Məhkəmə qərarları › İş №2(3-9)-914/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-914/2026

24.09.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-914/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən ona qanunsuz və əsassız hesablanmış 3110 manat 40 qəpik borcun azaldılaraq həmin borcun 64 manat 82 qəpik məbləğində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 86 yaşlı qaynanası, gəlini və 3 körpə nəvəsi ilə birgə yaşayır. Əri çoxdandır ki, vəfat etmişdir. Oğlu isə 2020-ci ildə həbs olunaraq CÇM-də cəzasını çəkir. Özü xadimə işləməklə ailəsini dolandırır. ## ######## 2023-cü il tarixdə qaz idarəsi işçilərindən iki nəfər gəlib sayğacdan kənar xətti görüb getmiş, daha sonra həmin günü 3 nəfər onlara gələrək sayğacdankənar xətti kəsib akt tərtib etmişlər. Bundan sonra onu aldadaraq həmim aktı imzalatdırmışlar. Bu yaxınlarda həmin aktın surətini aldıqda ona bildirmişlər ki, sayğacdankənar xəttə görə ona borc hesablanmışdır. Bildirir ki, sayğacdankənar xətt aşkar edilən vaxtı qaz xətti qoşulmuş olsa da, qaz yanmırdı. ünvan 1 ünvanı üzrə 28420441 ******* nömrəli kodla cavabdeh “Azəriqaz” İstehsalat birliyində qeydiyyatda olsa da onunla hər hansı bir müqavilə bağlanılmamışdır. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnаməsi ilə (hakim Muradağa Qasımov) iddia təmin edilmiş, cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin Lənkəran regional Qaz İstismar İdarəsi tərəfindən hesablanmış 3110.40 manat məbləğində borcun silinməsi, həmin borcun 64.82 manat həddində müəyyən edilməsi, cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 51.10 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında ##.##.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı istifadəsində olan sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni olaraq qazdan istifadə edilir. Abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin sentyabr ayı üçün 3110.40 manat borc hesablanmışdır. DVD diskindəki görüntülərdən görünür ki, iddiaçının evinə quraşdırılmış sayğacdan əvvəl qaz borusu çəkilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Qazdan istifadə Qaydaları”nın 6.5-cı bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, iddiaçının təqsirli olub-olmadığını müəyyən etmək üçün o, qazın talanmasında təqsirli bilinməlidir. Lakin hazırda cavabdeh iddiaçının təqsirliliyində dair EN nin, cinayət təqibi orqanının və ya məhkəmənin qərarını məhkəməyə təqdim etməmişdir. Onun təqsiri sübuta yetirlməyincə cavabehin iddiaçıdan zərərin əvəzini tələb etmək əsassızdır. Göstərilənlər onu deməyə əsas vermişdir ki, iddiaçının tələbi əsaslıdır. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, iddiaçı özü onun cavabehə 64.82 manat borcunun olduğunu etiraf etdiyindən, onun cavabehə olan borcun məbləği 64.82 manat həddində müəyyən edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1097-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ”Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” ## ### 2011-ci il tarixli, ** saylı qərarı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 107, 119.2, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh “Azəriqaz” İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və cavabdeh “Azəriqaz” İB Lənkəran RQİİ tərəfindən iddiaçı İddiaçı adına ##.##.2023-cü il tarixli, ******* saylı akt və həmin akt əsasında itirilmiş qazın bərpasına görə hesablanmış 25920 kub. metrin qaza görə hesablanmış 3110,40 manat kimi müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, ##.##.2023cü il tarixdə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə iddiaçının abonent kodu verilmiş fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən iddiaçı tərəfindən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni iddiaçı tərəfindən sayğacdan kənar istifadə etməsi faktı aşkar olunmuş, həmin fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akta görə itirilmiş qazın bərpası üçün qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına əsasən Lənkəran RQİİ-nin mütəxəssisləri tərəfindən itirilmiş qazın bərpası üzrə iddiaçının abonent bazasında 25920 kub metr olmaqla 3110,40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Belə ki, birinci instansiya məhkəməsi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta istinad etməmiş, hansı ki, abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasına və sayğaca baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi faktı aşkar edilmiş və bu əsasla da həmin akt tərtib edilmişdir. Həmçinin də dəymiş ziyanın bərpasına dair tələbnamələrə istinad etməmiş, (Qaz təchizatı haqqında qanunun 8.1 maddəsinə uyğun) hansı ki, qərəzli, təqsirli hərəkətlər nəticəsində cavabdehə dəymiş ziyanın həcminin hansı qaydada hesablanmasını əks etdirir. Məhkəməyə təqdim etdiyi sənədlər, video yazı sübut kimi qəbul edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə maddi ziyan vurmasına dair cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapmış faktlara istinadən verilmiş geniş, ətraflı izahatlara göz yummuş, həmin faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət vermişdir. Digər tərəfdən əgər SALDO-ya nəzər salınsa aydın olar ki, əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı azdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Çünki onun təqsirini sübut edən şahidlər olmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı borcun qanunsuz hesablandığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh təşkilata məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir (təmsil olunmamışdır). Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əssən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hal-hazırda mübahisələndirilən qətnamə ilə iddia tələbi tam təmin edilmiş, cavabdeh apellyasiya şikayəti verərək qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-144)-888/2026 qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin Lənkəran regional Qaz İstismar İdarəsi tərəfindən hesablanmış 3110.40 manat məbləğində borcun silinməsi, həmin borcun 64.82 manat həddində müəyyən edilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, mübahisəni düzgün olaraq yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** saylıqərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında ##.##.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı istifadəsində olan sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni olaraq qazdan istifadə edilir. Abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin sentyabr ayı üçün 3110.40 manat borc hesablanmışdır. Məhkəmədə işin faktiki halları və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı abonent saldosuna “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarını pozduğu üçün Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında ümumilikdə 3110 manat 40 qəpik borc yazılmışdır. Lakin İddiaçı evində qazpaylayıcı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Belə ki, qanunvericiliyə görə (Cinayət Məcəlləsinin 189-1-ci maddəsi, İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi) təbii qazın talanması dəyərindən asılı olaraq cinayət və ya inzibati məsuliyyətə səbəb olur. Təbii qazın talanmasına görə şəxsdən pul tələb edilməsi üçün, ilk növbədə, talama hadisəsi cinayət təqibi və ya inzibati xətalara dair icraat qaydasında araşdırılmalı, təqsirlilik məsələsi həll olunandan sonra şəxsdən vurulmuş ziyan mülki icraat qaydasında, yaxud da cinayət işinə baxılması ilə əlaqədar mülki iddia verməklə tələb oluna bilər. Bunun üçün “Azəriqaz” İstehsalat Birliyi təbii qazın talanması ilə əlaqədar İddiaçı cinayət və ya inzibati məsuliyyətə cəlb olunması üçün ilkin olaraq aidiyyəti orqanlara müraciət etməli, İddiaçı təqsiri sübuta yetirilərdisə, bundan sonra ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməli idi. Qeyd olunan hallar müəyyən edilmir. Bundan əlavə apellyatorun əsas dəlili ondan ibarətdir ki, ##.##.2023-cü il tarixdə iddiaçının istifadə etdiyi ünvanda sayğacdan kənar qaz xəttinin mövcudluğu aşkar edilmiş, bu hal ##.##.2023-cü il tarixli, ******* saylı aktla rəsmiləşdirilmiş və həmin akt əsasında 25920 kubmetr qazın dəyəri 3110,40 manat məbləğində hesablanmışdır. Apellyator həmin halların iddiaçının təbii qazdan qanunsuz istifadəsini və cavabdehə ziyan vurmasını təsdiq etdiyini bildirir. Lakin məhkəmə tərkibi qeyd edir ki, qaz paylayıcısının əməkdaşları tərəfindən akt tərtib edilməsinin özü iddiaçının təqsirinin və ona 3110,40 manat məbləğində ziyan vurulmasının mübahisəsiz şəkildə müəyyən edilməsi anlamına gəlməmişdir. Həmin aktda sayğacdan kənar xəttin mövcudluğunun göstərilməsi həmin xətt vasitəsilə qazın faktiki olaraq istehlak edilməsi, qazın talanması və bu hərəkətin məhz iddiaçı tərəfindən törədilməsi hallarını sübut edə bilməz. Halbuki, birinci instansiya məhkəməsinin də düzgün olaraq qeyd etdiyi kimi, şəxsdən təbii qazın talanmasına görə dəymiş ziyanın tələb edilməsi üçün yalnız qaz paylayıcısının tərtib etdiyi aktın mövcudluğu kifayət hesab edilə bilməz. İlk növbədə, qazdan qanunsuz istifadənin və ya qazın talanmasının baş verməsi, həmin hərəkəti törədən şəxsin müəyyən edilməsi və onun təqsirinin müvafiq qaydada təsdiq edilməsi zəruridir. Beləliklə, apellyasiya şikayətində göstərilən hallar birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Apellyator tərəfindən təqdim edilən akt, video görüntüləri və hesablanmış məbləğ iddiaçının qazdan qanunsuz istifadəyə görə təqsirli olmasını və məhz onun hərəkətləri nəticəsində 3110,40 manat məbləğində ziyanın yaranmasını kifayət qədər və mötəbər şəkildə sübut etməmişdir. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda mübahisələndirilən hissənin qiyməti beş min manatdan az olduğundan hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar