Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1063/2022 19.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan 20 avqust 2003-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu 20.08.2003-cü il təvəllüdlü X6 uşaqlıqdan uşaq serebral iflic xəstəliyindən əziyyət çəkir. Uzun müddətli müalicə olunsa da, heç bir yaxşılaşma halı baş verməmişdir. Bakı Baş Səhiyyə İdarəsi Binəqədi rayon 15 nömrəli poliklinikada qeydiyyatdadır və ona “Serebral iflic.USİ.Uşaq serebral iflici. Ağırlaşma G82.Paralegiya və tetraplegiya. Kəskin spastik, dərin tetraparez aşağı ətrafların üstünlüyü ilə. Dayaq hərəkət funksiyalarının pozulması. Ağır psixo-fiziki inkişaf gərginliyi” diaqnozu qoyulmuşdur. Xəstənin daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 13.11.2021-ci il tarixdə müddətsiz İ qrup əlillik dərəcəsi verilmişdir. 15 nömrəli poliklinika tərəfindən ambulator kitabçadan çıxarış verilmişdir. Çıxarışda qoyulan diaqnoz qeyd edilmiş və yanaşı xəstəliklər göstərilmişdir. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqədə də onun hərbi xidmətə yararsız olması qeyd edilmişdir. X6 əmək qabiliyyətsizdir öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanı yoxdur. Həmçinin öz hüquqlarını da sərbəst həyata keçirmək imkanı yoxdur. Öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyildir. Hərəkətlərinin mənasını anlaya bilmir. O, X5 qəyyum təyin edilməsi barədə İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Ona şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və ərizəyə münasibəti:
3. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə etdiyini bildirərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 430490 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20.08.2003-cü il tarixində Bakı şəhərində doğulmuşdur. X2, anası Ərizəçidır.
6. İlkin hərbi qeydiyyata alınma haqqında 253193 saylı vəsiqədən görünür ki, X6 həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 X9 tərəfindən 03 mart 2022-cil tarixində verilən 710 nömrəli rəyindən görünür ki, X4 uşaq serebral iflici ilə əlaqədar yaranan ağır dərəcəli əqli gerilik müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.
8. 14 dekabr 2021-ci il tarixli mədaxil qəbzinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
9. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin:
10. 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
11. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
12. 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.
13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
14. 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır;
15. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər;
16. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir;
17. 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir;
18. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər;
19. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır;
20. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
21. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 20 avqust 2003-cü il təvəllüdlü X3 anasıdır. 20 avqust 2003-cü il təvəllüdlü X3 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 X8 məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd olunmuşdur ki, X4 uşaq serebral iflici ilə əlaqədar yaranan ağır dərəcəli əqli gerilik müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Tətbiq edilən prosessual normalar:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
23. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
24. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
25. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
26. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
27. Beləliklə, məhkəmə mülki iş materiallarına, ekspertiza rəyinə əsaslanaraq hesab edir ki, şəxsin öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas olduğundan ərizə təmin edilməli, ünvan 1 ünvanında qeydiyyatda olan 20 avqust 2003-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan 20 avqust 2003-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev