Məhkəmə qərarları › İş №2(3-7)-1399/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1399/2026

23.09.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1399/2026 23.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin(bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh İsax oğluna(bundan sonra- cavabdeh) qarşı “kommunal xidmətə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 342,67 manat kommunal xidmətə görə yaranmış borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) 2##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsalandırmışdır ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində olan tərəflərə aid məlumatlardan görünür ki, cavabdeh Cavabdeh İsax oğlu Kəlbəcər rayonu, Ağdaban kəndində qeydiyyatdadır. Cavabdeh Tərtər rayonu ərazisində qeydiyyatda deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsinə ümumi qaydadan fərqli ərazi aidiyyətinin müəyyən edilməsinə əsas verən tərəflər arasında bağlanmış müqavilə əlavə edilmədiyindən iddia ümumi qaydaya görə cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin 36.1-ci maddəsinə əsasən, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Cavabdeh məcburi köçkün olmaqla faktiki olaraq uzun müddətdir ki, ünvan 1 ünvanında yaşayır və həmin ünvanda qeydiyyata alınmışdır. Bu hal Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş arayışla təsdiq edilmişdir. Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmadıqda iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin həmin norma ümumi ərazi aidiyyətini müəyyən edir və qanunla müəyyən edilmiş alternativ aidiyyət qaydalarının tətbiqini istisna etmir. Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə görə isə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin maddənin 13-cü hissəsinə əsasən isə bu maddədə nəzərdə tutulmuş məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. İş materialları ilə müəyyən olunur ki, cavabdeh Kəlbəcər rayonu, Ağdaban kəndində qeydiyyatdadır. Cavabdeh məcburi köçkündür və ünvan 2 ünvanında yaşayır. Həmin ünvana dair hazırki iş üzrə tərəflər arasında ## ###### 2023-cü il tarixdə “istilik və isti su təchizatı xidmətlərinə dair” ************ nömrəli müqavilə bağlanmışdır. Cavabdehin yaşadığı sözügedən ünvan iddiaçı tərəfindən istilik və isti su təchizatı ilə təmin edilmiş və cavabdehə müvafiq abonent kodu verilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qənaəti işin apellyasiya instansiyasında müəyyən edilmiş hallarına uyğun deyildir. Əksinə, təqdim edilmiş müqavilə tərəflər arasında istilik və isti su təchizatı xidmətlərinə dair müqavilə münasibətinin mövcudluğunu təsdiq edən yazılı sübutdur. Həmçinin, müqavilənin birinci instansiya məhkəməsinə deyil, apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi onun avtomatik olaraq nəzərə alınmaması üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında baxır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış yazılı müqavilənin iddia ərizəsinə əlavə edilməməsi özlüyündə onlar arasında müqavilə münasibətlərinin mövcud olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin yaşadığı ünvan 2 ünvanına istilik və isti su təchizatı xidməti faktiki olaraq göstərilmiş, həmin ünvana abonent kodu verilmişdir. Göstərilən hallar tərəflər arasında müvafiq xidmətlərin göstərilməsi və qəbul edilməsi barədə faktiki razılaşmanın mövcudluğunu, başqa sözlə, tərəflər arasında müqavilə münasibətlərinin yarandığını göstərir. Müqavilə münasibətinin mövcudluğunun müəyyən edilməsi yalnız ayrıca yazılı müqavilə sənədinin təqdim edilib-edilməməsi ilə məhdudlaşdırılmamalı, tərəflərin faktiki hərəkətləri və yaranmış hüquq münasibətinin mahiyyəti nəzərə alınmalıdır. Belə olan halda, hətta iddia ərizəsinin verildiyi zaman yazılı müqavilə iş materiallarına əlavə edilməmiş olsa belə, tərəflər arasında faktiki yaranmış müqavilə münasibətinin icra yerinin müəyyən edilməsi mümkündür. Hazırkı halda istilik və isti su təchizatı xidməti cavabdehin Tərtər şəhərində yerləşən yaşayış ünvanına göstərildiyindən, müqavilə münasibətinin icra yeri də Tərtər rayonu olmuşdur. Qeyd olunanları əsas götürərək Məhkəmə iddiaçının şikayətinin əsaslı olduğu qənaətinə gəlir və hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin aparılması üçün Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırki qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin aparılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar