Məhkəmə qərarları › İş №2(001)-1021/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1021/2021

07.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1021/2021 07.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı notariat kontoruna qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə bağlanmış 31 may 2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X4 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, aralarında bağlanmış 31 may 2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıya 31.05.2019-cu il tarixədək qaytarmaq şərti ilə 57.000 manat məbləğində borc vermişdir. Bu müqavilə hər hansı təzyiq altında bağlanmamış və iddiaçı bu müqavilənin bağlanmasına məcbur edilməmişdir. Tərəflər arasında real olaraq borc münasibətləri yaranmış və bu münasibətlərin nəticəsi olaraq aralarında müqavilə bağlanmışdır. İddiaçı özü də cavabdehdən borc götürdüyünü etiraf etmişdir. Sadəcə olaraq borcun qaytarıldığını bildirir. Halbuki, bugünədək borcu qaytarmamışdır. Həmçinin, bu barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, iddiaçı hazırki iddianı 30.10.2020-ci il tarixdə qaldırmış və bununla da kredit müqaviləsinin etibarsızlığını mübahisələndirmək üçün mülki qanunvericiliklə nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüşdür. Göstərilənlərin nəzərə alınmasını və həm əsassız olması səbəbindən, həm də kəsici müddət tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı Cavabdeh1 nümayəndəsi və vəkili X4 tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, Cavabdeh1 ilə 22 il qonşu olmuşdur. İddiaçı tanımır. Cavabdeh1 vasitəsi ilə İddiaçı borc qismində 15.000 ABŞ dolları və 2.000 manat məbləğində pul vermişdir. Belə ki, İddiaçı dərman sexi açmalı idi və Cavabdeh1 ona da bu işə qoşulmağa təklif etmişdir. O, da bu məsələdə Cavabdeh1 inanaraq və onunla razılaşaraq, qeyd edilən məbləğləri vermişdir. Lakin bugünədək verdiyi pulu İddiaçı geri ala bilməmişdir. İddiaçı cəmi bir dəfə polis bölməsində görmüş və həmin zaman İddiaçı borcunu etiraf etmişdir. Məhkəmə tərəflərin izahatını, habelə şahidin ifadələsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 31.05.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 57.000 manat məbləğində pulu borc vermiş, iddiaçı isə bu məbləği 31.05.2019-cu il tarixədək cavabdehə qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, müqavilə bağlandığı tarixdən əvvəl cavabdehdən hissə-hissə götürdüyü pulu sonradan hissə-hissə qaytardığını, lakin cavabdehin həmin borc üzərinə faiz məbləği hesabladığını və məhz faiz borcunu əsas məbləğ kimi tələb etdiyini, 31.05.2018-ci il tarixli müqaviləni cavabdehin təzyiqi altında imzaladığını və müqavilədə doğru olmayaraq cavabdehdən 57.000 manat məbləğində pulu borc aldığını göstərmək məcburiyyətində qaldığını, həqiqətdə həmin müqavilə üzrə cavabdehin ona hər hansı məbləğdə borc vermədiyini bildirir. Cavabdeh iddianı qəbul etmir, iddiaçıya real olaraq 57.000 manat məbləğində pulu borc verdiyini və iddiaçının bu müqavilənin imzalanmasına məcbur edilmədiyini vurğulayır. Eyni zamanda, bu barədə ərizə təqdim edərək, həmin müqavilənin mübahisələndirməsi üçün Mülki Məcəllə ilə müəyyən edilmiş 1 illik kəsici müddətin ötürüldüyünü qeyd edir və iddianın həm əsassız olması, həm də kəsici müddət tətbiq edilməklə rədd edilməsini xahiş edir. Cavabdehin şikayəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində aparılmış araşdırma zamanı cavabdeh iddiaçıya 57.000 manat məbləğində pulu borc verdiyini bildirmişdir. İddiaçı isə öz izahatında cavabdehdən 2018-ci ilin may ayında aylıq 5 faiz dərəcəsi ilə faiz ödəmək şərti ilə 50.000 manat məbləğində pulu borc aldığını və bu məbləğin müqabilində cavabdehə 19 ay ərzində hər ay faiz qismində 2.500 manat, cəmi 47.500 manat məbləğində pul ödədiyini, ondan eyni faiz dərəcəsi ilə borc aldığı 16.000 manat məbləğində pula görə isə 12 ay ərzində, hər ay 800 manat ödəməklə cəmi 9.600 manat məbləğində pul ödədiyini, ümumilikdə ötən dövr ərzində cavabdehdən 66.000 manat məbləğində pulu faiz ödəmək şərti ilə borc aldığını və faiz kimi bu məbləğin 57.100 manat hissəsini qaytardığını, hazırda cavabdehə cəmi 8.900 manat məbləğində borcunun qaldığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə, hazırki mübahisəyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, borc və ya borcun etirafı müqaviləsinin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Belə ki, əqdlər iradə ifadəsi nəticəsində əmələ gəlir və müqavilə üzrə müəyyən edilmiş hadisənin baş verməsinin əsasını məhz iradə ifadəsi təşkil edir. Lakin bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin sağlam olması lazımdır. İradə ifadəsinin sağlamlığına təsir edən, o cümlədən iradə ifadəsini zədələyən hallardan biri də hədələnmədir (təhdid edilmədir). Belə ki, hədələnmə halında əqdi əmələ gətirən iradə ifadəsi sırf başqası tərəfindən törədilən real təhlükənin qorxusundan xilas olmaq üçün edilmiş olur və hüquqi nəticə etibarı ilə sağlam hesab olunmur. Bu zaman şəxs əqdi bağlamadığı təqdirdə real və böyük bir təhlükənin baş verəcəyi ilə qorxudularaq əqdi bağlamağa vadar edilir. Belə bir şəxsə göstərilmiş “zorakılıq” yalnız onun fiziki cəhətdən məcbur edilməsi ilə əhatə olunmur və şəxsin psixoloji (qorxunun təsiri) təsir altında əqdi bağlamasını da özündə ehtiva edir. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə də əqdin etibarsızlığına səbəb olur. Lakin iddiaçı 31 may 2018-ci il tarixli müqaviləni bağlamağa cavabdeh tərəfindən məcbur edildiyini, həmin müqavilə üzrə ona nəinki 57.000 manat, ümumiyyətlə hər hansı məbləğdə pulun verilmədiyini bildirsə də bu halı sübuta yetirə bilmir. Gətirdiyi dəlillər isə həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə tərəfindən də belə bir halın mövcud olması müəyyən edilməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh xeyli müddətdir ki, biri birini tanıyan şəxslərdir. İddiaçının hər hansı formada, o cümlədən xidməti və ya qulluq mövqeyinə görə (işçisi, tabeliyində olan, tapşırıqlarını yerinə yetirmək məcburiyyətində qalan şəxs və sair), habelə ailə münasibətləri baxımından (gəlinidir, qohumunun həyat yoldaşıdır və boşanmaq, mənzildə çıxarılmaq və sair bu kimi ehtimallar) cavabdehdən asılı deyil, başqa bir öhdəliyə əsasən də cavabdehdən asılı vəziyyətə düşməmişdir (kirayə əsaslarla və ya əvəzsiz şəkildə cavabdehin əmlakından istifadə edir və bu imkanı itirə bilər və sair). Digər tərəfdən iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində aparılan araşdırma zamanı yazdığı izahatda da cavabdehdən ümumilikdə 66.000 manat məbləğində pulu borc aldığını etiraf edir. Eyni zamanda, cavabdehdən ilkin olaraq 57.000 manat deyil, 50.000 manat məbləğində pul götürdüyünü, habelə ümumilikdə götürdüyü 66.000 manat pulun 57.100 manat hissəsini hesablanmış faiz borcu olaraq qaytardığını bildirsə də, bu halı təsdiq edən hər hansı subut, o cümlədən qəbz təqdim edə bilmir. İddiaçının ona məxsus mənzilin borc əvəzi olaraq cavabdehin adına rəsmiləşdirilməsi, sonradan isə mənzilin məhz borcun qaytarılması səbəbindən ona qaytarılması barədə dəlillər də qeyd edilən müqavilənin etibarsız olmasına dəlalət etmir. Belə ki, bu hərəkətlərin davamı olaraq qeyd edilən kredit müqaviləsinin ləğv edilməsi və ya borcun ödənilməsi barədə cavabdeh tərəfindən yazılmış hər hansı bir sənəd mövcud deyil. Həmin müqavilə hazırda da qüvvədədir. Məhkəmə, o halı da qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin ondan hüquq mühafizə orqanlarına şikayət etməklə ona təzyiqlər göstərdiyini və bu təzyiqlər nəticəsndə kredit müqaviləsinə imza etmək məcburiyyətində qaldığını göstərmişdir. Halbuki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində yazdığı izahatda cavabdehdən 50.000 manat məbləğində pulu 2018-ci ilin may ayında aldığını qeyd edir. Mübahisələndirdiyi müqavilə də məhz 2018-ci ilin may ayının 31-də bağlanmış və bu məbləğin qaytarılması müddəti qismində 31.05.2019-cu il tarixi müəyyən edilmişdir. Belə olan halda, yəni 2018-ci ilin may ayında verilmiş pula görə cavabdehin elə həmin ayda da iddiaçını bu halı təsdiq edən müqavilə bağlamağa məcbur etməsi (iddia ərizəsində göstərilən formada) həm inandırıcı deyil, həm də hər hansı bir məntiqə sığmamaqla mümkün olmayan bir haldır. Hər bir halda, iddiaçıya borc verən cavabdeh bu halı təsdiq edən müqavilənin bağlanmasını iddiaçıdan tələb edə bilər və bu hal məcburetmə kimi qiymətləndirilə bilməz. İddiaçının pulu cavabdehdən notariat kontorunda deyil, mənzildə alması halı (təbii ki, bu hal sübuta yetərsə) bu müqavilənin etibarsız hesab edilməsinə deyil, onun borcun etirafı müqaviləsi kimi qiymətləndirilməsi üçün hüquqi əsas yaradır. Halbuki, mənzildə pul verildikdən sonra notariat kontoruna gedib orada notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin bağlanması mülki məcəllənin tələblərinə zidd olan hal kimi qəbul edilə bilməz. Digər tərəfdən həm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində aparılan araşdırma, həm də cavabdehin iddiaçının hərəkətləri barədə hüquqmühafisə orqanlarına şikayətlər etməsi tarix etibarı ilə qeyd edilən müqavilə bağlandıqdan sonra baş vermişdir. Başqa sözlə, bu müqavilənin cavabdehin təzyiqi altında və onun şikayətləri nəticəsində bağlanması barədə iddiaçının dəlilləri əsassızdır. Bununla belə, hüquqi nəticə etibarı ilə 31.05.2018-ci il tarixdə tərəflər öz iradə ifadələrini bildirməklə sərbəst surətdə öz aralarında kredit müqaviləsi bağlamışlar və həmin müqaviləyə əsasən iddiaçı cavabdehdən 57.000 manat məbləğində pulu borc almış və 31.05.2019-cu il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilə, o cümlədən tərəflərin imzaları 14 saylı Notariat kontorunun notariusu tərəfindən təsdiq edilmişdir. Müqavilədə qeyd edilən məbləğin hər hansı faiz dərəcəsi ilə verilməsi də öz əksini tapmamışdır. Bununla belə qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə iddianı əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə onu da nəzərə alır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsaslınıb qeyd edir ki, hazırki iddia 30.10.2020-ci il tarixdə qaldırmışdır. Bununla da Mülki Məcəllənin 354-cü maddəsinin tələbləri baxımından 31.05.2018-ci il tarixli müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürülmüşdür. Bu da öz növbəsində iddianın, həmçinin bu əsasla, yəni 1 illik kəsici müddət tətbiq edilməklə rədd edilməsini şərtləndirir. Başqa sözlə hazırki iddia əsaslı olduğu təqdirdə belə, iddia, bu qəbildən olan müqavilələrin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik kəsici müddətin ötürülməsi əsası ilə rədd edilmiş olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı notariat kontoruna qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı notariat kontoruna qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar