Məhkəmə qərarları › İş №2(001)-1031/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1031/2021

27.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1031/2021 27.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202ci məhəllə, 1 bloklu, 2 otaqdan ibarət, ümumi sahəsi 72.3 kv.m olan, 3-cü mərtəbədə yerləşən 7 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 16.11.2013-cü il tarixli müqavilənin və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən 1 bloklu, 3 otaqdan ibarət, ümumi sahəsi 112.2 kv.m olan, 3-cü mərtəbədə yerləşən 8 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 19.03.2016-cı il tarixli müqavilələrin etibarsız hesab edilməsi, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 09.09.2013-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə,1 bloklu, 2 otaqdan ibarət, ümumi sahəsi 72.3 kv.m olan, 3-cü mərtəbədə yerləşən 7 saylı mənzil və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə,1 bloklu, 3 otaqdan ibarət, ümumi sahəsi 112.2 kv.m olan, 3-cü mərtəbədə yerləşən 8 saylı mənzillərə dair iddiaçının payçı kimi hüququnun tanınması, sahibliyinə və istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ilin sentyabr ayında iddiaçının atası Əlikram Ağayev Cavabdeh1 MTK-dan ünvan 1 ünvanda olan on yeddi mərtəbəli yaşayış binasının birinci blok üçüncü mərtəbədə yerləşən 2 otaqlı 72.3 kv.m sahəsi olan 7 saylı mənzili 54.225 manata, 3 otaqlı 112.2 kv.m sahəsi olan 8 saylı mənzili 61.710 manata almış, bu barədə ona maliyyə arayışı və müqavilə təqdim edilmişdir. Mənzilə görə ödənişlər atası tərəfindən ödənilmiş, sənədləşmə işləri isə iddiaçının adına rəsmiləşdirilmişdir. 2018-ci il tarixdə onlar mənzillərin başqa şəxslərə satıldığını öyrənmiş, bununla bağlı MTK-nın rəhbəri X1 ilə əlaqə saxlanılmış, o, 8-ci mənzili nəvəsi üçün aldığını bildirmiş, həmin binada 20 saylı mənzili onların adına rəsmiləşdirdiyini bildirmişdir. Bir müddət sonra isə 20 saylı mənzilin başqa şəxsə, 7 saylı mənzil isə Cavabdeh2 satılmışdır. İddiaçının və digər zərərçəkmişlərin şikayəti əsasında Şirinova Elmira və Quliyev Samir barəsində cinayə işi başlanılmış, Elmira Şirinova təqsirli bilinsə də, Samir Quliyevin təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Sözügedən cinayət işi üzrə zərərçəmiş qismində ifadə verən Cavabdeh2 ifadəsində göstərmişdir ki, 16.11.2013-cü il tarixdə 11 saylı mənzili 45.000 manat, 2016-cı ilin mart ayında 8 saylı mənzili hissə-hissə ödəməklə 95.000 manata bacısının adına, həmin tarixdə 7 saylı mənzili isə 60.000 manat ödəməklə öz adına almışdır. 2019-cu ilin aprel ayının əvvəllərində 7 saylı mənzilinin başqa şəxslərə satıldığını bilmiş, bununla bağlı Elmira Şirinovadan 105.000 manat məbləğində dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Sadalanan xüssusatlara əsasən iddiaçı hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında mübahisəli mənzilə dair müqavilə 09.09.2013-cü il tarixdə, Cavabdeh2 ilə isə müqavilə 2016-cı ilin mart ayında bağlandığı üçün, sonuncu müqavilə etibarsız hesab edilməlidir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 03.03.2021-ci il tarixdə Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etiraz verərək, İddiaçı Cavabdeh1 MTK-ya qarşı eyni tərəflər, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia tələbinin təmin edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2020-ci il tarixli 1(101)-130/2020 saylı hökmü olduğu üçün hazırkı iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması, iş üzrə məhkəmə baxışının davam etdiyi təqdirdə etirazda qeyd edilən halları nəzərə alaraq, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 26.04.2021-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, tələbin əsaslı olduğunu, qəbul edilmiş hökmün mövcud iddiaya aidiyyatın olmadığını, hökmdə hər iki tərəfin zərərçəkmiş şəxs kimi tanındığını bildirərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 26.04.2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh2 izahat verərək, qeyd olunan mənzillər üzrə 7 saylı mənzilin açarının qarşı tərəfdə, 8 saylı mənzilin açarının isə onda olduğunu bildirərək, qarşı tərəfin iddiasını qəbul etmədiyini, tələbin rədd edilməsini məhkəmdən xahiş etdi. Məhkəmənin 26.04.2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh2 nümayəndəsivəkili Vəkil1 iddia tələbini qəbul etməyərək bildirdi ki, idddiaçı təkrar iddia qaldırdığı üçün mövcud iddiaya xitam verilməlidir. Belə ki, cinayət işi gedərkən mülki iddia qaldırılıb və pul ödənilib. İş üzrə iddiaçı zərərçəkmiş şəxs kimi tanınıb və 68.000 manat verilməsi qət edilib. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh1 MTK tərəfindən verilmiş 06.10.2010-cu il tarixli arayışa əsasən, X2 Cavabdeh1 MTK-ya məxsus C.Xəndan küçəsi 3202-ci məhəllədə tikilən binanın payçısıdır və payçı olduğu sahəyə ödədiyi məbləğ 15.000 manat təşkil edir. - Cavabdeh1 MTK tərəfindən verilmiş 08.02.2013-cü il tarixli arayışa əsasən, İddiaçı Cavabdeh1 MTK-ya məxsus C.Xəndan küçəsi 3202-ci məhəllədə tikilən binanın payçısıdır və payçı olduğu sahəyə ödədiyi məbləğ 26.710 manat təşkil edir. - Mənzil Tikintisi dair 09.09.2013-cü il tarixli Müqaviləyə əsasən, İddiaçı Bakı şəhəri, C.Xəndan küçəsi, 3202-ci məhəllədə MTK tərəfindən tikilməkdə olan binasında ümumi qiyməti 54.225 manat təşkil edən 1-ci blok, 3-cü mərtəbədə yerləşən 2 otaqlı, ümumi sahəsi 72.3 kv.m olan 7 saylı mənzil satılmışdır. - Mənzil Tikintisi dair 19.03.2016-cı il tarixli Müqaviləyə əsasən, Cavabdeh2 Bakı şəhəri, C.Xəndan küçəsi, 3202-ci məhəllədə Cavabdeh1 MTK tərəfindən tikilməkdə olan binasında ümumi qiyməti 95.000 manat təşkil edən 1-ci blok, 3-cü mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 112.2 kv.m olan 8 saylı mənzil satılmışdır. - Mənzil Tikintisi dair 16.11.2013-cü il tarixli Müqaviləyə və həmin tarixli arayışa əsasən, Cavabdeh2 Bakı şəhəri, C.Xəndan küçəsi, 3202-ci məhəllədə Cavabdeh1 MTK tərəfindən tikilməkdə olan binasında ümumi qiyməti 45.000 manat təşkil edən 1-ci blok, 3-cü mərtəbədə yerləşən 2 otaqlı, ümumi sahəsi 72.3 kv.m olan 7 saylı mənzil satılmışdır. Payçı olduğu Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan 3202 küçəsi, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 2 otaqlı, ümumi sahəsi 72.3 kv.m olan 7 saylı mənzilin dəyərini tam ödəmiş, qalıq borcu qalmamışdır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, 16.03.2020-ci il tarixli hökmünə əsasən, zərərçəkmiş şəxslər İddiaçı 115.595 manat maddi ziyan, 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu olmaqla, cəmi 120.625 manat, Cavabdeh2 45.000 manat maddi ziyan, 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumun tutulması hökm edilmişdir. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında 21.05.2019-cu il tarixli qərara əsasən, Cavabdeh2 zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-51/2021 saylı, 09.02.2021-ci il tarixli qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2020-ci il tarixli, 1(101)-130/2020 saylı, Cavabdeh2 və digər zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarını araşdıraraq, məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması müəyyən edilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər, əsasən, iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün mübahisə edilməsi meyarına görə. Əqdin elementin qüsurlu olması meyarının mahiyyəti ondan ibarətdir ki, əqdin hansı elementin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlərin dörd növü fərqləndirilir:  subyekt tərkibi qüsurlu olan etibarsız əqdlər;  iradəsi qüsurlu olan etibarsız əqdlər;  forması qüsurlu olan əqdlər;  məzmunu qüsurlu olan əqdlər. Beləliklə, iddiaçı müqavilənin etibarsız hesab edilməsini tələb edir: müqavilə uydurma əqdir, yəni müqavilə görünüş məqsədilə bağlanmışdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Məhkəmə hesab edir ki, müqavilə forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır. Ona görə də müqavilələr əhəmiyyətsiz əqd hesab edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, müqavilənin etibarsız hesab olunması şərtləri və qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu, müqavilələrin ləğv edilməsinin şərtləri və qaydası isə həmin Məcəllənin 421-424-cü maddələri ilə tənzimlənir. Qanunvericlikdə müqavilələrin etibarsız sayılmasının və müqavilələrin ləğv edilməsinin müxtəlif şərtləri, qaydası və nəticəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.1,337.3-337.5-ci maddələrinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə hazırki mübahisəni araşdırmaqla, belə qənaətə gəlir ki, iddiaçının əmlaka dair hər hansı hüququ olmadığından, daşınmaz əmlaka dair bağlanmış müqavilə üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin iddiaçı müqavilədən ona dəyən zərərin nədən ibarət olmasını, onun hüquqlarını hansı formada pozulmasını sübuta yetirə bilməmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, 16.03.2020-ci il tarixli hökmünə əsasən, zərərçəkmiş şəxs İddiaçı xeyrinə 115.595 manat maddi ziyan, 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu olmaqla, cəmi 120 625 manat tutulması hökm edildiyindən, İddiaçı dəymiş ziyan tam ödənildiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu itirir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçıların daşınmaz əmlaka dair hər hansı bir qanuni hüquqları olmadığından, onların məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyi isə hər hansı bir hüququ olmayan şəxs tərəfindən başqasının xüsusi mülkiyyətində olan əmlaka dair bağlanmış müqavilələrinin etibarsızlığına dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Əgər qanunda iddiaçının ərizəsində göstərdiyi iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələblərinin təmin edilməsi Cavabdeh2 əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar