Məhkəmə qərarları › İş №2(001)-1028/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1028/2021

08.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1028/2021 08.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə Ərizəçi (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 30.06.1941-ci il təvəllüdlü X2 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(001)- 6445/2020 saylı qərardadı ilə 30.06.1941-ci il təvəllüdlü X2 barəsində məhkəmə-psixatriya ekspertizası təyin edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin rəyi məhkəməyə təqdim edilənədək, dayandırılmışdır. Lakin həmin şəxs qeyd edilən Mərkəzə təqdim edilmədiyindən, iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(001)-6445/2020 saylı qərardadı icrasız geri qaytarılmışdır. Bundan sonra iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Lakin məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Ərizəçi məhkəmə iclasına gəlməmiş, maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, ərizəyə əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində ərizəçinın və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; 259.0.12-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə ərizəçi hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, Ərizəçi ərizəsində 30.06.1941-ci il təvəllüdlü atası X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Lakin ərizəçi öz tələbini əsaslandırdığı hallara dair sübutları (bu halları təsdiq edən sənədləri) məhkəməyə təqdim etməmiş, o cümlədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(001)-6445/2020 saylı qərardadının icrası qaydasında məhkəmə-psixatriya ekspertizasında X2 iştirakını təmin etməmişdir. Halbuki, İşin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən bu nöqsanların aradan qaldırılması üçün məhkəmə tərəfindən ərizəçiya müddət müəyyən edilmişdir. Lakin həmin müddət ərzində bu nöqsanlar aradan qaldırılmamışdır. Bu da öz növbəsində Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbləri baxımından mülki işin baxılmamış saxlanılması üçün əsas yaradır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə baxılmamış saxlanılsın. Ərizəçi qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar