Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1063/2020 03.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Bakı şəhəri 44 saylı Notariat Ofisinə, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin (DƏDRD) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 44 saylı Notariat Ofisinin 2V-1-33 reyestr nömrəli, xx xxxxxxx 2009-cu il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında mənzilin mülkiyyət hüquqlarında dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı xx xxxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ailələrində ondan başqa 2 bacısı, 1 qardaşı vardır. Sonradan iddiaçı işi ilə əlaqədar xx xxxxxx 2014-cü il tarixdən Rusiya Federasiyasına getmiş, hal-hazıradək orada yaşamaqdadır. Atası X11 işlədiyi yerdən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr., ev 156, mənzil 13 ünvanında ev ilə təmin edilmişdir. Bu mənzil xx xxxxxxxx 2008-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının atası xx xxxxxx 2009-cu il tarixdə qəfil vəfat etmişdir. Bundan sonra sözügedən mənzil 44 saylı Notariat Ofisinin xx xxxxxxx 2009-cu il tarixli “qanun üzrə vərəsəlik şəhadətnaməsi”nə əsasən özgəninkiləşdirilmişdir. Halbuki, iddiaçının vərəsə kimi varlığı barədə notariat ofisinə heç bir məlumat verilməmiş, məlumat gizlin saxlanılmışdırı. Notariat ofisi isə miras qoyanın başqa vərəsəsi olub-olmadığını araşdırmamış, digər vərəsənin axtarılması üçün müvafiq tədbir görməmişdir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərdən Bakı şəhəri 44 saylı Notariat Ofisinin səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər cavabdehlər isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən xəbərdar etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0,048 ha. torpaq sahəsində yerləşən 156 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 75,63 kv.metr ümumi, 55,43 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 13 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına xx xxxxxxxx 2008-ci il tarixdə qeydiyyata alınmışdır. - doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxxx 1972-ci il tarixdə doğulmuş İddiaçı atası X11, anası X10r. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. - Nikah haqqında və ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X7 arvadı X12 xx xxxxxx 2001-ci il tarixdə vəfat etmişdir. - DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlandırılmış xx xxxxxx 2019-cu il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr., ev 156, mənzil 13 X7 adına xx xxxxxxxx 2008-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, lakin 4 saylı Dövlət Notariat Kontosunun 2-V-1-33 reyestr nömrəli, xx xxxxxxx 2009-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən özgəninkiləşdirilmişdir. - Məhkəmənin sorğusu əsasında əldə edilmiş 2V-1-33 nömrəli notariat işi materialları araşdırılarkən müəyyən edilmişdir ki, X8, yəni iddiaçının bacısı xx xxxx 2009cu il tarixdə Bakı şəhəri 44 saylı Notariat Ofisinə (əvvəlki adı Dövlət Notariat Kontoru) müraciət edərək vərəsəlik işi başlatmış, xx xxxxxxx 2009-cu il tarixdə qanunüzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X6 Mehti oğlunun yeganə vərəsəsi kimi Bakı şəhəri, Azadlıq pr. ev 156, mənzil 13-də yaşayan qızı X8, miras əmlak kimi sözügedən mənzil göstərilmişdir. Notariat işində X2 ərizə ilə notariat ofisinə müraciəti, ərizədə mərhum atasının ondan başqa vərəsəsinin olmadığını göstərdiyi məlum olur. - Bakı şəhəri Səadət sarayı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 X3 ilə xx xxxxxxx 1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra Səbinə Fərman qızına “Mahmudova” soyadı verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr. ev 156, mənzil 13-də Quliyev Nöbər Fərmayıl oğlu, X8 və X4 qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Quliyev Nöbər Fərmayıl oğlu xx xxxxxxx 2003-cü il tarixdən, X5 xx xxxxxx 2016-cı il tarixdən həmin ünvanda qeydiyyatdadırlar. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1300-cü maddəsinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. 1301.1-1301.3-cü maddələrinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.3-cü maddəsinə əsasən, Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. İş materillarından göründüyü kimi 2009-cu ildə miras açılan zaman X1 olan qızı X8 və oğlu İddiaçı onun qanun üzrə birinci növbə vərəsələri olduğu halda Səbinə Mahmudova (Quliyeva) notariat ofisinə ərizə ilə müraciət edərkən mərhum atasının ondan başqa vərəsəsinin olmadığını bildirmiş, habelə notariat ofisi tərəfindən digər vərəsələrin axtarılması ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1300-cü maddəsinə zidd olaraq müvafiq tədbirlər görməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydası haqqında Təlimat”ın tələblərinə görə də şəhadətnamə alınan zaman vərəsə notariusa ondan başqa vərəsənin olub-olmaması barədə məlumat verərkən doğru məlumat verməyə borcludur, səhv məlumata görə məsuliyyəti müraciət etmiş vərəsə özü daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri 44 saylı notariat ofisində 2V-1-33 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxxx 2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınarkən 1-ci dərəcəli qanuni vərəsə olan İddiaçı miras əmlakından imtina etmədiyindən və sonuncunun payı müəyyən olunmadığından həmin şəhadətnamə etibarsız hesab olunmalıdır. Beləliklə işin faktiki halları ilə təsdiq olunur ki, vərəsəlik haqqında şəhadətnamə verilərkən qanuni vərəsə olan İddiaçı razılığı alınmadığına görə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 156 saylı evin 13 saylı mənzilinin X2 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış da etibarsız hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı şəhəri 44 saylı Notariat Ofisinə, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin (DƏDRD) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə iddiası təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0,048 ha. torpaq sahəsində yerləşən 156 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 75,63 kv.metr ümumi, 55,43 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 13 nömrəli mənzilə dair X2 adına verilmiş xx xxxxxxx 2009-ci il tarixli vərəsəlik şəhadətnaməsi, həmin şəhədətnamə əsasında X2 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1063/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1063/2020
03.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver