Məhkəmə qərarları › İş №2(001)-1032/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1032/2024

01.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1032/2024 01.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdeh Bakı Regional Qaz Satış Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hesablanmış borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı tərəfindən Bakı Regional Qaz Satış Departamenti əsl Cavabdeh ilə əvəz edilmiş və əsassız hesablanmış 2340 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 9-A, mikrarayon Mir Cəlal küçəsi 55 saylı evin 60 saylı 2otaqlı mənzili, mənim mülkiyyətindədir. Həmin ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç zaman müdaxilə olunmayıb. 17 iyun 2023 -ci ildə cavabdeh "Azəriqaz” İstehsal Birliyinin əməkdaşları tərəfindən mülkiyyətində olan mənzilin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli Akt tərtib edilib."Azəriqaz” İB 30 iyun 2023-ci il tarixdə məktub göndərərək göstərib ki, sizin ünvanda olan ******* nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanınızdan çıxarılmış sayğacın möhürünə müdaxilə olunub ona görə də sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Buna görə qazin dəyəri 2340,00 azn manat ödənilməlidir. Məktubdan belə başa düşülür ki, guya mənzilində quraşdırılmış əvvəlki qaz sayğacı işlək deyil, plomblara müdaxilə olunub. Buna görə də cavabdeh qurum sayğacı istismara yararsız kimi qiymətləndirir. Qeyd edi ki, 17 uyun 2023ci ilə qədər mənzilində əvvəlki qaz sayğacı olub və həmin tarixə qədər həmin sayğac işləyib, sayğacın göstəriciləri əsasında təbii qaza görə haqq ödəmişdir. Əgər həmin sayğac işlək deyilsə, o halda sayğacı necə işlədə bilərdi və mənzilinə təbii qaz necə gələ bilərdi? Həmin plomblar qaz idarəsinin əməkdaşları tərəfindən həmin sayğac quraşdırılarkən vurulub. Ümumiyyətlə həmin plombların necə vurulması prosedurundan məlumatlı deyil. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, sayğacın işləməməsindən məlumatı olmamışdır. Belə ki, qazın verilməsində bir maneə olmadığından və qazdan sərbəst istifadə etdiyindən həmin ərəfədə istifadə etdiyi qaza görə ödəniş etməmişdir. Daha sonra cavabdehin əməkdaşları sayğacın istismar müddətinin bitməsi səbəbindən onun dəyişilməli olduğunu qeyd etmişlər. Hətta buna görə ondan 40 manat tələb edilmiş, o isə 30 manat ödəniş etmişdir. Lakin sayğacda edilən dəyişikliklərdən məlumatı olmamışdır. Hazırda quraşdırılan sayğac smart sayğacdır.

5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 2023-cü ilin may-iyun aylarında evimi təmir etmiş və evə kombi quraşdırmışdır. Bundan sonra Cavabdeh İB-nin Habil adlı əməkdaşı mənə sayğacın nasaz olduğunu və 40-50 manat müqabilində dəyişə biləcəyini bildirdi. Cavabdeh İB-nin əməkdaşına maddi durumunun aşağı olduğunu və bu səbəbdən ona 30 manat verə biləcəyimi bildirmiş və razılaşmışlar. Bundan sonra Habil adlı nəzarətçiyə 30 manat pul vermişdir. Bir müddət sonra Cavabdeh İB-nin əməkdaşı sayğacı yeni sayğacla əvəz etdi və mən nəzarətçiyə əlavə 10 manat da vermişdir. Nəzarətçi onun yanında sayğacın möhürlərinin sağlam olduğunu və sayğaca heç bir kənar müdaxilənin olmaması barədə akt tərtib etmişdir. Özü də aktı oxuyub, imzalamışdır. Lakin laborotoriyada guya tərəfindən sayğaca müdaxilə etdiyi müəyyən edilmişdir. Ümumiyyətlə, heç vaxt sayğaca müdaxilə etməmişdir. Ehtimal edir ki, sayğaca laboratoriyada nəsə edərək, ona Cavabdeh İB-nin əməkdaşları tərəfinfən əsassız olaraq borc yazılmışdır. Cavabdeh İB-nin Habil adlı əməkdaşı barəsində polis və prokurorluq orqanlarına şikayət etmişdir. Əlavə olaraq bildirir ki, təbii qazdan istifadəyə görə vaxtıvaxtında ödənişlərini edir. Evdə hamı iş adamı olmaqla, səhər evdən çıxıb, birdə axşam evə gəlir. Ona görə də, təbii qazdan az istifadə edilir. Mənzil iki otaqdan ibarətdir və 37 kv.metrdir. Hazırda mənzildə kalonkadan, üçgöz qaz plitəsindən və kombidən istifadə edilir. Təbii qazdan istifadəyə görə aylıq 5 manat ödəniş edir. Sayğac çıxarılan zaman orada olmuş və sayğacın plombu da üzərində olmuşdur. Sayğac 2022-ci ilin avqust ayından 2023-cü ilin iyun ayına kimi minisa işləyib və bu müddət ərzində 79 manat borc yazılmışdır. Bu borc barədə ASAN xidmət mərkəzində məlumat vermişlər.

6. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, iddiaya yazılı qaydada etiraz və etirazının dəlillərinə dair sübutlar təqdim etmişdir.

7. Cavabdehin nümayəndəsi iddiaya etirazında göstərir: İddia tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir. Belə ki, iddiaçı uzun müddət təbii qazdan qaz sayğacına müdaxilə edərək istifadə etməklə "Azəriqaz” İsatehsalat Birliyinə 2073.60 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşlar tərəfindən 30 iyun 2023-cü il tarixində iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına yoxlama aparılmış və aşkar olmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə "Azəriqaz” İstehsalat Birliyinə 2073.60 manat həcmində ziyan vurmuşdur. Bununla bağlı "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* saylı akt tərtib edilmişdir. Akta əsasən istehlakçının qaz sayğacının nominal saatlıq qaz sərfi 4 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2073.60 manat qazın itirildiyi müəyyən olunmuşdur. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan dəyəri ödənilmədən (sayğaca müdaxilə edərək) istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq, ümumilikdə 2073.60 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. ünvan 1 ünvanına Azəriqaz İB tərəfindən **********00600 abonent kodu verilməklə təbii qazın alqı-satqısı barədə İddiaçı ilə müqavilə bağlanılmışdır. “Azəriqaz “ İB-nin nümayəndələri tərəfindən tərtib edilən xx.xx.2023-ci il tarixli, ******* saylı akt ilə ünvan 1 ünvanında olan G4 markalı, İtron tipli, 1202AQ**********3 saylı sayğac əvəz edilməsi məqsədilə Zenner tipli, G4 markalı, **********488 saylı sayğacla əvəz edilmişdir.

9. Bundan sonra sayğac xx.xx.2023-cü il tarixdə BRQS Departamentinin dövlət yoxlamasına gətirilmiş və həmin tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və bu barədə MSK-14-2-2/3-5-6559/Q001 saylı AKT tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, 1202AQ**********3 saylı sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafı zədəlidir. Sayğac mənfiyə işləyib. Daxilində göstərici çarxlarını hərəkətini təmin edən ötürücü çarxın üzərində yapışqan maddə qalığı mövcuddur. Sayğacın yaddaş arxivi oxunmuşdur. Sayğacda istismar müddətində Alarm-1 rejimi aşkar olunmayıb. Sayğac istismara yararsızdır.

10. Bunun əsasında Cavabdeh İB-nin BRQSD-nın rəis müavini tərəfindən xx.xx.2023cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT tərtib edilmişdir. Həmin akt-da qeyd edilmişdir ki, sayğacın daxilində göstərici çarxlarının hərəkətini təmin edən ötürücü çarxın üzərində yapışqan maddə qalığı var.

11. Həmin AKT-a əsaslanaraq BRQSD-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən 30 iyun 2023-cü il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Həmin tələbnaməyə əsasən qaz sayğacının maksimal qaz sərfi 4 kub.m orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın həcminin 17280 kub.m olduğu ehtimal edilmişdir.

12. Abonentin saldosuna 2023-cü ilin iyun ayında 2073,60 manat borc daxil edilmişdir.

13. İddiaçı sayğaca müdaxilə etmədiyini, sayğacın çıxarılması və baxış keçirilən zaman üzərində hər hansı qüsurun olmamasını əsas gətirərək, əsassız olaraq abonent hesabına yazılmış 2340 manat borcun silinməsini tələb etsə də, daha sonra məhkəmə iclasında silinməli olan borcun 2073,60 manat olması ilə razılaşmışdır.

14. Cavabdeh tərəf isə iddianı ona görə əsassız və yazılan cəriməni ona görə əsaslı hesab edir ki, sayğacın daxilində göstərici çarxlarının hərəkətini təmin edən ötürücü çarxın üzərində yapışqan maddə qalığı olduğundan, sayğaca müdaxilə edilmişdir və nəticədə istehlakçının hüquqa zidd və təqsirli hərəkətləri nəticəsində onlara ziyan vurulmuşdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

15. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:

16. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

17. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

18. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

19. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının:

21. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

22. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

23. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

24. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

26. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

30. İşin halları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə abonentin ünvanına quraşdırılan smart tipli sayğac çıxarılmış və laboratoriya yoxlamasına göndərilmişdir. Sayğacın çıxarılmasının faktiki səbəbi ondan qaz keçsə də sərfiyyatı qeydə almaması olmuşdur. Cavabdeh hesab edir ki, istehlakçının sayğaca müdaxiləsi nəticəsində həmin qüsur yaranmış və bu iddiaçıdan başqa heç kimin mənafeyinə uyğun hesab edilə bilməz. Lakin qeyd edilməlidir ki, çıxarılan sayğac cavabdehin tabeliyində olan qurumda yoxlanılmışdır və bu hal araşdırmanın obyektiv aparıldığı qənaəti yaratmır. Bundan əlavə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Eyni zamanda təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixdə AKT tərtib edilən zaman qazdan istifadə ilə bağlı artıq yeni qaydalar qüvvədə olmuş və qaz paylayıcı tərəfindən həmin qaydalara əməl edilməmişdir. Belə ki, qazdan istifadə ilə bağlı yeni qaydalara əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin qaz paylayıcının göstərilən qaydada hərəkət etmədiyi işin halları ilə müəyyən edilir. Bununla belə iddiaçının etiraf etdiyi kimi 2022-ci ilin avqust ayından 2023-cü ilin iyun ayına kimi olan dövr üzrə sayğacın mexaniki hissəsinin göstəricisinə əsasən abonentə 76.2 manat borc hesablanmışdır. Hansı ki, abonentin əvvəlki dövr ödənişləri ilə müqayisədə həmin məbləğ ağlabatan olmuşdur. Odur ki, cavabdehin həmin borcdan əlavə abonentə 2073.6 manat cərimə hesablaması əsassız hesab edilməlidir.

31. Məhkəmə iddianı ona görə qismən əsaslı hesab edir ki, silinməsi tələb edilən digər borcun abonentin debitor borcu olduğu ehtimal edilir və AKT-a əsasən qaz paylayıcı tərəfindən yazılmış borcun məbləği isə yalnız 2073.6 manat təşkil edir. Tətbiq edilən prosessual normalar

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

35. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir

36. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə

37. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

38. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır

39. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

40. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

41. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 2073,60 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu:**********00600) silinməli, iddia qalan hissədə təmin edilməməli və istehlakçının ödəməkdən azad olduğu 40,74 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 2073,60(iki min yetmiş üç manat, altmış qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu: **********00600) silinsin. İddia qalan hissədə təmin edilməsin. 40,74 (qırx manat, yetmiş dörd qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar