Məhkəmə qərarları › İş №2(001)-107/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-107/2024

28.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-107/2024 28.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) “özbaşına inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı “özbaşına inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra işə yeni cavabdeh cəlb edərək Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə cavabdehə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 87 (Yeni qaydalarla” AZ1117, ünvan 2 ünvanındakı fərdi yaşayış evinin torpaq sahəsinin sərhədində inşa edilən tikilinin Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi, ərazinin ilkin vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev “87” a üvanında 99.2 m2 ümumi torpaq sahəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi yaşayış evinin qeydiyyat vəsiqəsini və texniki pasportunun surətini iddia ərizəsinə əlavə etmişdir. Texniki pasportla müəyyən olunan ümumi torpaq sahəsinin fərdi evinin altındakı torpaq sahəsindən başqa çox cüzi, azacıq həyatyanı sahəsi vardır. Fərdi yaşayış evinin torpaq sahəsinin sərhədində, ara məsafəsi gözlənilmədən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 87 (Yeni qaydalarla: AZ1117, ünvan 3 ünvanına yeni köçən cavabdeh tərəfindən tikili inşa edilməyə başlanılmışdır. Cavabdeh ona həyətyanı sahəsinin digər hissəsində tikinti inşa edəcəyini bildirmiş, daha sonra məlum olmuşdur ki, cavabdeh onu aldatmışdır. Belə ki, cavabdeh tərəfindən inşa edilən tikilinin hasarı onların divarlarına söykənir, təbii günəş işığının, hava axının qarşısını alır. Cavabdeh torpaq sahəsində olan çoxillik ağacları kəsərək, yaşıllıqları məhv etmişdir. Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin hündürlüyü nəticəsində yaşayış evinə təbii gün işığı düşməsinin qarşısı alınır. Cavabdeh qanunsuz olaraq tikinti və şəhərsalma qaydalarını pozmaqla, yaşayış evinin yeganə işıq mənbəyi olan azacıq həyətyanı sahəsinin qarşısında tikinti işləri aparmaqla evi işıqlanma və havalanma mənbəyindən məhrum etmişdir. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsinə, Biləcəri Bələdiyyəsinə, Binəqədi Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə yazılı müraciətlər, şikayətlər göndərmişdir. Lakin müraciətlərinin nəticəsi olmamışdır. Ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdeh qanunsuz hərəkətlərini davam etdirdiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddianı qəbul etmirlər. İddiaçı mübahisəli yaşayış sahəsi tikilərkən razılığını bildirmiş və buna etiraz etməmişdir. Hazırda evin mülkiyyətçisi də dəyişib. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 002647 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 87 “a” nömrəli ev İddiaçı Hacıəli oğlunun xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir. Bu barədə reyestr kitabında xx.xx.1999-cu il tarixdə qeydiyyat aparılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 87 (yeni qaydalarla: ünvan 8 mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı Hacıəli oğlunun Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı ərizəsindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 403A ünvanında yaşayan qonşusu Cavabdeh1 qonşuluğunda ev tikməsinə heç bir etirazı yoxdur. Xahiş etmişdir ki, evin tikilməsində onlarda kömək etsinlər. Doğurdan da yaşadığı evdə yaşayış mümkün deyil. Allaha min şükür Ramil ev tikmək qərarına gəlib. Ramil zəhmətkeş oğlandır və qonşu olaraq onlarda evin tikilməsində köməklik edəcəklər. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi ev 87-də yaşayan İddiaçı Hacıəli oğlunun xx.xx.2022-ci il tarixdə və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 86-da yaşayan Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-yə yazdığı ərizələri baxılması üçün icraata daxil olmuşdur. Vətəndaş İddiaçı Hacıəli oğlu ərizəsində bildirmişdir ki, qonşusu evinə bitişik yerdən iki mərtəbəli həyət evi tikdiyi üçün evinə düşən günəş və havanın qarşısını alır. Cavabdeh1 bildirmişdir ki, qeyd olunan özünə məxsus ünvanda tikinti işləri aparan zaman qonşusu Valeriy adlı şəxs qızı Natalya ilə birlikdə onun divarını sökərək maneçilik yaradırlar. Araşdırma zamanı məlum olmuşdur ki, göstərilən xüsusatlar mülki xarakterli əhəmiyyət daşıdığına görə məsələnin həlli üçün vətəndaşlar mülki qaydada məhkəməyə müraciət etməlidir. Ona görə də vətəndaşlara məhkəməyə müraciət etməsi rəsmi qaydada bildirilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Baki Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Binəqədi Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə və məlumat üçün İddiaçı Hacıəli oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, əməkdaşlar tərəfindən yerində baxış zamanı, ünvan 5 ünvanında Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində təqribən 120 m2 ölçüdə ara məsafəsi gözlənilmədən fərdi yaşayış evinin inşa edilməsi müşahidə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq müvafiq tədbirlərin görülməsi, nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İddiaçı Hacıəli oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sonuncunun müraciətinə baxılmış və araşdırma zamanı ünvan 6 ünvanı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Cavabdeh1 yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməklə xüsusi mülkiyyətində (fərdi yaşayış) olduğu məlum olmuşdur. Sözügedən ünvana keçirilən baxış zamanı nar kolunun kiçik diametrli budaqlarının kəsildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” xx.xx.2014-cü il tarixli qanununun 3-cü bəndinə və “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərarına əsasən xüsusi, mülkiyyətdə olan yaşıllıqların məhv edilməsi, götürülməsi və ya ziyan vurulması ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid edilmədiyindən aidiyyəti üzrə Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon Polis idarəsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, cavabdehin mülkiyyətində olan tikilinin iddiaçıya maneə yaradıb-yaratmaması məsələsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə daxil olmadığına görə, qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, cavabdeh tərəfindən Ваkı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən 87 saylı (yeni qaydalarla: AZ1117, ünvan 7 ünvanda inşa edilmiş tikilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş **********69-10301 reyestr nömrəli Texniki Pasportun göstəricilərinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsin 69.5.2-1ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X4 xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş tədqiqat obyektinə dair mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 87 “a” nömrəli evin mətbəxində, yataq və qonaq otaqlarında aparılmış müayinələrin göstəricilərinə əsasən işıqlanma və hava cərəyanının surəti tələb olunan normadan azdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə X1 Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 87 (yeni qaydalarla: ünvan 8 ünvanında inşa edilmiş tikili ilə İddiaçı Hacıəli oğlunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 87 “a” nömrəli fərdi yaşayış evi arasındakı 30 sm ara məsafəsinin olması fövqəladə hal baş verdiyi təqdirdə iddiaçının evinə təhlükə yaradır (yanğının qarşısı alınması, zəlzələ və sair). Cavabdeh tərəfindən inşa edilmiş tikili iddiaçıya məxsus evə havanın gəlməsinə və günəş şüalarının düşməsinə məhdudiyyət yaradır. Tikiliyə dalan hissədən baxdıqda sol hissəsi. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 87 (yeni qaydalarla: ünvan 8 ünvanında inşa edilmiş tikili ilə İddiaçı Hacıəli oğlunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 87 “a” nömrəli fərdi yaşayış evi arasındakı 30 sm ara məsafəsinin olduğunu və bu ara məsafəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2.1-ci maddəsinin tələbinə uyğun olmadığını nəzərə alaraq, cavabdeh tərəfindən inşa olunmuş tikilinin fövqəladə hal baş verdiyi təqdirdə iddiaçının evinə təhlükə yaradacağı (yanğının qarşısı alınması, zəlzələ və sair) müəyyən olundu. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 87 “a” nömrəli evin mətbəxində, yataq və qonaq otaqlarında aparılmış müayinələrin göstəricilərinə əsasən işıqlanma və hava cərəyanının surəti tələb olunan normadan az olduğu müəyyən olundu. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 87 (yeni qaydalarla: ünvan 8 15.000 manata Cavabdeh2 satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 87 (yeni qaydalarla: ünvan 8 mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, cavabdeh tərəfindən inşa olunan tikilinin hündürlüyünün 6.2 metr olduğunu nəzərə alaraq, həmin tikili ilə sərhəd hasarı arasındakı məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2.1-ci maddəsinə əsasən 1.86 metr olmalıdır. Həmin tikilinin sərhəd hasarına bitişik olduğunu nəzərə alaraq, tədqiqat obyekti olan tikilinin üzbəüz durduqda arxa tərəfdən və sol tərəfdən 1.86 metr hissəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələbinə uyğun olmadığı müəyyən edildi. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaların və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.3.4.-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. 69.2-ci maddəsinə əsasən, ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. 69.4-cü maddəsinə əsasən, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5.2-1-ci maddəsinə əsasən, ara məsafəsi bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsində müəyyən edilir. 80.1-ci maddəsinə görə, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.4-cü maddəsinə əsasən, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanları) və ya müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) və ya müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) həyata keçirir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər qonşudurlar. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 87 “a” nömrəli ev İddiaçı Hacıəli oğlunun, eyni küçədə yerləşən 87 nömrəli ev (yeni qaydalarla ev 403A) isə əvvəl Cavabdeh1 mülkiyyətində olmuş, daha sonra isə həmin evi digər Cavabdeh2 satmışdır. Hazırda Cavabdeh2 mülkiyyətində olan tikilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş texniki pasportun göstəricilərinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsin 69.5.2-1-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, cavabdehin tikilisi ilə iddiaçının evi arasındakı məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən 1.86 metr olmalı olduğu halda, bu məsafənin ölçüsü gözlənilməmiş, hazırda ev və tikili arasında olan məsafə 30 sm-dir. Bu məsafənin 30 sm olması isə iddiaçıya məxsus evə havanın gəlməsinə və günəş şüalarının düşməsinə məhdudiyyət yaradır, işıqlanma və hava cərəyanının surətini azaldır, həmçinin fövqəladə hal baş verəcəyi təqdirdə iddiaçının evinə təhlükə yaradacaqdır (yanğının qarşısı alınması, zəlzələ və sair). İddiaçı Cavabdeh1 (əvvəlki mülkiyyətçi) tərəfindən qanunvericiliyin normalarına və qaydalarına zidd tikili inşa edilərkən buna etiraz etmiş və aidiyyəti qurumlara müraciət edərək cavabdehin bu hərəkətlərinə son qoyulması tələb və xahiş etmişdir. Lakin, onun müraciətlərinin müsbət nəticəsi olmamış və hazırda iddiaçı mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, qonşu yaşayış sahələri arasında olan məsafənin 1.86 metr olmasının təmin edilməsi məqsədilə ünvan 9 ünvanda inşa edilən (yeni qaydalarla: ünvan 8 tikilinin üzbəüz durduqda sol və arxa tərəfdən 1.56 metr hissəsi Cavabdeh2 hesabına sökülməlidir. İddia qalan hissədə təmin edilməməlidir; çünki hazırda mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh2dur. Bundan əlavə, tələbin ərazinin ilkin vəziyyətə qaytarılması hissəsi ilə əlaqədar isə iddia tələbi əsassızdır. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin yalnız müəyyən hissəsi iddiaçının maraqlarına toxunur, digər hissələrin sökülməsi (ilkin vəziyyətə gətirilmə) üçün hər hansı əsas yoxdur. Məhkəmə yuxarıda qeyd olunan qənaətə gələrkən hazırda qonşu yaşayış sahələrinin ara məsafəsinin 30 sm olmasını diqqətdə saxlamış, lazım olan ara məsafəsindən, yəni 1.86 metrdən 30 sm-i çıxmışdır. Bundan əlavə, cavabdeh tərəf etirazında iddiaçının mübahisəli yaşayış sahəsinin tikilməsinə razı olduğunu bildirsə də, məhkəmə etirazın bu dəlili ilə razılaşmayaraq vurğulayır ki, bəli, iddiaçı Cavabdeh1 tərəfindən evin tikilməsinə bir qonşu kimi razılıq vermişdir, lakin bu razılıq o demək deyildir ki, inşa ediləcək tikili iddiaçının maraqlarına zidd, onun yaşayış evinə havanın gəlməsinə və günəş şüalarının düşməsinə məhdudiyyət yaratmaqla, habelə fövqəladə hal baş verəcəyi təqdirdə isə onun evinə təhlükə yaradacaq şəkildə inşa edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, Cavabdeh2 cəmi 150 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 300 manat ekspertiza xərci tutularaq “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. ünvan 9 ünvanda inşa edilən (yeni qaydalarla: ünvan 8 tikilinin üzbəüz durduqda sol və arxa tərəfdən 1.56 metr hissəsi Cavabdeh2 öz hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq İddiaçı Hacıəli oğluna ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatların dəyərini təşkil edən cəmi 150 (bir yüz əlli) manat məbləğində vəsait Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 300 (üç yüz) məbləğində vəsait Cavabdeh2 tutularaq “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun hesabına ödənilsin (VÖEN **********, H/h: AZ04AZFİ********************, "xxxx" ASC Sahil fililalı, Bankın VÖENi: **********, M/h AZ81NABZ********************, Kod: 501305, SWİFT: AZFİAZ22). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar