Məhkəmə qərarları › İş №2(001)-1066/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1066/2022

15.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1066/2022 15.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanına hesablanmış 1944 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yeni smartkart tipli kartla işləyən qaz sayğacı quraşdırılmışdır. Azəriqaz İB-nin işçiləri tərəfindən qaz sayğacı dəyişdirilmişdir. Lakin sonradan sayğacın çıxış borusunun zədələnməyinə əsasən sonradan müdaxiləyə görə akt tərtib edilərək 1944 manat borc yazılmışdır. Bu səbəbdən də iddiaçı əsassız yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - abonentin saldosundan görünür ki, Cavabdeh İB-yi tərəfindən İddiaçı 2018-ci ilin noyabr ayına 1944 manat borc yazılmışdır (əvvəlki illərdə borc sıfır). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona ziyan hesablamışdır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin (qazın paylanması) 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qazdan istifadə qaydalari”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin qərarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Beləliklə, müəyyən edildi ki ünvan 1 yerləşən fərdi yaşayış evində sayğacın çıxış plasmas borusunun deşilməsi aşkar edilmiş və buna görə cərimə ödənilməsi tələb edilmişdir. Lakin akt onun iştirakı olmadan tərtib edilmiş, istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır, ona görə də iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin məhkəmə Cavabdeh tərəfindən verilmiş iddia tələbinə qarşı etiraza münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin Məhkəmə qeyd edir ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Odur ki, cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 16.12.2021-ci il tarixdən beş il əvvələ olan (2016-cı ildən əvvəlki borc) borcun tələbi barədə hüququnu itirmişdir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “sayğacın dəyərinin və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdeh tərəfindən qaz sərfinə görə əsassız olaraq hesablanmış 1944,00 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh tərəfindən əsassız hesablanmış 1944 (bir min doqquz yüz qırx dörd) manat borc (cərimə) silinsin. Cavabdehndən 39,44 (otuz doqquz manat qırx dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar