıqları evin işıq sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş ## ###### 2025-ci il tarixli akt əsasında onun adına olan işıq sayğacı ilə bağlı ona 784,50 manat məbləğdə əsassız olaraq cərimə yazılmışdır. Həmin cərimənin səbəbi kimi guya sayğacın fiziki təsir nəticəsində dövlət möhürü, zavod möhürləri kəsilməsi, sayğacın daxili sxeminə müdaxilə olunaraq, onun yararsız hala salınması və yanması göstərilmişdir. O və ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə olunmamışdır. Onlara məxsus sayğaca kart vasitəsilə pul yükləmək istəyərkən məlum olmuşdur ki, sayğac kartı qəbul etmir. O, dərhal - ##.##.2025-ci il tarixdə bununla bağlı Ağcabədi Elektrik idarəsinə yazılı ərizə ilə müraciət edib sayğaca baxış keçirilib problemin aradan qaldırılmasını xahiş etmişdir. Əməkdaşlar tərəfindən baxış keçirilərkən bəlli olmuşdur ki, sayğac kartı qəbul etmir və yük əməkdaşlar tərəfindən ölçülmüş, sayğacın yenisi ilə əvəz olunması qeyd olunmuşdur. Sayğacda hər hansı nasazlıq yaranıbsa, buna görə məsuliyyət daşımır. O, həmişə kart vasitəsilə məbləğ yükləmişdir. Sayğacın kartı qəbul etməməsi onun günahı deyildir. İşıq idarəsinin işçilərinin onun barəsində yazdığı cərimə əsassız və qanunsuzdur. İşıq sayğacı hasara bitişik şəkildə küçədə quraşdırılmış və sayğaca işıq idarəsi cavabdehdir. Lakin buna baxmayaraq Cavabdeh ASC-nin əməkdaşları məsələni düzgün araşdırmadan baş vermiş texniki nasazlığa görə məsuliyyəti əsassız olaraq onun üzərinə qoymuşdur. Qanunvericiliyə əsasən sayğacın saz vəziyyətdə olmasına məsuliyyəti Elektrik Şəbəkəsi daşıyır. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Şahəli Musayev) iddia qismən təmin edilərək, Ağcabədi rayonunun Avşar kəndində yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: 821360800600635 olan) abonentə Cavabdeh ASC tərəfindən hesablanmış 784,50 manat məbləğdə borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh ASC-dən 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən enerji təhcizatı müəssisəsinin əməkdaşları tərəfindən tərtib edilmiş olan aktın əsassız olduğunu iddia etsə də, işin fakitiki halları və cavabdeh cəmiyyətin təqdim etdiyi sənədlərlə iddiaçı tərəfindən Elektirk enerjisindən istifadə qaydalarının pozulması halı sübuta yetirilməmişdir. İddiaçıya məxsus işıq sayğacına kart vasitəsilə pul yükləmək istəyərkən sayğac kartı qəbul etməmiş o, dərhal ##.##.2025-ci il tarixdə bununla bağlı Ağcabədi Elektrik idarəsinə yazılı ərizə ilə müraciət edib sayğaca baxış keçirilib problemin aradan qaldırılmasını xahiş etmişdir. Bundan sonra cavabdeh təşkilatın nümayəndələri vətəndaşın müraciəti əsasında sayğaca baxış keçirmək üçün ünvana gəlmiş, sayğaca baxış keçirilmiş, akt tərtib edilmiş, abonentin sayğacına baxış keçirilən zaman nöqsanın yalnız sayğac kartı qəbul etməməsi qeyd edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, həmçinin videogörüntüdə ekspertin verdiyi ifadədən müəyyən olunur ki, dövlət möhürü, zavod möhürləri kəsilməsi vizual olaraq göründüyü halda aktda nöqsan yalnız sayğac kartı qəbul etməməsi qeyd edilmişdir. Bul hal onu deməyə əsas verir ki, sayğac cavabdeh təşkilat tərəfindən aparılarkən dövlət möhürü, zavod möhürlərinin kəsilməsi halı mövcud olmamışdır. Bundan başqa, cavabdeh təşkilat təlimata uyğun olaraq öz təşəbbüsü nəzarət qaydasında deyil, iddiaçının müraciəti əsasında sayğaca baxış keçirmişdir. Belə olan halda, iddiaçının özü tərəfindən qanunsuz olaraq sayğaca müdaxilə etməsi ağlabatan deyil. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş işıq sərfiyyatına görə ödənilmiş məbləğlərlə bağlı çıxarışdan müəyyən olunur ki, sayğac yeniləndikdən sonra əvvəlki illərlə hazırkı vəziyyət arasında elektrik enerjisindən istifadəyə görə hər hansı ciddi fərq mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ASC-nin nümayəndələri tərəfindən Ağcabədi rayonunun Avşar kəndində yerləşən iddiaçıya məxsus yaşayış evinin xarici tərəfində divarda quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğacının proqram təminatı pozulması və onun xətdən axan elektrik yükünü qeyd etməyərək işləməməsinin aşkarlanması barədə ##.##.2025-ci tarixli NİM ****** №-li akt tərtib edilmişdir. ##.##.2025-ci il tarixdə həmin akt əsasında hesabat aparılmış və hesabat müddəti 90 gün götürülməklə 784,50 manat zərər müəyyən edilmişdir. Lakin məhkəmə hesab edir ki, enerji təhcizatı müəssisəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci tarixli NİM ****** №-li akt üzrə hesabatın 90 gün nəzərə alınmaqla aparılması əsassızdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 560.3.2ci, 425-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2005-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6-cı, 8.2-ci, 8.16-cı, 8.17-ci bəndlərinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən halları və sübutları tam və kifayət qədər araşdırmamış, bununla da MM-in 21, 1096, 1097-ci, MPM-in 385, 386, 387-ci maddələrinə və EEİQ-nın tələblərinə zidd olaraq qətnamə çıxarmaqla “xxxx” ASC-nin hüquqlarını pozmuşdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən heç bır sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, işin faktiki halları aydınlaşdırılmamışdır. Belə ki, mübahisələndirilən ## ###### 2025-ci il tarixli R****** №-li akta əsasən iddiaçının elektirk sayğacı dəyişdirilmiş, EEİQ-nın tələbinə əsasən həmin sayğacın laboratoriya şəraitində araşdırılması zərurəti yaranmış, bu barədə iddiaçı məlumatlandırılmış, lakin o araşdırmada iştirak etməmişdir. Araşdırma zamanı hesablaşma elektrik sayğacının daxili mexanizminə müdaxilə olunması müəyyən olunmuşdur. Bu barədə müvafiq protokol tərtib olunmuş, yol verilmiş pozuntunun videoçəkilişi aparılmışdır. Məhkəmə tətbiq etdiyi normalarla düzgün qənaətə gəlməmişdir. Çünki sayğac iddiaçının balans mənsubiyyəti və məsuliyyət dairəsində olmuşdur. Istehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, sayğacda yaranmış problem yalnız kartın oxunmaması ilə əlaqədar olmuşdur. Bundan başqa, sayğacla bağlı hər hansı problem mövcud olmamışdır. Sayğacın kartı oxumaması ilə əlaqədar aidiyyəti üzrə “xxxx” ASC-nin müvafiq xidmətinə müraciət etmişlər. Müraciət əsasında əməkdaşlar ünvana gələrək sayğaca baxış keçirmiş və onun dəyişdirilməsi ilə bağlı ərizə yazmalı olduqlarını bildirmişlər. Lakin sonradan onların hansı əsasla və qaydada yoxlama apardıqları barədə əvvəlcədən məlumatları olmamışdır. Tərəflərindən sayğaca hər hansı müdaxilə edilməmiş, onun konstruksiyasına və ya iş prinsipinə dəyişiklik edilməmişdir. Apellyasiya şikayətində sayğacın plomblarının qırıldığı və sayğaca müdaxilə edildiyi nəzarət yoxlaması zamanı aşkar edildiyi qeyd olunur. Lakin bu hal həqiqəti əks etdirmir. Belə ki, sayğacla bağlı problemi aşkar edən və bununla əlaqədar aidiyyəti quruma müraciət edən məhz özləri olmuşlar və müraciətləri əsasında əməkdaşlar ünvana gələrək sayğaca baxış keçirmişlər. Bundan əlavə, sonradan sayğac onların məlumatı və iştirakı olmadan sökülərək ekspertiza və ya yoxlama üçün aparılmışdır. Atası sayğaca baxış keçirilməsi və onun vəziyyəti ilə tanış olmaq məqsədilə aidiyyəti quruma müraciət etsə də, sayğac ona göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq, birinci instansiya məhkəməsinin qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ##.##.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı Ağcabədi Elektrik İdarəsinin rəisinə ərizə ünvanlayaraq bildirmişdir ki, ona məxsus olan sayğac kartı qəbul etmir. Sayğaca baxılaraq problemin aradan qaldırılmasını xahiş etmişdir. Cavabdeh ASC tərəfindən abonentə yazılmış ##.##.2025-ci il tarixli ****** saylı aktda qeyd edilmişdir ki, EEİQ-nin tələblərinə əsasən sayğaca baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacı kartı qəbul etmir. Xəttdən axan elektrik yükü Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ölçülmüşdür. EEİQ-yə əsasən sayğacın yenisi ilə əvəz edilməsi qərara alınmışdır. Cavabdeh ASC-nin “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” ****** №-li protokoldan görünür ki, istehlakçı İddiaçı məxsus Ağcabədi rayonunun Avşar kəndində yerləşən fərdi yaşayış evində quraşdırılan sayğac Cavabdeh ASC tərəfindən abonentə yazılmış ##.##.2025-ci il tarixli ****** saylı akt əsasında yeni sayğacla əvəz edilmiş, çıxarılan sayğac isə laboratoriyaya rəyə göndərilmişdir. Qeyd hissəsində isə göstərilmişdir ki, sayğacın fiziki təsir nəticəsində dövlət və zavod möhürləri kəsilib, sayğacın daxili sxeminə müdaxilə olunub, istismara yarasız vəziyyətə salınmışdır. Cavabdeh ASC tərəfindən verilmiş “Əhali istehlakçıları qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər”dən görünür ki, istehlakçı İddiaçı məxsus Ağcabədi rayonu Avşar kəndində yerləşən fərdi yaşayış evində quraşdırılan abonent kodu 821360800600635 olan sayğacda qüsur aşkar edilmişdir. Belə ki, həmin qüsur kimi sayğacın daxili sisteminə müdaxilə olunması göstərilmişdir. Satış sahəsi üzrə tələb olaraq isə 3,7 kvt x 24 saat x 0,7 x 90 gün = 5594 kvts, 600 kvts x 0,084 man = 50,40 manat, 300 kvts x 0,10 man = 30,00 manat, 4694 kvts x 0,15 man = 704,10 manat olmaqla, cəmi 784,50 manat göstərilmişdir. xxxx ASC-nin *************** saylı abunə haqqında məlumatın surətindən görünür ki, İddiaçı 784,50 manat borcu mövcuddur. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” ## ######## 1995-ci il tarixli **** saylı Qanunun 3-cü maddəsinə əsasən istehlakçı öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Qanunun 14-cü maddəsinin 1-ci bəndinə görə bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Adıçəkilən qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2005-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 6.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X2 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X2 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. Qaydaların 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların 8.17-ci bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbul edicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında Cavabdeh ASC tərəfindən tərtib edilmiş sayğaca müdaxilə edilməsi ilə bağlı aktlar mövcud olsa da, həmin hallara görə iddiaçı barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi müəyyən olunmur. Öz-özlüyündə sayğaca müdaxilə barədə aktın tərtib edilməsi istehlakçının təqsirinin mübahisəsiz şəkildə müəyyən edilməsi və onun məsuliyyətə cəlb olunması üçün kifayət hesab edilə bilməz. Belə ki, müdaxilənin məhz iddiaçının təqsirli əməli nəticəsində baş verməsi, habelə hesablanmış borcla iddiaçının təqsirli davranışı arasında birbaşa səbəbli əlaqənin mövcudluğu əsaslandırılmalı və sübut edilməlidir. Bu baxımdan, cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun yaranma əsasları və həmin borcun məhz iddiaçının təqsirli əməli ilə əlaqədar olması sübut edilmədiyindən, həmin borcun iddiaçıdan tutulması üçün hüquqi əsasların mövcudluğu müəyyən olunmur. Beləliklə, məhkəmə tərkibi Cavabdeh ASC-nin apellyasiya şikayətində göstərdiyi dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh şikayətin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-997/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-997/2026
22.09.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver